banner
banner

Sİyasət

Ermənistanın Ağdam təxribatı, həmsədrlərin danışıq şousu...

| Xəbər 588 dəfə oxunub
Ermənistanın Ağdam təxribatı, həmsədrlərin danışıq şousu...

Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan arasında növbəti görüşün keçiriləcəyi barədə xəbərlər yayıldığı ərəfədə Ermənistan ordusunun Ağdamda təlimlər keçirdiyi xəbəri yayıldı.

Məlumata görə, işğalçı ordu ərazilərimizdə irimiqyaslı hərbi təlimlərə başlayıb. Şübhə yox ki, bu, İrəvanın Vyana danışıqlarına “cavabı”dır. Bundan əvvəl Ermənistan prezidenti Cəbrayıl-Füzuli bölgəsindəki hərbi təlimləri izləmək üçün şəxsən Qarabağa gəlmişdi. Düşmənin davamlı şəkildə hərbi təlimlər keçirməsi, Ermənistan prezidentinin hərbi ritorikaya üstünlük verməsi Vyana danışıqları barədə hansısa xəbər gözləyib onu şərh etməyi belə lüzumsuz edir. Məntiqlə işğalçının bu davranışlarına həmsədrlərin birmənalı münasibətindən sonra görüş keçirilə bilərdi. Məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri də Qarabağ mövzusuna həsr olunan nazirlərin görüşündə iştirak etməliydi. Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Bu arada İrəvan sülh danışıqlarına daha bir addımı ilə “qarşılıq” verib. Belə ki, Ermənistan parlamenti Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə kreditini ratifikasiya edib. Qərarın “lehinə” yekdilliklə 92 deputatın hamısı səs verib. Kredit xətti Ermənistan tərəfindən 2018-2022-ci illərdə istifadə edilməlidir. Həmin pullarla Ermənistan Müdafiə Nazirliyi Rusiyadan aldığı silah-sursatın məbləğinin 90%-ə qədərini ödəyə bilər. Saziş layihəsinə əsasən, kredit 15 il ərzində (2023-2037-ci illər) illik 3% dərəcəsi ilə qaytarılmalıdır. İşğalçının bu addımı da danışıqların mənasızlığına işarədir.

“2017-ci il başa çatır və çox güman ki, yaxın bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir fundamental dəyişiklik baş verməyəcək. Bunun üçün elə də ciddi əsas yoxdur”. Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövcud situasiyanı şərh edərkən bunları bildirdi.

Related image

Ekspert ümidsizliyini aşağıdakı arqumentlərlə əsaslandırdı: “Münaqişənin əsas səbəbkarı və mövcud status-kvonun qarantı olan Rusiyanın mövqelərində heç bir dəyişiklik baş verməyib. Ermənistan Avropa İttifaqı ilə saziş imzaladıqdan sonra Rusiya KİV-lərində baş qaldıran saxta isterikaya da gündəmi dəyişmək üçün istifadə olunan texnologiyalardan biri kimi yanaşmaq lazımdır. Rusiyanın münaqişənin ədalətli həlli üçün Azərbaycana təqdim edəcəyi heç nə yoxdur. Birdəfəlik qəbul etmək lazımdır ki, Moskva ədalətli sülhə nail olmaq üçün addım atmayacaq və yalnız öz maraqlarından çıxış edəcək. Bu maraqlar Rusiyanın daxili və xarici siyasətində fundamental dəyişikliklər baş vermədən müstəqil Azərbaycan dövlətinin prioritetləri ilə üst-üstə düşməyəcək. Bu gün təkcə münaqişələrin deyil, postsovet məkanında mövcud olan bütün ictimai-siyasi, sosial-iqtisadi və hətta mədəni problemlərin əsas səbəbkarlarından biri Rusiyadır. Dövlət idarəçiliyinin Rusiya modeli postsovet respublikalarına neqativ təsir göstərən ən böyük problemlərdən biridir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ilk növbədə Rusiya dəyişməlidir, hədəfləri, prioritetləri daha sivil, daha modern olmalıdır”.

Qeyd edək ki, 2018-ci ildə həm Azərbaycan və Ermənistanda, həm də Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada prezident seçkiləri keçiriləcək. Seçki ilində isə münaqişənin həlli istiqamətində ciddi addımların atılması real görünmür. Xüsusilə də aprel ayında prezidentlik səlahiyyətləri tamamlanacaq Serj Sərkisyan baş nazir kreslosuna sahiblənmək üçün Qarabağ kartından istifadə edəcək ki, burada da konstruktiv mövqenin sərgilənəcəyini gözləmək mümkün deyil. Düzdür, Sərkisyan ötən ay “Ermənistanı ağrılı qərarlar gözləyir” demişdi. Lakin onun sonrakı davranışları, Qarabağdakı hərbi təlimlərə rəhbərlik etməsi bunu deməyə əsas verir ki, Qarabağdakı cinayətlərin nəticəsində hakimiyyəti qəsb etmiş bu şəxs heç vaxt normal davranış nümayiş etdirməyəcək.

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov son açıqlamalarından birində seçkilərin Qarabağ danışıqlarına təsirini mümkün saymadığını bildirib. E.Mirzəbəyli də  2018-ci ildə keçiriləcək seçkilərin isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə bu və ya digər şəkildə təsir göstərəcəyini düşünmür: “2018-ci ilin Ermənistanda seçki ili kimi dəyərləndirilməsinin də əleyhinəyəm. 2018-ci ildə Sərkisyanın səlahiyyət müddəti başa çatacaq. Parlament yeni konstitusiyaya uyğun olaraq baş naziri və prezidenti seçəcək. Yəni Ermənistanda 2018-ci ildə keçiriləcək seçkilərin taleyi 2017-ci il aprelin 2-də baş tutan parlament seçkilərində həll olunub. Azərbaycanda və Rusiyada isə seçkilərin sakit və ciddi kataklizmlər olmadan keçiriləcəyini düşünürəm. Daha öncə də qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində bizim üçün önəmli olan Rusiyada dəyişikliklərin baş verməsidir. Həm də söhbət təkcə hakimiyyət dəyişikliyindən getmir. Son 17 il ərzində Rusiya cəmiyyətinə aşılanmış aşırı aqressiv neoimperialist təfəkkür sağlam, konstruktiv, yaradıcı dünyagörüşü ilə əvəz olunmalıdır. Bu isə çox güman ki, yaxın dövrdə baş verməyəcək”.

Erməni mediası isə yenə də hay-küyü ilə diqqət çəkir. Bu dəfə də iddialar var ki, Rusiya Qarabağın böyük hissəsini Azərbaycanın nəzarətinə qaytaracaq. İstiPress-in məlumatına görə, bu barədə tanınmış erməni analitik, Qarabağda separatçı hərəkatın ilk liderlərindən biri olmuş İqor Muradyan öz məqaləsində Rusiyanın münaqişə həlli üzrə son qərarı barədə  bildirib. “Bununla yanaşı, bu plan heç də Qarabağın Ermənistanın siyasi nəzarətinə verilməsini nəzərdə tutmur”, - deyə İqor Muradyan vurğulayıb.

O, tezliklə Dağlıq Qarabağ üzrə status-kvonun saxlanmasına xidmət edən Minsk Qrupunun da tarixə qovuşacağını bildirib: “İş o yerə çatıb ki, Minsk Qrupunun ləğvi və regional ”sxodka" ilə əvəzlənməsi barədə təkliflər irəli sürülür. Yəni ABŞ-ın oyundan çıxarılması ilə bağlı Moskvanın növbəti sifarişi yerinə yetirilir",- deyə İqor Muradyan Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenkounun Rusiyanın 1-ci kanalında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dediyi sözlərə işarə vurub. Şevçenko Qarabağın Azərbaycan torpağı olduğunu və onun taleyinin İran, Türkiyə və Rusiya arasında gedən danışıqlar nəticəsində həll edilə biləcəyini demişdi. Muradyanın fikrincə, Şevçenko belə fikirləri ictimaiyyətə çatdırmaqla Rusiya rəhbərliyinin, konkret olaraq Putinin sifarişini yerinə yetirir.

Minsk toplantısında bəyanat verən KTMT Şurası münaqişənin həllində Madrid prinsiplərini dəstəklədiyini vurğulamışdı. Arman Melikyan bunu Ermənistanın Qarabağ üzərində nəzarəti itirməsi kimi dəyərləndirib. Onun fikrincə, bu, bir daha göstərir ki, “münaqişənin yeganə həqiqi həlli 8 min kvadratkilometrin Azərbaycana qaytarılmasıdır”. Melikayan 8 min kvadrat kilometr dedikdə Dağlıq Qarabağ ətrafındakı torpaqlardan bəhs edir. Ümumiyyətlə, Ermənistan 12 min kvadrat kilometr Azərbaycan ərazisini işğal edib ki, bunun təxminən 4 min kilometri keçmiş Dağlıq Qarabağ ərazisidir. Onun fikrincə, rəsmi Bakı bunun əvəzində ermənilərə yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində özünü idarə etmə hüququ verəcək: “Bu da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni istisna olaraq muxtariyyət statusunda olacaq”.

Yəni Melikyan demək istəyib ki, hər şey Azərbaycanın istədiyi kimi başa çatacaq. Ancaq S.Sərkisyanın davranışları bütün bunların əksini deyir. Ermənistan hətta o dərəcədə həyasızlıq nümayiş etdirir ki, Dağlıq Qarabağla İran arasında “sərhədlərin” açılması məsələsini dövriyyəyə buraxıb. Bu isə şübhəsiz ki, cəzasızlıq mühitindən irəli gəlir.

Ermənistan ordusu Ağdamda hərbi təlim keçirən saatlarda yayılan digər bir xəbər isə acı gülüş doğurur. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Təsəvvür edin, monitorinq keçirən ATƏT missiyası heç nə olmamış kimi davranıb işğalçı ölkənin özgə torpağında hərbi təlim keçirməsi fonunda.

Azərbaycan həm beynəlxalq aləmin ikibaşlı oyunlarından, həm də düşmənin riyakarlığından kifayət qədər məlumatlı olduğu üçün danışıqlara sədaqətini nümayiş etdirməklə yanaşı, hərbi hazırlığını da davam etdirir. Bu istiqamətdə qardaş Türkiyə ilə hərbi əməkdaşlıq istiqamətində yeni imkanlar da araşdırılır. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 6-da Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, korpus generalı Yavuz Türkgenci ilə görüşüb. MN-dən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

İşğalçının öz havadarlarına arxayın olaraq Azərbaycana və beynəlxalq aləmə meydan oxumasının bir gün tutarlı cavabı olacaq heç şübhəsiz. 2018-ci ildə hakimiyyətinin möhkəmlənməsinə nail olmaq istəyən Sərkisyan Qarabağ məsələsini 2019-a saxlamaq niyyətindədir. Bu mənada status-kvonun qalmasında maraqlıdır. Görünən budur ki, düşmən aprel hadisələrindən dərs almayıb.