banner
banner

Sİyasət

Seçkinin ən çətin mərhələsi bitdi

| Xəbər 4766 dəfə oxunub
Seçkinin ən çətin mərhələsi bitdi

Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, MSK prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi və onlara imza vərəqələri vermişdi.

MSK fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında  Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Musavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. MSK-nın martın 10-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ötən dövr ərzində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş 7 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri MSK-ya təqdim edilib və onların hamısının prezidentliyə namizədliyi qeydə alınıb.

Digər 8 nəfərdən ALDP-nin namizədi Fuad Əliyev 40 mindən artıq imza toplasa da ADP-nin namizədi Sərdar Cəlaloğlunun xeyrinə namizədlikdən imtina edib. Sərdar Cəlaloğlu martın 11-də, VİP-in namizədi Əli Əliyev və müstəqil namizəd, AĞ Partiyanın sədri Tural Abbaslı isə imzaları, həmçinin digər sənədləri MSK-ya martın 12-də təqdim ediblər.

Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli 858 imza vərəqəsində 42.900 imzanı MSK-ya təqdim etdiyini bildirib: “Allahın izni ilə seçki prosesinin ən çətin mərhələsini AĞ Partiya ailəsi olaraq, uğurla keçdik. Üzvlərimizə, tərəfdarlarımıza, təəssübkeşlərimizə, dostlarımıza, bu prosesdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Namizədliyi özü tərəfindən irəli sürlən hüquqşünas Anar Umudov isə sənədlərini MSK-ya təqdim edə bilməyib. A.Umudov modern.az-a bu barədə deyib ki, səbəb lazım olan sayda imzaları çatdırıb toplaya bilməmələridir: “Topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Haradasa imzaların yarısının toplanmasına nail olmuşuq. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.

A.Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç kimi dəstəkləmək fikri yoxdur.

Namizədliyi Azərbaycan Sosialist Partiyası tərəfindən irəli sürülən Elşən Həsənov, müstəqil namizədlər Asif Məmmədov və Ramazan Bəkirov da eyni problemlə üzləşiblər.

MSK sədri Məzahir Pənahov isə martın 12-də Zahid Oruca və Araz Əlizadəyə prezidentliyə namizədlik vəsiqələrini təqdim edib. MSK-da keçirilən təqdimatda  Məzahir Pənahov Zahid Orucu və Araz Əlizadəni təbrik eləyib. MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.

Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Seçkinin müşahidəçiliyinə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq. Bu barədə qurumun yaydığı press-relizdə bildirilib. Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığın milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq.

Seçkilərdən bir neçə gün öncə isə 280-nə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək. Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq. Bu barədə Sechki-2018. az saytına ATƏT/DTİHB-nin müşahidə missiyasından bildirilib.

Aprelin 12-də isə ATƏT DTİHB müşahidə missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.

Dünən məlum olub ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da prezident seçkiləri ilə əlaqədar müşahidə missiyası göndərəcək. Bu barədə yayılan xəbərdə deyilir ki, hazırda müşahidə missiyası formalaşma prosesindədir.

Seçki prosesini həmçinin MDB-nin, GUAM-ın və digər beynəlxalq qurumların müşahidə missiyası da izləyəcək.

Azay Quliyev seçkilər 2018 ile ilgili görsel sonucu

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sechki-2018.az saytına müsahibəsində deyib ki, Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır. Bu münbit şərait hər bir seçicinin səsvermə hüququndan bərabər şəkildə istifadəsinə, öz iradəsini sərbəst şəkildə ifadə etməyinə və istədiyi namizədi seçməyinə imkan verəcək: “Hesab edirəm ki, aprelin 11-də konstitusiyaya, seçki qanunvericiliyinə və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik, şəffaf və ədalətli seçkilər keçiriləcək. Düşünürəm ki, ATƏT və onun institutları geosiyasi maraqları, subyektiv amilləri yox, ölkənin demokratikləşmə və seçki standartlarını təkmilləşdirmə istəyini nəzərə almalı, buna dəstək verməlidir. Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq. Bu seçkilər Azərbaycanın ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərini daha da sıxlaşdıracaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi