banner
banner

Sİyasət

Qarabağ separatçısına tribuna və mükafat verməklə ağ edən... Ağ Ev

| Xəbər 2936 dəfə oxunub
Qarabağ separatçısına tribuna və mükafat verməklə ağ edən... Ağ Ev

Son aylar ABŞ-ın Ermənistan və Qarabağ separatçıları ilə bağlı siyasətində ziddiyyətli situasiya müşahidə olunmaqdadır. Azərbaycanın kəskin etirazlarının fonunda Vaşinqton işğalçı Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə ayırdığı yardımlarla bağlı qərarına yenidən baxmalı oldu.

Bunun ardınca Ağ Ev administrasiyasının Rusiyaya qarşı sanksiyalarının məntiqi davamı olaraq İrəvana yönəlik sərt mesajları Ermənistanda narahatlıq yaratdı. İşğalçı ölkədə şübhə etmirdilər ki, tezliklə okeanın o tayından pis sürpriz xəbər eşidəcəklər. Digər tərəfdən, ABŞ Milli Kəşfiyyatının 2018-ci ildə Qarabağda dağıdıcı müharibənin anonsunu verməsi işğalçı ölkədə təlaşa səbəb olmuşdu.

Ancaq bunun ardınca ABŞ-ın siyasətinin “kökə mərhələsi”nə start verilib. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın ABŞ-a dəvət alması hər mənada nonsens sayıla bilərdi, lakin əvvəlki dövrlərdə buna bənzər hadisələr olmasaydı. Məlumdur ki, ABŞ-ın postsovet məkanındakı separatçı rejimlərlə bağlı siyasəti ilk dövrlərdən dəyişməzdir. Hətta Gürcüstanın ərazilərində yaradılmış qondarma rejimlərə və Ukraynadan qoparılmış Krıma görə Rusiya ilə münasibətləri müharibə vəziyyətinə gəlib çatan Vaşinqton nədənsə Qarabağa gələndə Moskva ilə eyni mövqeni paylaşır. Elə buna görədir ki, Bako Saakyan Moskvaya sərbəst gedib-gəldiyi kimi, ABŞ-a da rahatlıqla gedir, hətta orada mükafatlandırılır da (!)

Məsələnin məğzi bundan ibarətdir ki, Qarabağ separatçılarının lideri Bako Saakyan sabah (14 martda) ABŞ-ın Kapitoli ştatında çıxış edəcək və hansısa anlaşılmayan mükafat alacaq, bununla əlaqədar bir tədbir də planlaşdırıb. Separatçının ABŞ-a gözlənilən səfərini şərh edərkən ModernDiplomacy.eu nəşri bu barədə yazıb. “Göndərilmiş dəvətlərdə bu tədbir ”Konqresdə qəbul" adlanır, hərçənd siyahıda əsl Konqres üzvü yoxdur", - deyə nəşr qeyd edir (Virtualaz.org). Sonra Modern Diplomacy faktlara istinad edərək yazır: “”DQR" - 1988-1994-jü illərdə müharibədə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionudur. Dağlıq Qarabağ regionu və ətrafındakı ərazilər tarixən Azərbaycana məxsus olub. 1988-ci ildə Ermənistanın təcavüzü başlandı. Altı il sonra, nə vaxt ki, atəşkəs elan edildi, Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən dəstəklənən erməni separatçılarının əlində qaldı. “DQR” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Birləşmiş Millətlər Təşkilatından başlayaraq, bütün beynəlxalq təşkilatlar hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və Ermənistan tərəfindən qanunsuz zəbt olunub". Nəşrin fikrincə, Ermənistan “DQR”in mövcudluğunun qanuniliyini sübut edə bilmir, buna görə də “faktların yayılması” strategiyasına əl atır: “O, uşaq və ya yalanı uzun müddət təkrarlayaraq onun həqiqət kimi təqdim edilməsinin mümkünlüyünə ümid edən siyasətçi kimi elə hesab edir ki, başqalarını da buna inandırmaq olar. Ermənistan düşünür ki, əgər o, ”artsax" milləti haqda uydurmanı çox yayarsa, yekunda o, fakta çevriləcək".

Bako Saakyan ABŞ-a ile ilgili görsel sonucu

Hələlik ABŞ administrasiyası bununla bağlı xəbərlərə münasibət bildirməyib. Vaşinqtonun Bakıdakı elçiliyinin də reaksiyası məlum deyil. Amma şübhəsiz ki, növbəti dəfə bu tədbirin rəsmi xarakterli olmadığı və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyan ediləcək. Ancaq daha məntiqli olardı ki, Qarabağ separatçısı ABŞ-a ayaq basan kimi həbs ediləydi və beynəlxalq hüquqa uyğun şəkildə cəzalandırılaydı. Vaşinqton nəzərə almalıdır ki, B.Saakyan Azərbaycan vətəndaşıdır və ölkənin qanunlarını kobud şəkildə pozaraq, yaradılan separatçı rejimin başına keçib. Belə olan təqdirdə Saakyanın Bakıya qolubağlı göndərilməsi müttəfiqlik münasibətlərinə daha uyğun gələn hadisə olardı, nəinki onun ABŞ-da sərbəst fəaliyyət göstərməsi, hətta mükafatlandırılması. 

****

ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evansın “The National Interest” nəşrində yazdıqları isə onu deməyə əsas verir ki, əslində ciddi bir şəbəkə fəaliyyətə başlayıb və məqsədli şəkildə ABŞ-Azərbaycan əlaqələrinə zərbə vurulması prosesi gedir. Sözsüz ki, separatçılara meydan verilməsi Bakını razı sala bilməz və bunun əks cavabı olacaq. Belə olan halda münasibətlərin ənənəvi şəkildə davamı da mümkünsüz görünür, necə ki, vaxtaşırı bunun şahidi olmuşuq.

Diplomat deyib ki, ABŞ hökuməti Dağlıq Qarabağı çoxdan tanımalı idi. Keçmiş səfir də B.Saakyanın ABŞ-a səfər edəcəyini xatırladıb, hətta onu “demokratik yolla seçilən prezident” adlandırıb. Deyib ki, Saakyan ABŞ administrasiyası tərəfindən qəbul edilməyəcək, çünki ABŞ bu məsələyə hələ də səssiz qalıb. Ermənipərəst diplomat həyasızcasına iddia edib ki, “Dağlıq Qarabağ 1921-ci ildə İosif Stalinin tapşırığı ilə Azərbaycana birləşdirilib”.

Göründüyü kimi, diplomat tamamilə ermənilərin çaldığı havaya oynayır, onun tarixdən bu qədər xəbərsiz qalması mümkünsüzdür. Ən azı 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinə, elə ABŞ tərəfindən tanınan 100 min kv.km-dən artıq ölkəmizin ərazisinə baxsa, görər ki, nəinki Dağlıq Qarabağ, heç indiki Ermənistanın bir çox əraziləri də, o cümlədən Zəngəzur İrəvana tabe deyildi. Ancaq səfir var gücü ilə erməniləri müdafiə edib. Xatırladıb ki, Qarabağ ermənilərinin əvvəlki başçısı Arkadiy Qukasyan da iki dəfə ABŞ-da olub və Dövlət Departamentində işgüzar görüşlər keçirib. Bununla da diplomat ABŞ-ın Qarabağla bağlı gerçək siyasətini ifşa etməklə yanaşı, Ağ Evə Saakyan mesajını verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Con Evans Dağlıq Qarabağın ötən illər ərzində “öz iqtisadiyyatını” dirçəltməsindən, “müstəqillik” uğrunda səylərindən, digər absurd iddialardan bəhs edib. Həmçinin diplomat Qarabağa qanunsuz səfər edən əcnəbiləri “qara siyahıya” saldığına görə Bakını tənqid edib. “Vaxt yetişdi, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ respublikasını millətlərin ailəsində salamlamalıdır. Necə ki, Artsaxın xarici işlər naziri Armin Aleksanyan deyir ”Dağlıq Qarabağ konflikt deyil, ölkədir" - amerikan diplomat ardınca yazıb.

Bir ABŞ diplomatının bütün beynəlxalq qanunlara tüpürərək erməni əlində oyuncağa çevrilməsi heyrətamizdir. Heç şübhəsiz ki, bu, yalnız erməni diasporunun daddırdığı “qidaların” təsiri deyil, amerikalı diplomat həm də Vaşinqtonun separatçı və işğalçılarla bağlı ikili siyasət yürütməsindən sui-istifadə edərək bu dərəcədə uzağa gedib. 

Bu günlərdə İrəvanda nəşr olunan “Jamanak” qəzeti yazmışdı ki, yaxın vaxtlarda “DQR”in “prezidenti” Bako Saakyan “işçi səfərlə” Birləşlmiş Ştatlara baş çəkəcək, orada Senatın və Nümayəndələr Palatasının üzvləri, eləcə də ekspert dairələri, həmçinin erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ az qalır ki, canini fəxri qarovulla qarşılasın... Konkretləşdirsək, Ağ Ev artıq Qarabağ separatçısının mükafatlandırılmasına imkan yaratmaqla tamam “ağ edir”.

Politoloq Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Qarabağdakı erməni separatçılarının liderinin ABŞ-a səfəri nə birincidir, nə də sonuncu: “Bundan öncəkilər də, Köçəryan da, Quqasyan da ABŞ-da olub. Bu səfərlərin hansısa rəsmi anlam ifadə etməsi doğru yanaşma deyil, Amerika hətta cinayətkarları belə dəvət edib dinləyir, mən inanmıram ki, bu səfər Amerikanın rəsmi dairələrinin təşəbbüsü ilə olur. Amma bu, bizim üçün qəbuledilməzdir ki, torpaqlarımızda separatçılıqla məşğul olan bir şəxsi Amerika belə qarşılayır. ABŞ-a sərt şəkildə etiraz edilməlidir. Ermənilərin məqsədi Dağlıq Qarabağdakı mövcud durumu diqqətə çatdırmaq və müəyyən dəstək almaqdır”.

Q.Çaxmaqlı qeyd etdi ki, ABŞ bu məsələdə beynəlxalq qanunlara əməl etməlidir: “İndiki halda Amerikanın Qarabağla bağlı siyasətində elə bir ciddi dəyişiklik görünməsə də, bu ölkə gələcəkdə Ermənistanı öz tərəfinə çəkmək üçün müəyyən manevrlər edə bilər. Ermənistana və Dağlıq Qarabağ əhalisinə maddi yardımlar da bunlardan biridir. Həm də son zamanlar Minsk Qrupunun başqa bir həmsədr ölkəsi olan Rusiyanın bir çox məsələlərdə Amerikanı arxa plana keçirmək səyləri hiss olunmaqdadır. ABŞ mövqelərini bərpa etmək istəyir. Azərbaycana və Ermənistana yanaşmada da bəzi dəyişik siyasətin olması təbiidir. Amerikalı ekspertlərin də gizlətmədiyi kimi, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu heç kimsə danmır, amma məsələnin həll edilməsi ilə bağlı konkret addımlar atılarkən erməni lobbisinin iradəsini ifadə etməkdən də vaz keçilmir”.

Amerika bizim üçün təhlükəli olan addımlar ata bilərmi? Politoloq: “Mən belə hesab edirəm ki, indiki anda istənilən ədalətsiz addım atıla bilər. Bunun üçün bəhanələr də uydurula bilər. Amerikanın Cənubi Qafqazda deyək ki, Suriya ərazisində olduğu kimi, ”öz terrorçuları" yoxdur, burada aktiv siyasət yürütmək üçün ona guya haqlarını müdafiə edəcəyi toplum lazım ola bilər. İndi olmasa da, gələcəkdə baş verəcək gözlənilməz proseslər zamanı bu, ola bilər. Kim bilir Yaxın Şərqdə proseslərin gedişatı haraya qədər uzanacaq. Ermənistanın bizim ordunun edəcəyi hərbi təlimlərdən qorxuya düşməsini də təbii qarşılamaq olar. Azərbaycan istənilən an öz ərazilərini işğalçılardan təmizləmək üçün qərarlı addımlar ata bilər. Məncə, məqam yetişib. Daha sonra biz gözlənilməz olaylarla üz-üzə qala bilərik".

Hər halda, ilkin ehtimala görə, ABŞ Ermənistanı Rusiyadan qoparmaq üçün hərəkətə keçib. Bu günlərdə NATO rəhbərliyinin Ermənistandakı 5 minlik rus ordusundan danışması da maraqlı detaldır. Digər tərəfdən, mümkündür ki, Pentaqon Türkiyə ilə sərhəddə yeni platsdarm əldə etmək uğrunda hərəkətə keçdiyi üçün “erməni kartı”nı işə salıb. Amma istənilən halda Azərbaycanla müttəfiqlik münasibətlərinə xələl gətirə biləcək proseslər başlanıb...

Bako Saakyan ABŞ-a ile ilgili görsel sonucu

P.S. Yazı hazırlanarkən məlum oldu ki, Bako Saakyanın ABŞ-a gözlənilən “səfəri” ilə bağlı Bakıdakı səfir Azərbaycan XİN-ə çağırılıb və ona etiraz notası təqdim edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi