banner
banner

Sİyasət

Aİ-yə inteqrasiya - müqəddəratımız onlardan asılı olur?

| Xəbər 480 dəfə oxunub
Aİ-yə inteqrasiya - müqəddəratımız onlardan asılı olur?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bəyan edib ki, Azərbaycan Avropa İttifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır.

O, fikrini belə əsaslandırıb ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: “Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqı ilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.

Azərbaycan prezidentinin noyabrın 24-də Brüsseldə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı Zirvə toplantısında iştirakı və orada çıxışı zamanı səsləndirdiyi bəyanatlar ölkəmizin Avropa İttifaqına inteqrasiyanın, yaxınlaşmanın tərəfdarı olduğu barədə rəyi bir qədər möhkəmlətmişdi.

Image result for Səməd seyidov

Səməd Seyidovun Brüssel sammitindən cəmi 10 gün sonra belə bir bəyanatla çıxış etməsinin hansı zərurətdən ortaya çıxdığı bu baxımdan maraq doğurur.

Beynəlxalq məsələlər üzrə siyasi ekspert Elşən Mustafayev “Yeni Müsavat”a şərhində bildirdi ki, bu açıqlama Avropa İttifaqı ilə bağlı Azərbaycanın qəbul etdiyi bir sıra sənədlərdə əks olunan məqamlara, verilən bəyanatlara uyğun deyil. Ziddiyyət təşkil edir. Səməd Seyidovun işlətdiyi ifadələr “növbətçi” bir ifadələrdir: “Yəni deməyə bir söz tapmayanda nəsə demək kimi. Xeyli müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin layihəsinin hazırlanması üzərində iş gedir. Bu iş maddə-maddə, cümlə-cümlə müzakirə olunur. Bu işi Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev aparır. Mahmud Məmmədquliyev dəfələrlə açıqlamalarında bəyan edib ki, Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq, inteqrasiya tərəfdarıdır. Nazir müavininə bu iş ölkə rəhbərliyi tərəfindən həvalə edilib. Deməli, onun verdiyi açıqlamalara da ciddi yanaşılmalıdır. Səməd Seyidova isə belə bir sual ünvanlanmalıdır ki, sabah Avropa İttifaqı ilə Azərbaycan saziş imzalayanda məgər bu, ölkənin müqəddəratının Avropa İttifaqına həvalə olunması deməkdirmi? Əsla yox. Birincisi, söhbət Azərbaycanın Avropa İttifaqı üzvlüyünə qəbuldan getmir ki, desinlər iqtisadi və digər sahələrdə öhdəliklər olacaq və bir çox sahələr Avropa İttifaqına həvalə olunacaq. İkincisi, biz istəsək belə, Avropa İttifaqı üzvlüyünə qəbulumuz bəlli səbəblərə görə mümkün deyil. Səməd Seyidov bilməlidir ki, Avropa İttifaqı ilə saziş imzalanmasının özü elə strateji əməkdaşlığın genişləndirilməsi deməkdir və bundan o yana deyil”.

Image result for Elşən Mustafayev

Ekspert hesab edir ki, Səməd Seyidovun bu açıqlamalarının bir neçə səbəbi var: “Birinci səbəb  bir müddət öncə Ermənistanın Avropa İttifaqı ilə imzaladığı sazişdir. Ermənistan Rusiyanın dostudur, onun hərbi və iqtisadi sahədə yaratdığı bütün ittifaqlarda tamhüquqlu üzvdür. Buna baxmayaraq, Avropa İttifaqı ilə saziş imzalayır. Bu, o deməkdir ki, Avropa İttifaqına inteqrasiya və saziş imzalanması ölkənin müqəddəratını əldən vermək deyil. ”Rusiyanın forpostu olan Ermənistan Avropa İttifaqı ilə saziş bağlayır biz  niyə yox?" suallarına cavab verə bilmədiyinə görə Seyidov belə açıqlamalar verməyə məcburdur. Digər səbəb isə hesab edirəm ki, son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi ilə bağlı yaranan problemdir. Bilirsiniz ki, bu mövzu hakimiyyət üçün çox həssasdır. Amma bu məsələlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına inteqrasiyaya mane olmamalıdır. Rusiyanın forpostu olan Ermənistanın Avropa İttifaqı istiqamətində atdıqları addımlardan sonra isə xüsusilə bu sahədə işlər gücləndirilməlidir".