banner
banner

Mədənİyyət

Əli İldırımoğlunun 12 cilddən ibarət “Seçilmiş əsərlər”i işıq üzü görüb

Əli İldırımoğlunun 12 cilddən ibarət “Seçilmiş əsərlər”i işıq üzü görüb

Görkəmli nasir, publisist, Əməkdar Jurnalist, “Şöhrət” ordenli Əli İldırımoğlunun bu günlərdə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda 12 cilddə çap olunmuş “Seçilmiş əsərlər”i onun yaradıcılığının bütün dövrlərini əhatə edir.

Yenicə çapdan çıxmış “Seçilmiş əsərlər”də yazıçının roman, povest, hekayə, oçerk, felyetonları ilə yanaşı, dövri mətbuatda dərc edilmiş yazıları, əsərlərinə dair rəylər, məqalələr, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanıb.

Yazmağı həyat kredosuna çevirən Əli İldırımoğlu bu günlərdə yeni romanını da oxuculara təqdim edib. Onun “525-ci qəzet”də hissə-hissə çap olunan “Əmrahsız qalan dağlar” romanı böyük oxucu marağına səbəb olub.

Bütün yaradıcılığı boyu doğulduğu yurda sonsuz sevgisi ilə diqqəti cəlb edən Əli İldırımoğlu xalqının bütün ali keyfiyyətlərini özündə toplamış nadir qələm adamlarındandır. Onun yaradıcılığında xalqının çoxəsrlik milli adət-ənənələrini, dünyagörüşünü, həyat tərzini, məişətini, hiss və duyğularını özündə ehtiva edən zəngin və ibrətamiz ömrünün inikası öz əksini tapıb. Məhz bu cəhətdən də onun yaradıcılığına böyük dəyər verən görkəmli qələm adamları, ədəbiyyatşünas alimlər haqlı olaraq deyirlər ki, bundan sonra Azərbaycan kəndinin 100 illik tarixi keçmişini nə onun kimi görən, nə də onun qələmi qüdrətində təsvir edə bilən bir sənət nümayəndəsi olmayacaq.

İnanırıq ki, Əli İldırımoğlunun “Seçilmiş əsərlər”i ilə tanış olan hər kəs Azərbaycan təbiətinin füsunkar gözəlliyini, zəhmətkeş, saf, təmiz, vicdanlı insanlarının yurd, el-oba sevgisini bir daha hiss edəcək və yazıçının qəhrəmanlarının dili ilə Azərbaycanı daha yaxından tanıyacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər