banner
banner

Sİyasət

Ərdoğan-Tramp görüşündən çıxan əsas nəticə

Ərdoğan-Tramp görüşündən çıxan əsas nəticə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın Ağ Evdə görüşü dünyanın diqqət mərkəzində oldu. Trampın Ərdoğanı kifayət qədər isti qarşılaması, iki prezidentin hansı məsələləri müzakirə etdiyi, görüşün nəticələri isə müzakirə mövzusu olaraq qalır. Məlumatlara görə, əsasən İŞİD-lə mübarizə, “FETÖ” lideri Fətullah Gülənin təhvil verilməsi, Suriya məsələlərinin müzakirə olunduğu görüş uzun sürməyib.


22 dəqiqədən sonra jurnalistlər önünə çıxan liderlər danışıqlar barədə öz fikirlərini söyləyiblər. Ərdoğan öz çıxışında ABŞ-la Türkiyənin bir çox beynəlxalq qurumda müttəfiq olduğunu xatırladıb və indiki zamanda bu müttəfiqliyə daha ciddi ehtiyaclarının olduğunu etiraf edib. O, ABŞ-dan gözləntilərini də gizlətməyib. Altını xüsusilə cızdığı gözləntiləri isə əsasən bunlar olub: PKK-PYD, İŞİD və sair terror təşkilatlarına qarşı birgə mübarizə, kürd separatçılarının silahlandırılmaması, ABŞ-a sığınan Fətullah Gülənin təhvil verilməsi, iqtisadi əməkdaşlıq perspektivləri. Tramp isə Türkiyənin İŞİD və PKK-ya qarşı mübarizəsini dəstəklədiklərini bildirərək, digər məsələlər barədə heç bir fikir söyləməyib, iki ölkə arasındakı müttəfiqlik perspektivlərinin çərçivəsini ortaya qoyub. ABŞ prezidenti Ərdoğanın ziyarətindən məmnun olduğunu vurğulayıb, Türkiyə ilə ABŞ-ın müttəfiq olduğunu da deyib.

Image result for Politoloq Elxan Şahinoğlu


Politoloq Elxan Şahinoğlu bildirdi ki, Trampın Ərdoğanla Ağ Evdəki görüşünü tarixi görüş adlandırmamaq üçün bir neçə səbəb var: “Birincisi, liderlərin təkbətək görüşü cəmi 22 dəqiqə çəkdi. 22 dəqiqədə hansı vacib mövzunu geniş müzakirə etmək olardı? Doğrudur, daha sonra heyətlərarası görüş oldu və həmin görüş təxminən 2 saat çəkdi, ancaq həmin görüşdən də ciddi nəticələr çıxdığını düşünmürəm. Müxtəlif mövzular ətrafında qısa fikir mübadiləsi aparılıb, detalların müzakirəsi müşavirələrə tapşırılıb. ”Şeytan" isə məhz detallarda gizlənib. İkincisi, Ankara Vaşinqtonun Suriyadakı silahlı kürdlərə ağır silah verməsini istəmir. Tramp isə əksinə, Ərdoğanın səfərinə bir neçə gün qalmış kürdlərə ağır silah verməyi qərarlaşdırdı. Ağ Ev sahibi Ərdoğanı fakt qarşısında qoydu. Bu, Trampın Ərdoğana həm də mesajı idi ki, “Səninlə görüşmək istəyirəm, ancaq qərarımı dəyişməyəcəm”. Üçüncüsü, Ərdoğan Gülənin ekstradisiyasını istəyir. Tramp Ərdoğana onu ekstradisiya edəcəyini vəd etmədi. Ortaq mətbuat konfransında Ərdoğan həm PKK-ya bağlı YPG, PYD-nin, həm də Gülənin adını çəkdi. Tramp isə bu adları çəkmədən, sadəcə, terrorçulara qarşı birgə mübarizə vədi verdi. Yəni Tramp PYD və YPG-ni terrorçu təşkilatlar hesab etmir, hesab etsəydi, konkret adlarını çəkərdi. Bu səbəbləri nəzərə alaraq, Trampla Ərdoğanın ilk görüşünü uğurlu adlandırmaq çətindir. Trampın Ərdoğanın əlini sıxmasına, üzünə gülməsinə aldanmaq lazım deyil. Obama Ərdoğanın əlini daha çox sıxar və Trampdan da gülərüz ifadə şəkli sərgiləyərdi. Sonu nə oldu? Elə məhz Obamanın dövründə Suriyadakı silahlı kürdlərə dəstək qərarı verildi və Gülənin ekstradisiya edilməyəcəyi Ankaraya bildirildi. Tramp Obamanın bu siyasətini davam etdirir".

Image result for Erdoğan Trump


Politoloq hesab edir ki, buna baxmayaraq, Ərdoğan Amerika ilə bütün körpüləri yandırmayacaq: “Amerika Suriyada fəallaşmağa hazırlaşır və terrorçuların əlində olduğu Rakka şəhərinə hücuma hazırlaşır. Suriyada söz sahibi olmaq istəyən Türkiyə də bu əməliyyatdan kənarda qalmaq istəmir. Ona görə də Ərdoğan Trampla əməkdaşlıqdan qopa bilməz. Əks halda, Amerika İraq və Suriyada Türkiyəsiz hərəkət edəcək və əsas tərəfdaşı YPG və PYD olacaq. Bu isə Türkiyənin bölgədə təcridinə gətirib çıxara bilər. Digər tərəfdən, Tramp Türkiyəyə silah satmaq vədi verib. Əlbəttə, Ərdoğan və digər türkiyəli rəsmilər Vaşinqton qarşısında ”PYD və YPG ilə əməkdaşlıq etməyin və Güləni bizə təhvil verin" istəklərini hər zaman səsləndirəcəklər, ancaq reallıq bundan ibarətdir ki, Ağ Ev bu istəkləri yerinə yetirməyəcək. Belə olan halda Ərdoğan ya Amerikanın əvəzinə Rusiyanı seçməlidir, ya da Vaşinqtonu tənqid etməklə yanaşı, onunla harda mümkündürsə əməkdaşlığı davam etdirməlidir. Məncə, Ərdoğan nə qədər eksentrik siyasətçi olsa da, ikinci variantı seçəcək və Amerikadan üz döndərməyəcək. Trampla Ərdoğanın növbəti görüşü böyük ehtimalla mayın 25-də NATO-nun zirvə toplantısında baş tutacaq".


