banner
banner

Sosİal

Təmizkar olmağın zərəri faydasından çox imiş?

Təmizkar olmağın zərəri faydasından çox imiş?

Məlum, dünən bazar günü idi. Hər kəs evində köklü təmizlik işləri aparırdı. Xüsusən də qadınlar üçün bazar günü öz gigiyena yükünə görə həddən artıq ağır sayılır. Günorta saatlarına qədər davam edən yır-yığış, tozsoranlı, döşəmə əskisinin müşayiəti ilə davam edən təmizlik. Təbii ki, təmizliyin, gigiyenanın əvəzini heç nə verə bilməz. Amma bu məsələdə normalardan çıxmamaq lazımdır. Yəni həddən artıq təmizlik də müəyyən mənada xəstəlik yarada bilər... Bu haqda bir qədər sonra.

Hələliksə... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fikrinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır. Eramizdan 600-500 il əvvəl qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi. Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.

Bizim eramızdan çox-çox əvvəl Romada müasir unitazlara oxşayan “qurğular” olub. 2000 il bundan əvvəl qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan “tualet kağızı” istifadə olunurdu.

Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə “hörmətdən” düşdü. Qərbi Avropa  şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii tələbatlar üçün şəhər sakinləri adətən “gecə vazlardan” (sadə dildə desək, “güvəclərdən”) istifadə edirdilər ki, sonra da onların içindəki, sadəcə, çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli “çaylar” axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı. Həmin dönəmdə zibil şəhərlərdən çıxarılmırdı. Bu isə pişik və siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.

İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayət qədər gec-gec çimirdilər. O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini “zəiflədir”. Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, “su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər”. Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda... paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi - çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.

Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) “məşhur” olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən, qara çiçək xəstəliyindən 25 milyon (!) insan ölmüşdü.

Təmizlik xəstələri və onlardan qorunmağın üsulları

Amma bununla yanaşı, təmizliyə həddən artıq önəm verənlər var ki, bunun dozasının aşılması da xəstəlik yaradır. Düzdür, hər təmizliyə meyilli insana xəstə kimi yanaşmaq düzgün deyil. Ancaq təmizlik xəstəliyinə tutulmuş insanlar o insanlardır ki, onlar hər bir əşyaya çirkliymiş kimi baxır, əlini uzatmağa qorxur və ciddi təlaş içində olur. Belələrinin içində daim əşyaları yumaq arzusu olur. İnsanlar arasında təmizlik xəstəliyi kimi tanınan bu hal tibdə obsessiv-kompulsiv pozğunluq kimi tanınır. Bu haldan əziyyət çəkən insanlar həm özlərini, həm də ətrafındakıları bezdirmiş olur. Onlar üçün gündəlik yaşam heç asan olmur. Qapı dirəklərindən tuta bilməmək, avtobusa minərkən salfetlə tutacaqdan tutmaq, qəpik və kağız pullara qarşı daha diqqətli olmaq insanı yormaqla yanaşı, ətrafdakılar tərəfindən də xoş qarşılanmır. 

Hətta təmizliyi həddindən artıq ciddi qəbul edən insanlar var ki, onların daha dözülməz həyatı olur. Kağız pullardan istifadə edə bilməyən, dəmir qəpikləri evə gətirib yuyan, spirtləyən insanlar bu kateqoriyaya aiddir. Bu insanlar paltaryuyan və qabyuyan maşınlara əsla güvənmirlər. Onların heç nəyi təmiz yumadıqlarına inanırlar. Oturduqları oturacaqları belə nəm salfetlə silib oturan, tək istifadəlik əşyaların təmizliyinə belə güvənməyən təmizlik xəstələri var. Bu cür təmizliyə meyllilik özü ilə ciddi psixi pozuntuları da gətirir.

Hər 100 adamdan 4-ü... - ilginc statistika

Dünyada hər 100 insandan 4-ü təmizlik xəstəliyindən əziyyət çəkir. Yaranma mərhələlərində hər şeydən şübhələnmək, təmizliyə əmin olmamaq, çirkli qab, yaxud əşyalardan istifadənin yaratdığı fəsadların şahidi olmaq və s. durur. İnsan öz davranışlarının fərqində olur. O başa düşür ki, etdikləri çevrə tərəfindən birmənalı qarşılanmır. Lakin hərəkətlərinə və qorxusuna qalib gələ bilmir. Təbii ki, bu mərhələyə gələnə kimi bir sıra hərəkətlər artıq insanın təmizlik xəstəliyinə doğru getməsini göstərir. Lakin əksər insanlar buna fikir vermirlər.

Amma xəstəlik varsa, ondan çıxış yolları da var. Düzdür, insanın bu hala gəlməsində bioloji, psixoloji, ətraf mühit faktorları önəmli rol oynayır. Ailəsi çox təmizkar olan ailələrin uşaqları da bu narahatlıqdan əziyyət çəkir. Uşaq vaxtından təmiz saxlanılan, oynadığı zaman üst-başının çirklənməsi zamanı dərhal təmizlənməsi və buna görə təlaş keçirilməsi uşağın gələcəkdə bu xəstəliyə tutulma riskini artırır. Təəssüf ki, belə olduqda ətrafdakı insanlar onlara kömək etmək yerinə uzaqlaşmağı məsləhət bilirlər. Zamanla çevrəsindəki azalmanı görən insan özünə qapanır, daha çox təmizliyə meyl edir, bir müddət sonra depresiyaya düşür. Həkimlər bunu psixoloji pozğunluq kimi qəbul etdikləri üçün ondan çıxış yolunu da psixoloji müalicədə görürlər.

Təmizliyə hədsiz önəm verənlər....Alzheimer xəstəsi  ola bilərlər

Gigiyena  problemlərini həll etmiş, infeksiya riski aşağı olan, başqa sözlə, inkişaf etmiş ölkələrdə Alzheimer (ağlı itirmə - red.) xəstələrinin sayı daha yüksəkdir. Nəticələrə görə, təmiz içməli su qaynağı olan ölkələrdəki alzheimerli insanların sayı, digər ölkələrə nisbətən yüzdə 9 faiz çoxdur. İnfeksiya və yoluxucu xəstəliklərin daha az rast gəlindiyi ölkələrdə isə bu nisbət yüzdə 12 faizdir. Araşdırma qrupunun başçısı dr. Molly Foxun şərhi belədir: “Bir xalqın təmizlik və gigiyenası ilə Azlheimerlə olan əlaqəsini təyin etdik. Nümunə vermək lazım olsa, ingilislərin xəstəliyə tutulma riski, Keniya, Kamboca kimi təmiz içməli su, kanalizasiya infrastrukturunda problem yaşayan, epidemiya xəstəliklərinin çox olduğu ölkələrdə daha yüksəkdir. Müasir, mikroblardan mümkün olduğu qədər təmizlənmiş şəhər həyatının məşhur olduğu ölkələrdə risk yüksəkdir”.

O, həddən artıq təmiz, bakteriyadan təmizlənmiş mühitdə yaşamağın immunitet sisteminin tarazlığını pozduğunu keçmişdə, allergiya, astma və ekzema ilə əlaqəsinin də müəyyən olunduğunu xatırladıb. 65 yaşını keçən hər 3 ingilisin 1-nin ağlını itirmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu vurğulayıb. Alzheimer birliyi isə araşdırmanın nəticələrini “maraqlı” kimi xarakterizə edərkən “xəstəliyin yalnız gigiyenik mühitlə əlaqədar olduğunu düşünmək səhv olar” bildirib.

Evdə ən çirkli yer əsasən ayaqyolunun içi və unitazın qapaqları sayılır. Lazım olan gigiyena isə xlorla, camaşır suyu ilə təmin edilməyə çalışır. Amma  əslində ev içində, ayaqyolu qapağından daha çox yerdə çirk olduğu və bu yerlərin xlorla təmizlənə bilməyəcəyini də unutmamalıyıq.

Elmi araşdırmalara görə, unitaz qapaqlarına “E.coli” adı verilən (bağırsaq çöpü - red.) və sadəcə nəcisdə olan, insana zərər verə bilən zərərli mikroorqanizmlər var. Amma bu anda ağlınıza pis şeylər gəlməsin. Çünki yeni araşdırmalara görə, unitaz qapaqlarının hər kvadrat santimetrinə sadəcə 8 ədəd bakteriya düşür. Bu rəqəm ayaqyolunda unitaz qapaqlarının olduqca təmiz qəbul edilməsinə səbəb olur. Evin ağlınıza belə gəlməyəcək bir çox yerində isə bundan çox daha artıq sayda bakteriya olur. Bu da evdəki ayaqyolu qapağından daha çirkli olan yerlər...

Televizor pultu, mətbəx əşyaları və cib telefonları  - evimizdəki ən çirkli əşyalar

Daim əldən-ələ gəzən, xəstə ikən toxunduğunuz və elektronik bir əşya olduğu üçün heç təmizlənməyən televizor pultları ev içindəki ən çirkli əşyalar arasında yer alır. Televizor pultunda insan səhhətinə zərərli olan milyardlarca mikroorqanizm var. Pult təmizliyi üçün lazım olan təmizlik işləri var. Xüsusən də ondan xəstə bir insan istifadə edibsə, özəl dezinfeksiya vasitələrindən istifadə etmək lazımdır.

Ət, soğan, çörək, tərəvəz və meyvələri kəsdiyiniz zaman istifadə olunan plastik, taxta və ya bambu kəsmə taxtaları mətbəxdə ən çox zərərli bakteriyaları özündə birləşdirən əşyaların başında gəlir. Kəsmə taxtalarının hər bir kvadrat santimetrində tam 1600 ədəd “E.coli” bakteriyası yaşayır. Ancaq nəcisin tərkibində olan bu bakteriyalar kəsmə taxtalarına tərəvəz və meyvələrində üzərində olan gübrə artıqlarının çiy ət ilə təmas etməsi nəticəsində yaranır və insanlara yayılır. Bunun qarşısını almaq üçünsə mətbəxdə hər bir iş üçün ayrıca kəsmə taxtasından istifadə etmək lazımdır. Bundan başqa, daim təmizləndiyini düşündüyünüz mətbəx əskiləri və süngərlər də tualet kağızından tam 20.000 qat daha artıq bakteriyanı içində “yaşadır”.

Adətən allergiyaya səbəb olduğu üçün xüsusi təmizlik şirkətləri tərəfindən təmizlənən xalçalar içərisində tualet qapaqlarından 4.000 dəfə artıq zərərli mikroorqanizmlər yaşadır. Bundan başqa, xalçalarda “mite” adı verilən və gözlə görünməyən həşəratlar da yaşayır.

Hər evdə əslində insanın həyatını asanlandırmaq üçün istifadə olunan soyuducunun hər hissəsində, xüsusən də meyvə və tərəvəzlərin yerləşdiyi alt gözlərdə 8000 ədəd salmonella, “E.coli” və listerya kimi zərərli bakteriyalar yaşayır. Yüksək rütubət bu bakteriyaların soyuducu kimi soyuq bir atmosferdə belə artmasına imkan verir. Bakteriya filtrasiyasından istifadə etmək və daim onu təmizləmək üçün yüksək səviyyədə bakteriya yaranmasının qarşısını ala bilir.

Yenə gündə yüzlərlə dəfə istifadə olunan işıq düymələrinin üstündə 217 fərqli növdə bakteriya olur. Qapı qulpları isə ən çirkli yerlərin başında yer alır. Bakteriya yaranmasının qarşısını almaq üçün ən azı həftədə bir dəfə sirkəli suya batırılmış bir əski ilə həmin yerləri silmək məsləhətdir.

Hamamda istifadə olunan və açıq atmosferdə qoyulan diş fırçası unitazın suyu çəkiləndə hava yolu ilə yayılan bakteriyalara məruz qala bilir. Onun qapalı şkafda və ya üzərinə qapaq taxılaraq saxlanması məsləhət görülür.

Ən çox istifadə etdiyimiz elektronik əşya olan cib telefonlarının da üzərində pultlar kimi milyardlarca bakteriya olur. Bu cihazların xəstəlik dönəmindən sonra mütləq qapadılaraq, özəl dezinfeksiya məhsulları və əskiləri ilə təmizlənməsi şərtdir. Bunun xaricində isə müəyyən peridoalarla silinib təmizlənməsi böyük əhəmiyyət daşıyır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.