banner
banner

Sosİal

Valideynlərin sosial şəbəkə aludəçiliyi övladlarına mənfi təsir edir

| Xəbər 429 dəfə oxunub
Valideynlərin sosial şəbəkə aludəçiliyi övladlarına mənfi təsir edir

İnternet artıq gündəlik həyat tərzimizə çevrilib desək, yanılmarıq. Hər təbəqədən olan insanlar, o cümlədən yeniyetmə, gənc yaşlı, qoca artıq bu gün mütləq şəkildə internetdən, virtual məkandan istifadə edir. Getdikcə insanlarda internet asılılığı yaranmağa başlayıb. Gecədən səhərədək kompüterin arxasında vaxt keçirən və yaxud telefondan asılıb qalan insanların sayı kifayət qədər çoxdur. Beləliklə, dünyada asılılıqlar arasında internetdən asılılıq dördüncü yerdədir. Son illərdə bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən İngiltərə, Almaniyada insanların internetdən asılılığı kütləvi şəkil aldığı üçün reabilitasiya mərkəzləri açılıb.

Araşdırmalar onu göstərir ki, internetdən asılı olan qadınların da sayı sürətlə artmaqdadır. Doğrudur, bir çox hallarda qadınlar daha çox məişət problemləri ilə bağlı hüquqi, həkim məsləhətlərini, mətbəxlə bağlı informasiyaları izləmək üçün sosial şəbəkələrdən istifadə etsə də, böyük bir qismi yaxınları ilə şəxsi problemlərini, bölüşmək, dedi-qoduları müzakirə etmək üçün internetdən asılı vəziyyətə düşürlər. “ComScore”nin sosial şəbəkələrdən istifadə ilə bağlı son hesablamalarına görə Latın Amerikasında qadınlar gündə 9 saata yaxın vaxt keçirir. Ümumiyyətlə, dünya miqyasında qadınlar gündə 7 saata yaxın, kişilər isə 5 saat sosial şəbəkələrdən istifadə edir. Bu isə insanlar arasında ünsiyyətin məhdudiyyətinə, valideynlərin öz övladlarına çox az vaxt sərf etməsinə gətirib çıxarır.

Maraqlıdır, valideynlərin sosial şəbəkədə çox vaxt keçirməsi övladlarına necə təsir edir?

Məsələ ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a danışıb:

Image result for Məsələ ilə bağlı tanınmış psixoloq Elnur Rüstəmov

“Ümumiyyətlə, uşağın problemi əvvəlcə valideynin problemidir. Bu gün kifayət qədər internetdən asılı olan valideynlər var ki, onlar evdə olduqları vaxt uşaqlarla vaxt keçirmək istəmirlər. Nəticədə bir müddət keçdikdən sonra uşaqlarda davranış, ünsiyyət problemi, fobiyaların yaranmasına səbəb olur. Ona görə də hansısa bir uşağın problemindən danışarkən birinci növbədə ailəyə diqqət etmək lazımdır. Bu zaman bəlli olur ki, valideynin problemi heç də uşağın problemindən az deyil. Bu problemlər təkcə ailədən deyil, həm də sosial şəbəkələrdə çox vaxt keçirməkdən qaynaqlanır. Hətta uşağın əlinə mobil telefon verirlər ki, sakit dayansın və sairə. Uşaq internetdən istifadə edirsə, yenə də valideyn buna ciddi nəzarət etməlidir. Bunun üçün bəlli bir zaman, limit ayrılmalıdır”.

Araşdırmalara görə, dünyada daha çox yəhudi xalqı öz övladlarına zaman ayırır. Bu xalqın nümayəndələri övladlarına qarşı xüsusi həssaslıqla yanaşır, onların tərbiyəsi ilə hələ erkən yaşlarda məşğul olmağa başlayır. Xüsusən də yəhudi analar övladları ilə çox zaman keçirir.