banner
banner

Gündəm

Ramiz Mehdiyevin milli ideyanın formalaşması məsələlərinə həsr edilmiş ikicildliyi Moskvada nəşr olunub

| Xəbər 4710 dəfə oxunub
Ramiz Mehdiyevin milli ideyanın formalaşması məsələlərinə həsr edilmiş ikicildliyi Moskvada nəşr olunub

Akademik Ramiz Mehdiyevin milli ideyanın formalaşması məsələlərinə həsr edilmiş ikicildliyi Moskvada nəşr olunub.

Milli ideya bütün dövrlərdə xalqın mövcud olduğu mürəkkəb ictimai-siyasi və mədəni-etnik sistemdə birinci dərəcəli element olub və bu gün də belədir. Bütün etnoslar özlərini maksimum dərəcədə dərindən dərk etməyə, öz əcdadlarının fikirlərini anlamağa, hazırda bərqərar olmuş sosial-mədəni milli birliyin yaranmasına gətirib çıxarmış tarixi proseslərin gedişini başa düşməyə çalışır.

AZƏRTAC xəbər verir ki, azərbaycanlıların etnogenezi həm yerli, həm də xarici alimlərin tədqiqatlarının mövzusudur. Lakin bu mövzunun ən müxtəlif aspektləri ilə bağlı tədqiqatlarda heç vaxt sistemli yanaşma məsələsi qarşıya qoyulmayıb. Bu baxımdan, tam inamla demək olar ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ikicildliyi Azərbaycan xalqının mənşəyi, onun təşəkkülü, milli ideyanın formalaşması haqqında tamamilə yeni araşdırmadır. Kitablar Moskvada – birinci kitab “Stolitsa” nəşriyyatında, ikinci kitab isə “Politiçeskaya ensiklopediya” nəşriyyatında buraxılıb. Mübaliğəsiz deyə bilərik ki, ikicildliyin fundamentallığı və nadirliyi müəllifin son dərəcə mürəkkəb olan bu problemin araşdırılmasına tarixi-fəlsəfi mövqedən yanaşması ilə bağlıdır. Akademik milli ideyanın təşəkkülünü Azərbaycan xalqının formalaşmasının əsaslarından başlayaraq tədqiq edir, çox mürəkkəb olan bu prosesdə mühüm rol oynamış tarixi məqamlara toxunur.

Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası

Akademik Ramiz Mehdiyevin birinci kitabı “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” adlanır. Alim milli şüurun təməlini təşkil edən anlayışların tərifinin həyati əhəmiyyətini vurğulayaraq, milli ideyanın açıqlanması üçün çox böyük zəhmət çəkib. Müəllif birinci kitaba ön sözdə vurğulayır ki, müstəqil dövlətin mövcudluğu faktının özü Azərbaycanın intellektual fikrinin Azərbaycan cəmiyyətinin mövcudluğunun mənasının, həmçinin “bu ideya necə olmalıdır, onun mahiyyəti, təyinatı, məzmunu nədən ibarətdir, o, nəyə söykənir” suallarına cavab axtarışına yönəlmiş ideallar, dünyagörüşü oriyentasiyaları və dəyərləri kimi prioritet kompleks olan “milli ideya” tərəfə yönəlməsi üçün əsas verir. Müəllif xüsusi vurğulayır ki, bütün bu suallar elmi cavab tələb edir. O əmindir ki, yalnız bundan sonra bizim gələcəyə yolumuzu işıqlandıracaq milli ideyanı müəyyənləşdirə bilərik. Akademik yazır: “Milli ideya cəmiyyətin və dövlətin mənasıdır, bu məna olmasa istər cəmiyyətin, istərsə də dövlətin gələcəyi yoxdur, tarixən məhvə məhkumdur”.

Bu fundamental tədqiqat, ilk növbədə, çox aktual mövzunun öyrənilməsinə qeyri-ənənəvi yanaşma ilə fərqlənir. Müəllif Azərbaycan etnosunun və Azərbaycan dövlətinin formalaşması tarixini öyrənən tədqiqatçıların yolu ilə getmir. O, Azərbaycan xalqının etnogenezinin bir sıra aspektlərini yeni mövqedən işıqlandırır. Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşması mərhələlərini daha aydın təsəvvür etmək və dərindən dərk etmək üçün ilk dəfə olaraq antropoloji və genetik yanaşmalar tətbiq edir. Alim hesab edir ki, ilk növbədə, tarixi faktları hərtərəfli öyrənmək lazımdır, çünki onların ibrətamiz xüsusiyyətləri olmasa, xalqın etnomədəni mahiyyətini tam anlamaq olmaz. Alim yazır: “Tarix – nümunələrin köməyi ilə öyrədən fəlsəfədir. Nümunə gücünün gündəlik təsirini görmək üçün ətraf aləmə nəzər salmaq kifayətdir. Nümunənin nə üçün belə güclü olmasını aşkar etmək üçün daxilə baxmaq lazımdır”.

Akademik xalqın etnogenezi, etnik kökləri barədə söhbət açaraq qeyd edir ki, antropoloji material olmadan bu məsələləri heç cür tədqiq etmək olmaz: “Yalnız antropoloji məlumatlar etnosun və daha sonra millətin formalaşdığı etnik təbəqələri müəyyən etmək üçün mühüm əsasdır”. Müəllif bu məsələni araşdıraraq bir sıra qiymətli məlumatlar təqdim edir, bunun sayəsində Azərbaycan xalqının antropoloji, habelə etnik xüsusiyyətləri aydınlaşır. Xüsusi vurğulamaq lazımdır ki, monoqrafiyada Qafqaz xalqlarının antropoloji tipləri, müxtəlif etnosların psixi xüsusiyyətləri, insanın genetik xassələri barədə zəngin material verilib.

Alimin bu əsəri həm də ona görə qiymətlidir ki, burada etnogenezin öyrənilməsi üzrə Azərbaycan elminin qarşısında dəqiq vəzifələr qoyulur. Akademik vurğulayır ki, Azərbaycan xalqının antropologiyasının, molekulyar-genetik bazasının, paleoantropologiyasının və etnopsixologiyasının, təbii-coğrafi mühitin rolunun dərindən öyrənilməsi ilə məşğul olmaq lazımdır. Bu məlumatlar Azərbaycan xalqının etnogenezi haqqında elmi nəticələr çıxarmaq üçün son dərəcə zəruridir.

Monoqrafiyada Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri izlənilir. XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli identikliyini məhv etməyə cəhd göstərilən vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri dərindən araşdırılır. Birinci kitabda sovet dönəmində ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə titanik fəaliyyətinə böyük diqqət yetirilib. Müəllifin fikrincə, Heydər Əliyevin dahi şəxsiyyət kimi nadirliyi ondan ibarətdir ki, o, totalitar kommunist rejimi şəraitində millətin gələcək inkişafına aparan ictimai problemləri həll edirdi. Ramiz Mehdiyev ali niyyətlərin və milli ideyaların reallaşmasında şəxsiyyətin rolunu unutmamağa çağıraraq yazır: “Azərbaycan milli ideyası məsələləri mücərrəd mühakimələr şəklində nəzərdən keçirilə bilməz... Milli ideyanın formalaşması və onu reallaşdırmaq uğrunda mübarizə problemləri məhz cəmiyyətin gündəlik problemlərinin həllinə, insanların sosial-iqtisadi həyatı üçün normal şəraitin təmin edilməsinə, onların ümdə məqsədə nail olmaq naminə hərəkət etməyə mənəvi və əxlaqi baxımdan hazır olmasına əsaslanır”.

Alim həm öz köklərini onlar üçün tamamilə yad olan xalqlarla bağlamaqla öz mənşəyini təhrif edən, həm də azərbaycanlıların etnogenezi barədə yalan məlumat yayan ermənilərin etnogenezi məsələsinə də toxunur. Bu monoqrafiyada öz əksini tapan, həm erməni tarixçilərinin özləri, həm də xarici tədqiqatçılar tərəfindən göstərilən inandırıcı tarixi faktlar ermənilərin psevdo-tarixi məktəbini alt-üst edir.

Oxucu bu kitabda Qarabağ münaqişəsinin necə başlanması, ermənilərin sovet rəhbərliyini və elmi ictimaiyyəti Dağlıq Qarabağın belə adlandırılan “böyük Ermənistan”a mənsub olmasına yalan gücünə necə inandırmağa çalışmaları və o vaxtkı sovet rəhbərliyi özünün mütləq mənada hərəkətsizliyi ilə buna necə himayədarlıq etməsi barədə məlumat tapacaq.

 

Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası

Akademik Ramiz Mehdiyevin ikicildliyinin ikinci kitabı “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlanır. Bu kitab XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaranması probleminin təhlilinə həsr edilib.

Müəllifin ikinci kitabında milli ideyanın formalaşmasının tarixi məqamlarının tədqiqinin davamı kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən proseslər ətraflı təhlil edilir, dövlət quruculuğunun struktur xassələri açıqlanır, milli ideyanın və dövlətçiliyin formalaşması üçün zəruri olan əsas elementlər nəzərdən keçirilir.

Akademik Ramiz Mehdiyev məsələyə elmi mövqedən yanaşaraq dövlət quruculuğunun, müstəqilliyin, milli dəyərlərin qorunub saxlanmasının nə qədər mürəkkəb olmasını hərtərəfli açıqlayır. Alim inandırıcı şəkildə göstərir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olmaqdan xilas etdi, onun gələcəyini müəyyənləşdirdi. Müəllif yazır: “Heydər Əliyev Azərbaycanın hansı yolla getməli olduğunu dəqiq təsəvvür edirdi və o, üç əsas məsələnin həllindən ibarət olan konsepsiya təklif etdi: birincisi, ölkədə siyasi sabitlik yaradılması; ikincisi, çoxvektorlu xarici siyasətin təmin edilməsi; üçüncüsü, ölkənin inkişafına və dünyada qabaqcıl mövqelərə çıxmasına dair sosial-iqtisadi siyasətin əsasını təşkil etməli olan neft strategiyasının həyata keçirilməsi”.

Zənnimizcə, regionda güclü dövlətlərin fonunda geosiyasi əhəmiyyət kəsb edən bir sıra gizli siyasi proseslərə aydınlıq gətirən sənədlərlə tanışlıq oxucu üçün maraqlı olacaq. Müəllif Azərbaycan milli ideyasının formalaşması mərhələlərini sistemli şəkildə fərqləndirir və həmin dövrdə milli mənlik şüuruna təsir göstərən siyasi hadisələri ətraflı təsvir edir.

Akademik Ramiz Mehdiyev əmin olduğunu bildirir ki, qlobal transformasiyalar dövründə ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməli, kreativ gəncliyə arxalanmalıdır: “Sağlam və kreativ gəncliyin üstünlük təşkil etdiyi dövlətdə iqtisadiyyatın dinamik artımı, cəmiyyətin həyat fəaliyyəti sahələrinin inkişafı üçün daha çox şans var. İnnovasiyanın mənası kreativlikdə, nümunəni dəyişməkdə, yenisini yaratmaqdadır. Azərbaycanda XXI əsr cəmiyyətinin qurulması prosesi gənc innovatorun kreativ potensialına güvənməyə bilməz”.

Müəllif qeyd edir ki, 2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi bu gün dövlətimiz tərəfindən ölkənin hərtərəfli modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan insan kapitalı yaradılması, elmin ən yeni nailiyyətlərinin, yeni texnologiyaların və yeni idarəçilik metodlarının tətbiqi əsasında bu hədəfə yönəlib. Milli kreativ elitanın formalaşması yollarının, kreativ sinfin müəllif tərəfindən qeyd edilən tərifi diqqəti cəlb edir, bu sinfin nümayəndələri innovasiyalara və iqtisadi inkişafa yönəlib.

Alim əmindir ki, Azərbaycan qloballaşma dövründə özünün milli yönümlü inkişaf yolunu qoruyub saxlamaq üçün zəruri resurslara malikdir. Dövlət hakimiyyətinin daha da möhkəmlənməsi müasir şəraitdə milli ideyanın reallaşmasına təminat verir.

Akademik Ramiz Mehdiyev dərindən əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin dövlətçilik istedadı sayəsində Azərbaycan xalqı bundan sonra da XXI əsrin tələbləri səviyyəsində sosial-iqtisadi inkişaf və milli məsələlərinin həlli yolu ilə irəliləyəcək. Müəllif vurğulayır: “Bu quruculuq yolu Azərbaycanı yeni postsənaye cəmiyyətinə gətirib çıxaracaq. Postsənaye cəmiyyətinin yaradılması isə XXI əsrdə Azərbaycan xalqının milli ideyasının əsas hədəfidir”.

İkicildlik filosoflara, tarixçilərə, sosioloqlara, politoloqlara, habelə humanitar elmdə ən yeni araşdırmaları izləyən, sosial inkişaf nəzəriyyələri ilə maraqlanan hər kəsə ünvanlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi