banner
banner

İqtİsadİyyat

İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır

İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır

2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz artıb. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, ötən il ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dekabr ayında noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Azərbaycanda kəskin qiymət artımları manatın devalvasiyalarından sonra sürətlənib. Bahalaşmanın əsas səbəbi kimi idxal məhsullarında dolların məzənnəsinin artımı ilə bağlı yaranan yüksəlmə göstərilib. Ötən ilin əvvəlindən isə manatın məzənnəsi sabitləşməyə başlayıb, ödən müddət ərzində isə hətta bir qədər möhkəmlənib. Lakin manatın məzənnəsinin sabitləşməsi qiymətlərdəki artımın qarşısını ala bilməyib.

Bahalaşmanın davam etməsi hansı səbəblərdən irəli gəlir?

İlgili resim

Manatın sabitləşməsi qiymətlərə niyə təsir etmir? Suallara cavab verən iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, son 3 ayda manatın dollar qarşısında məzənnəsi demək olar ki, tamamilə dəyişməz qalıb: “Bu faktdır ki, xüsusilə son 8 ayda manatın məzənnəsində ciddi bir dəyişiklik baş vermir. Lakin başqa bir fakt da var ki,  avronun məzənnəsi sürətlə artır. Ötən ilə nisbətən 17 faizlik artım var. Bu isə avrozonadan avro ilə alınıb gətirilən məhsulların qiymətində kəskin artımlara səbəb olur. Qeyd edim ki, idxalımızda avrozonanın payı yüksəkdir - İtaliya, Almaniya, Fransadan gətirilən məhsullar az deyil. Ona görə də Avropadan gətirilən məhsulların - əsasən dərman preparatlarının, uşaq qidalarının, avtomobillərin, avtomobil ehtiyat hissələrinin qiymətində bahalaşma baş verir”.

Ekspertin sözlərinə görə, bahalaşmanın davam etməsinin digər səbəbi vergi-gömrük rüsumlarının artmasıdır: “Ötən il ərzində bir çox mal və məhsulların vergi və gömrük rüsumlarında dəyişikliklər oldu. Bəzilərində endirim oldu - ciddi müzakirələr və qınaqlardan sonra. Məsələn, kərə yağının idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirildi. Lakin ötən ilin yanvarında vergi dərəcələrində, daha sonra gömrük rüsumlarında artımlar edildi. Bütün bunlar dərhal mal və məhsulların qiymətinə oturur. Digər səbəblərdən biri budur ki, qaz və enerjinin limitdən artıq hissəsi üçün qiymətlər kəskin qaldırıldı. Qaz və elektrik enerjisindən çox istifadə edən müəssisə və obyektlər üçün bu ağır yükdür. Eyni zamanda ötən il A92 markalı benzinin qiymətində artım oldu. Bütün bunlar son nəticədə bahalaşmaya gətirib çıxaran amillərdir”.

N.Cəfərli qiymət bahalaşmasının ən əsas səbəblərindən biri kimi ölkədə inhisarlaşma səviyyəsinin yüksək olmasını qeyd edir: “Bahalaşmanın fundamental səbəblərindən biri, əlbəttə, on illərdir Azərbaycanda geniş vüsət almış korrupsiya və inhisarçılıqdır. Bu amilin qiymət artımına təsiri yüksək səviyyədədir. Korrupsiyanın olması sahibkarların əlavə xərclərini artırır. İqtisadiyyatın qanunu da belədir ki, iş adamı rəsmi və ya qeyri-rəsmi ödədiyi bütün pulları satdığı, yaxud istehsal etdiyi məhsulun üzərinə əlavə edir. İnhisarçılıq isə bazarda oyunçuların az olmasına, onların öz aralarında qiymət sövdələşmələrinin rahat başa gəlməsinə səbəb olur. Bütün bunların nəticəsi olaraq, bu il də inflyasiyanın ikirəqəmli olması ehtimalını daha da gücləndirir”.

Xatırladaq ki, Azərbaycan hökuməti bu il ölkədə birrəqəmli inflyasiya səviyyəsinə nail olmağı hədəf götürüb. Müsahibimizin fikrincə, hökumət inzibati üsullarla ümumi inflyasiyanın ikirəqəmli olmasının qarşısını ala bilər: “Lakin real inflyasiyanın, xüsusilə ərzaq məhsullarında birrəqəmli olması çox çətin məsələdir. Nəzərə alsaq ki, neftin qiymətinin yüksəlməsi fonunda büdcədən investisiya xərcləri də kəskin artırılıb və bu, istər-istəməz dövriyyəyə daha çox həcmdə manatın daxil olması deməkdir, onda inflyasiyanın yüksək olması daha real görünür. Hələ yanvar ayında maaş və təqaüdlərdə cüzi artım olacağı xəbəri təzə yayılıb, amma qiymətlər də başlayıb yüksəlməyə. Seçkiqabağı dövrdə daha ciddi əmək haqqı, pensiya artımı edilərsə, bu, qiymətlərin daha sürətlə bahalaşmasına gətirib çıxaracaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.