E.Şahinoğlunun sözlərinə görə, Ərdoğan indi Trampın nə zaman Türkiyəyə rəsmi səfərə gələcəyini gözləyəcək, ancaq bu səfərdən də böyük gözləntilər gözləməyə dəyməz: “Vaxtilə Barak Obama ilk müsəlman ölkələrindən Türkiyəyə səfər etdi və o zaman Ərdoğan Obamanın müsəlman olduğuna işarə edərək ”Barak Hüseyn Obama Türkiyəyə gəlir" deyirdi. Obama Ankara və İstanbulda müxtəlif görüşlərdə iştirak etdi, ancaq bu ikitərəfli münasibətlərdə keyfiyyət dəyişikliklərinə səbəb olmadı, heç nə dəyişmədi, tam əksinə, Vaşinqton Türkiyənin bölgədəki maraqlarını nəzərə almayaraq hərəkət etməyə başladı. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ərdoğanın Amerikadan məlum istəkləri olduğu halda Vaşinqtonun da Türkiyədən istəkləri ola bilər. Məsələn, Ağ Evin əgər İranla bağlı nəsə planı varsa, Türkiyəni yanında görmək istəyəcək. Ankara bu istəyi qəbul etməyəcək. Belə olan halda Vaşinqtonun silahlı kürdlərə dəstək verəcəyindən vaz keçəcəyini və ya Güləni ekstradisiya edəcəyini gözləməyə dəyməz. Ancaq hətta Ankara Vaşinqtonun bütün istəklərini yerinə yetirsəydi belə, bu, o demək deyil ki, ABŞ Türkiyənin istəklərini yerinə yetirəcək. Soyuq müharibə illərində Türkiyənin Amerikaya, Amerikanın da Türkiyənin dəstəyinə ehtiyacı var idi. Soyuq müharibə 26 il bundan əvvəl SSRİ-nin çökməsi ilə bitib. Bölgədə yeni şərtlər yaranıb, hərə özü üçün çalışır. İş o yerə çatıb ki, NATO-nun bir üzvü Türkiyə digər üzvü Amerikanın PKK-nın simasında terrorçulara dəstək verməsindən vaz keçməsinə nail ola bilmir. Belə olan halda Ankara xarici siyasətdə və təhlükəsizlik məsələlərində alternativ yollara baş vurur".

Image result for Politoloq Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Ərdoğanın Trampla görüşünün nəticəsini bir neçə istiqamətdən dəyərləndirmək olar: “Görüşdən öncə bir neçə məsələnin müzakirəyə çıxarılacağı, liderlərin əsasən YPQ və FETÖ məsələsində anlaşmağa çalışacaqları bildirilirdi.


Amma səfərdən 1 gün öncə, rəsmi şəkildə olmasa da Türkiyə prezidentinə bir neçə mesaj çatdırıldı. Bunlardan biri FETÖ terror qrupunun başçısı Fətullah Gülənin “The Washington Post” qəzetində yayımlanan “Artıq tanımadığım Türkiyə” məqaləsi və rəsmi Vaşinqtonun Türkiyədən FETÖ olayında həbs edilmiş İzmir Diriliş Kilsəsinin pastoru Endrü Brunsonun sərbəst buraxılacağı tələbini irəli sürəcəyi ilə bağlı idi. Həqiqətən də geniş tərkibdə görüşdə Brunsonla bağlı məsələ müzakirə olundu. Tramp isə öz çıxışında “ABŞ-ın Türkiyəyə PKK və İŞİD-ə qarşı mübarizədə dəstək verəcəyini” bildirdi, YPQ və PYD-nin adını çəkmədi. Görüşün bizə bəlli olan təfərrüatlarından belə anlaşılır ki, tərəflər Suriya məsələsində, xüsusilə də YPQ və PYD ilə bağlı yekun razılaşmaya nail ola bilməyiblər. FETÖ məsələsində də ciddi anlaşmanın olmadığı ortadadır. Bununla yanaşı, Suriya və FETÖ məsələsindən kənar digər istiqamətlərdə münasibətlərin inkişafı ilə bağlı razılaşmaların olduğu və hər iki prezidentin görüşdən razı qaldığı hiss olunur. Qərb mətbuatı iki liderin görüşünü “Tərəflər anlaşmamaq məsələsində anlaşdılar” kimi təqdim edib. Bu isə o deməkdir ki, Türkiyə ilə ABŞ arasında təmaslar ən müxtəlif istiqamətlərdə genişləndiriləcək. Vaşinqton və Ankaranın razılaşa bilmədikləri məsələlər isə hələlik ciddi müzakirə predmeti olmayacaq. Ankara da öz növbəsində YPQ, PYD və FETÖ məsələsi ilə bağlı israrlı mövqeyini davam etdirməyəcək".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.