banner
banner

Gündəm

Bakıdakı “Grand Hospital”da gənc qızın ölümü - Deputatlar həkim səhlənkarlığından DANIŞDILAR

| Xəbər 519 dəfə oxunub
Bakıdakı “Grand Hospital”da gənc qızın ölümü

Səhiyyə işçiləri də istehkamçılar kimi səhvə yol verməməlidirlər. Təəssüf ki, son illər Azərbaycanda yol verilən tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına ciddi zərər yetirilməsi halları artıb. Məsuliyyətsiz həkimlərin səhvi nəticəsində əmək qabiliyyətini itirən, yaxud dünyasını dəyişən xəstələr çoxalıb. 
Belə hadisələrdən biri iki gün öncə baş verib. Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib. Mərhumun valideynləri əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun qaçıb gizləndiyini və xəstəxanadan heç kimin bir söz demədiyini bildirirlər.

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr  müavini Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, "Grand Hospital”da dünyasını dəyişən şəxsin ölüm səbəbini aydınlaşdırmaq lazımdır.

“Bəlkə də həkim səhlənkarlığı olmayıb, əməliyyatın xarakteri ağır olub. Bunu biz bilmirik. Amma hər bir halda istənilən ölüm halı, ağırlaşmaların səbəbləri aydınlaşdırılmalıdır. Səhiyyə Naziliyi yəqin bu məsələni diqqət mərkəzində saxlayıb, araşdıracaq. Vətəndaşların da belə hadisələrlə bağlı  hüquq-mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə şikayət etmək hüququ var. Biz hər şeyə görə həkimi qınaya bilmərik. Bu bir peşədir, sənətdir. Hər sənətdə, peşədə uğursuzluqlar, çətinliklər da ola bilir.  Həkim bilmir ki, əməliyyata girəndən sonra nəticə olacaq. Bütün dünyada da belədir ki, əməliyyatlara girən zaman xəstənin sahibindən razılıq kağızı alırlar ki, ölüm halı və yaxud ağırlaşma olsa, şikayət etməsinlər.  Bunu ona görə edirlər ki, sonra nələrin olacağını heç kim bilmir. Bu mənada həkimlərin “səhlənkardırlar, savadsızdırlar, xəstəyə düzgün münasibət bəsləmirlər” kimi tənqid olunmasının tərəftarı deyiləm.  Amma sitənilən halda hər bir ağırlaşma, ölüm halı çox ciddi müzakirə edilməlidir, nəticələr çıxarılmalıdır. 
İndi mən dəqiq bilmirəm ki, həmin gənc qız hansı səbəbə görə dünyasını dəyişib. Hətta sünnətdən də dünyasını dəyişən uşaqlar olub. Bunu demək olmaz ki, burada həkimin nə qədər günahı var. Hesab edirəm ki, həmin ölümi hadisəsini araşdırmaq lazımdır. “Həkimin səhlənkarlığı olub, cəzası budur” sözlərini ancaq araşdırmadan sonra demək olar”.

 

Səhiyyə komitəsinin  üzvü İlham Məmmədov  bildirib ki, həkim səhlənkarlığının bir neçə kateqoriyası var.

“Həkim səhlənkarlığı xəstəyə yanaşmada, xəstənin müalicəsinin gecikdirilməsində və s.-də ola bilər. Bu gün Azərbaycan səhiyyəsi çox inkişaf edib. Amma bununla yanaşı, səhlənkar həkimlərimiz də var. Səhlənkar həkimlərin cəzalandırılmasını Səhiyyə Nazirliyi həyata keçirir. Onların bununla bağlı cəza tədbirləri var”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Cinayət Məcəlləsində həkim səhlənkarlığı, qəsdən və ehtiyatsızlıqdan ölüm hallarının baş verməsinə, şəxsə ziyan dəyməsinə  görə məsuliyyət nəzərdə tutulub.

“Eyni zamanda, qanunvericilikdə peşə fəaliyyətini yerinə yetirə bilməyən şəxslərin intizam və cəzalandırılma qaydaları da var. Amma görünür ki,  bu cəza tədbirləri kifayət etmir. Dünyanın ən çox inkişaf etmiş səhiyyəsi Almaniya, Amerika, İsrail və Yaponiyadadır.  Burada pasiyent üzərində məsuliyyəti həkimlə yanaşı, səhiyyə müəssisi də daşıyır. Ölüm faktının olması tibb müəssisəsinin gözdən düşməsinə səbəb olur. Həmin müəssisələr də adlarına ləkə gəlməməsi üçün kifayət qədər professional həkimlər, işçilər  cəlb edirlər. Çalışırlar ki, səhvlər buraxmasınlar. Mən düşünürəm ki, Azərbaycanda da belə məsələləri ortaya qoymaq lazımdır. Çünki tibb müəssisələrinin xəstənin üzərində məsuliyyət daşıması Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə müəssisənin və onun  rəhbərinin məsuliyyəti qeyd edilməlidir. Çünki bu olduğu halda, tibb müəssisələri daha yaxşı kadrlar cəlb edəcəklər, adlarını qorumaqdan ötrü daha keyfiyyətli xidmət göstərəcəklər. Bu da vətəndaşlarımızın xeyrinə olacaq. Çünki onların sağlamlığına daha peşəkarcasına yanaşılacaq. Doğurudur ki, Azərbaycanda həkimlərin attestasiyası aparılır. Amma görünür ki, bu, kifayət etmir”.

Deputat təəssüflə qeyd edib ki, səhiyyədə  sovetdənqalma ənənələr davam etdirilir.


“Guya Lenin demişdi ki, xalq həkimi özü saxlayacaq. Ona görə də həkimin əmək haqqını artırmaq lazım deyil və s. İndi isə elə etmək lazımdır ki, həkimlər kifayət qədər maaş alsınlar və daha məsuliyyətli olsunlar.  Son dövrlərdə tibb müəssisələri kifayət qədər avadanlıqla təmin olunub.  Amma elə həkimlər var ki, bu avadanlıqları işlədə bilmirlər”.

T.Kərimli deyib ki, özəl tibb müəssisələrilə bağlı təklif də səsləndirib:

“Bu müəssisələri birbaşa Səhiyyə Nazirliyinin tərkibinə qatmaq lazım deyil. Amma Səhiyyə Nazirliyi daimi olaraq həmin müəssisələrdə monitorinq aparmalıdır. Onlar bir-birilə qarşılıqlı cavabdehlik daşımalıdır. Özəl tibb  müəssisələrinə tam müstəqillik də vermək olmaz. Avtonom xidmət göstərməklə Səhiyyə Nazirliyi ilə qarşılıqlı cavabdehlik daşımalıdır”.