banner
banner

Sosİal

Dünyanı qorxudan “Lassa qızdırması” ölkəmizə də gələ bilərmi...

| Xəbər 4118 dəfə oxunub
Dünyanı qorxudan “Lassa qızdırması” ölkəmizə də gələ bilərmi...

Ötən həftə Rusiya “Lassa qızdırması” haqda öz vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilib ki, Qana Səhiyyə Nazirliyi müalicə məqsədilə Noquçi Tibbi Tədqiqatlar İnstitutuna yerləşdirilmiş xəstənin fevralın 1-də “Lassa qızdırması”ndan vəfat etdiyini təsdiqləyib. Diaqnoz laboratoriyada təsdiqini tapıb. Noquçi Tibbi Tədqiqatlar İnstitutunun xəstə ilə ünsiyyətdə olmuş bütün əməkdaşları müşahidə altındadır. Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti Qanaya səfər planlaşdıran bütün rusiyalıları bu informasiyanı nəzərə almağa çağırıb.

Qeyd edək ki, xarici mətbuatda yayılan məlumata görə, Nigeriyada Lassa qızdırması epidemiyası 31 nəfərin ölümünə səbəb olub. Rəsmi məlumatda bildirilir ki, artıq ağır xəstəliyə yoluxanların sayı 105 nəfərə çatıb. Ölümcül virusa yoluxan 10 tibb işçisindən 4-ü dünyasını dəyişib. Ölkənin səhiyyə naziri qeyd edib:

“Əvvəllər epidemiya yalnız quraqlıq mövsümündə baş qaldırırdı, indi isə biz bütöv il ərzində xəstəliklə mübarizə aparırıq”.

Əsasən siçanlardan insana keçən “Lassa qızdırması” təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur. Bu qızdırma viruslu hemorraqik qızdırmalar qrupuna aid kəskin infeksion xəstəlikdir. Hazırda ona qarşı peyvənd mövcud deyil. Ekspertlər qeyd edir ki, virusun inkubasiya müddəti 3 həftə təşkil edir. Xəstəlik əsasən Qərbi Afrika ölkələrində (Liberiya, Mali, Nigeriya, Benin) yayılıb. Bu xəstəlikdən ümumilikdə ölüm göstəricisi səviyyəsi 1%-dir.

Qeyd edək ki, xəstəlik ilk dəfə 1969-cu ildə aşkarlanıb.  Bu virus ilk xəstəlik hadisələri baş vermiş Nigeriyada şəhər adını daşıyır. Lassa virusunun təbii mənbəyi çoxməməli siçandır. Həmin gəmirici əsasən Afrikanın tropik kənd ərazilərində qida saxlanılan insanların məskunlaşdığı evlərdə və ya onun ətrafında tez-tez rast gəlinir. Virusun gəmiricidən insana ötürülməsi yoluxmuş gəmiricinin sidik və ya nəcisi ilə çirklənmiş qida qəbulu, yoluxmuş gəmiricilərin dərisinin soyulması və yeyilməsi və ya yoluxmuş gəmiricinin ifrazatları ilə çirklənmiş havanın udulması vasitəsilə baş verir. İnsandan-insana yoluxma, əsasən xəstəxana mühitində yoluxmuş şəxsin qanı, toxumaları və ekskresiyaları ilə birbaşa təması vasitəsilə baş verir. İnsandan-insana yoluxma halları gəmiricidən insana ötürülmə hallarından daha az yayılıb.

Lassa qızdırması ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə görə Syerra-Leone, Liberiya, Qvineya və Nigeriyada və əlavə olaraq, Ümumdünya Səhiyyə Təşkilatına görə Benin, Mali və Hanada endemik hesab edilir.

Dünyanı qorxudan “Lassa qızdırması” ölkəmizə də gələ bilərmi?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Yeni Müsavat”a danışıb:

“Xəstəliklə bağlı bütün məsələlər nəzarət altındadır, heç bir narahatçılığa ehtiyac yoxdur. Təbii ki, mövsümlə bağlı qrip xəstəlikləri və sairə müşahidə olunur. Vətəndaşlar hər hansı bir narahatçılıqları olduqda yaxınlıqdakı poliklinikalara müraciət edə bilər.  Lakin bir daha qeyd edim ki, ”Lassa qızdırması" ilə bağlı ölkəmizdə heç bir təhlükə yoxdur".

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi