banner
banner

Gündəm

Alpinistlərin axtarışından nəticə yoxdur - 17 gün keçdi...

| Xəbər 6853 dəfə oxunub
Alpinistlərin axtarışından nəticə yoxdur

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq  yarım aydır ki, nəticə vermir. Gənc alpinistlərin sağ qalma ehtimalları sıfıra enib. Ancaq heç bir izə rast gəlinmədiyi üçün hələ ki bu barədə konkret fikir söylənilmir.

Axtarış qrupunda iştirak edən peşəkar alpinistlərlə söhbətimiz zamanı onlar bildiriblər ki, itkin düşən gənclərin qar uçqunu altında qalmaları mümkündür. Çünki həmin günü Tufandağda hava şəraiti sərt və küləkli olub. Alpinistlərin çadırlarının dayaqlarının sərt küləyə dayanıqlı olmadığını nəzərə aldıqda, onların çadırın altında və ya  qar uçqununda qalma ehtimalları böyükdür.  Mütəxəssislər bildirirlər ki, alpinistlərin buz çatlarına düşməsi faktoru real görünmür. Çünki Azərbaycan dağlarında elə böyük buz çatları yoxdur.

Hazırda Azərbaycanda hava şəraiti kəskinləşib. Buna görə də alpinistlərin axtarışları da çətinləşib. Bu barədə məlumat yayan “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı bildirib ki, yanvarın 10-da alpinistlərin axtarışı hava şəraitinin pis olması səbəbindən zəif aparılıb. Lakin axtarış prosesləri tamamilə dayandırılmayıb. Məlumat üçün onu da qeyd edək ki, yanvarın 10-da Quba-Xınalıq ərazisinə 10 santimetr qar yağıb.

İtkin düşən alpinistlərin dostları axtarış prosesləri ilə bağlı yenidən müvafiq qurumlara müraciət ünvanlayıblar. “Yeni Müsavat”a göndərilən müraciətdə alpinistlərin dostları öz təkliflərini də irəli sürüblər. Bildirilir ki, itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı “Apple” şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatlar müəyyənləşdirilsin. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən “Ground Penetrating System” əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər: “Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın ”Sensors&Software" şirkətinin istehsalı olan  SnowScan Rescue Radar,  İsrailin “Camero-Tech” şirkətinin istehsalı olan və “Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq,  70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY,  NASA-nın  istifadə etdiyi  ‘FINDER’ (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termohəssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunsun. Bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış  TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT  (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazırdırlar. Lakin hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirirlər. Dövlət qurumlarından xahiş edirik ki, TDF və AKUT xilasediciləri də axtarış-xilasetmə prosesinə cəlb olunsun".

“Vertical group” dağ və sənaye alpinizm şirkətinin rəhbəri Emil Vəliyev ile ilgili görsel sonucu

Türkiyə ilə bərabər Rusiyada da bu sahə üzrə xeyli peşəkarlar var. Rusiyanın relyefi baxımından da orada olan mütəxəssislərin axtarışlara cəlb olunması uğurla nəticələnə bilərdi. Bəs nə üçün axtarışlara rusiyalı mütəxəssislər cəlb olunmur?

“Yeni Müsavat”a danışan  “Vertical group” dağ və sənaye alpinizm şirkətinin rəhbəri Emil Vəliyev bildirib ki, onlar könüllü olaraq axtarışlara qatılmağa hər zaman hazırdırlar: “Biz köhnə Alpinizm Federasiyasının  idmançılar olaraq ilk gündə gedib kömək etmişiksə, yenə də  kömək edə bilərik. Xaricdən yalnız cihaz gətirə bilərlər. Bu, çox gözəl fikirdir. Bir-iki nəfər gəlib cihazla yeri təyin etdikdən sonra da qazıntıları hər kəs apara bilər. Qarın altını göstərən cihazlar mövcuddur. Bizim alpinistlərin geyimlərində dəmir, alüminium maddələr var ki, onları da cihaz təyin edə bilər. Axtarışlar hazırda da aparılır və məndə olan məlumata görə, indi də əraziyə giriş var. Ümumiyyətlə, ora elə bir yerdir ki, xırda bir səhv onlarla adamımızı məhv edə bilər. Birdən-birə 30-40 nəfəri əraziyə salıb işlətmək çox təhlükəlidir. Bunu orada iş aparan qurumlar da yaxşı bilirlər. Qarı da partladıb aşağı salsalar, bu dəfə də yerdə olan qarın hündürlüyü artacaq. Nəticədə bütün işlər gecikəcək. Sadəcə olaraq, gözləyirlər ki, qar bərkisin və uçqun təhlükəsi azalsın. Rusiyadan və digər yerlərdən kimsə gələcəksə, o da elə eyni işi görəcək. Yəni hər bir alpinist onsuz da eyni işi aparır. Ancaq cihazın gətirilməsi başqa effekt verə bilər. Bu, çox yaxşı olar. Telefona gəlincə isə hər birimiz dağa gedən zaman telefon götürürük. Ancaq orada şəbəkə vasitəsilə onların hara getdiyini təyin etmək mümkün deyil. Çünki orada cəmi bir ötürücü var. Şəbəkəni tapmaq üçün üç ötürücü qurğu olmalıdır ki, ortaq nöqtə tapılsın. Tək olanda isə bu, 1 kilometrlik ərazini göstərir. Təklifim odur ki, elan edib, peşəkar alpinistləri işə cəlb edə bilərlər. Alpinistlərin yüksəklikdə işləməsi problem yaratmır. Onlar daha aktiv işlər apara bilərlər. Fövqəladə Hallar Nazirliyi də əlindən gələni edir. Elan verilsə, yenə də könüllü alpinistlər ortaya çıxacaq. Söhbət peşəkar alpinistdən gedir. Peşəkar dedikdə ən azı təchizatı olan və 4-5 minlik dağlarda olan, qış dağçılığını bilən alpinistlər nəzərdə tutulur. Bizdə dağçıların böyük əksəriyyəti qış dağçılığını bilmir. İnsanlar oranı ciddi qəbul etməsələr də əslində ora çox qorxulu dərədir. Fövqəladə Hallar Nazirliyinə, sadəcə olaraq, hava şəraiti mane olur. Yoxsa axtarışlar çoxdan nəticə vermişdi”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi