banner
banner

Hərbİ

Cümhuriyyət ilində Azərbaycanda hərbi parad keçirilə bilər

| Xəbər 4932 dəfə oxunub
Cümhuriyyət ilində Azərbaycanda hərbi parad keçirilə bilər

Qarşıdan Azərbaycan üçün çox önəmli olan tarixi hadisələrin ildönümləri gəlir. Bunlardan mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da isə ordumuzun yaranmasının yüz illiyini xüsusi qeyd etmək olar. 

Hər iki mühüm ildönümü ərəfəsində Azərbaycanın hərbi parad keçirə biləcəyi yönündə fikirlər meydana çıxıb. Məlumdur ki, ölkəmiz son illərdə ordusunun gücünü daha da artırıb, Türkiyə, İsrail və Rusiya kimi ölkələrdən müasir silahlar alıb, hərbi qüdrətini xeyli artırıb. Bütün bunların fonunda təcavüzkar Ermənistana və onun müttəfiqlərinə göz dağı vermək, hərbi gücümüzü nümayiş etdirmək üçün Azərbaycanın hərbi parad keçirməsinin vacibliyi qeyd olunur. Belə bir paradın təşkil olunacağı ehtimalı da yüksək dəyərləndirilir. Arqument kimi isə, ordumuzun yaranmasının 90 və 95 illərində hərbi paradın keçirilməsi göstərilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hərbi paradın keçirilməsini Azərbaycan üçün çox vacib sayır. O bildirdi ki, indiyə qədər bir neçə dəfə ölkəmizdə hərbi parad keçirilib: “Müstəqilliyimizin ilk illərində Əbülfəz Elçibəy və sonrakı dövrlərdə bir neçə dəfə hərbi parad keçirilib. Paradların mütəmadi keçirilməsi doğru yanaşmadır. Bunun bir neçə məqsədi var. Bu, həm Azərbaycan xalqına, həm dünyaya, həm də düşmənlərimizə mesajdır ki, Azərbaycan ordusu güclənib, müasir silahlar alınıb. Bu il isə, xüsusi önəm kəsb edir. Çünki bu il bir çox hadisələrin yüz illiyini qeyd edəcəyik. Çox təəssüf ki, mart soyqırımından da yüz il ötür, bu da ermənilərin bizə qarşı xəyanəti idi. Cümhuriyyətin və ordunun yaranmasının yüz illiyi ilə yanaşı, həm də qarşıdan Bakının işğalçılardan azad edilməsinin yüz illiyi gəlir. Bu tədbirlərin hər biri yüksək səviyyədə keçirilməli, ermənilərin bizə qarşı təxribatlarının tarixinin çox uzaqlara getdiyini bütün dünyaya nümayiş etdirməliyik. Hərbi paradın keçirilməsi çox vacibdir. İndiki məqamda bu daha da vacibdir. Çünki sülh danışıqları Dağlıq Qarabağla bağlı hələ ki nəticə vermir. 2016-ci ilin aprelində əks hücumla Azərbaycan düşmənə ağır zərbə vurdu, amma təəssüflər olsun ki, gözlədiyimiz hələ baş verməyib, torpaqlarımız işğal altındadır. Doğrudur, yüksəkliklər aldıq, bir kənddə insanların məskunlaşmasına nail olduq. Amma bunlar istəklərimizin tamamı deyil. Ona görə, düşünürəm ki, bu cür paradla biz dünyaya mesaj verə bilərik ki, danışıqlar nəticə vermirsə, biz hər zaman hərbi gücdən istifadə etməyə hazırıq. Biz bu qədər modern silahları ona görə almamışıq ki, onlar anbarlarda paslansın. Bu paradla göstərməliyik ki, əgər torpaqlarımız azad olunmasa, meydanda yığışan bu hərbiçilərimizdən, hərbi texnikamızdan torpaqlarımızın azad edilməsi üçün istifadə olunacaq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli belə bir paradın ola biləcəyinin mümkünlüyündən söz açdı: “Öncəliklə onu qeyd edim ki, proseslərlə yaxından maraqlananlar bütün parametrlərə görə Azərbaycanın Ermənistandan on dəfələrlə güclü olduğunu bilirlər. Aprel döyüşləri hər şeyi sübut edib. Ermənistanda bu döyüşlərdən sonra hərbi idarəetmədə böhran yaşandı. Bölgədə hər an vəziyyət qarışa bilər. Haqq və ədalət bizim tərəfindədir, beynəlxalq hüququn bizə verdiyi haqlar var. Bu il həm də tarixi torpaqlarımız olan İrəvan və digər ərazilərimizin ələ keçirilməsinin yüz illiyidir. Aprel döyüşləri göstərdi ki, burada hərbi üstünlüyümüz tam yetərli deyil, beynəlxalq şərtlər də önəmlidir. Bu şərtlər bir gün mütləq ölkəmizin xeyrinə olacaq. 2016-cı il martın sonlarında kimsə gözləmirdi ki, aprelin əvvəllərində belə bir əməliyyat olacaq. İndi də kimsə bilmir ki, 3-5 gün sonra nələr olacaq. Budəfəki zərbəmiz ağır olacaq və torpaqlarımız bu dəfə azad olunacaq. Ola bilsin ki, bu il Cümhuriyyətimizin və ordumuzun yaranmasının yüz illiyi ilə bağlı hərbi parad olsun. Ona görə ola bilsin deyirəm ki, ordumuzun yaranmasının 90 və 95 illiyində belə bir parad keçirilib. Bütün hallarda Cümhuriyyətimiz və ordumuzun yüz illiyi böyük təntənə ilə qeyd olunacaq. Bunun üçün silahlı qüvvələrdə bir sıra mühüm tədbirlər hazırlanıb, həyata keçiriləcək”.

musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi