banner
banner

Sİyasət

Nəticəsiz mitinqlər - sivil dünya etiraz formalarını dəyişir

| Xəbər 4906 dəfə oxunub
Nəticəsiz mitinqlər - sivil dünya etiraz formalarını dəyişir

Son illərdə sivil dünyada etiraz aksiyalarının forması dəyişib. İndi mitinqlərə deyil, daha çox piket və fləşmoblara üstünlük verilir. Azərbaycanda da bu tendensiya hiss olunur. Ancaq ənənəvi müxalifət ənənəvi mitinq taktikasına üstünlük verir.

Ekspertlər hesab edir ki, müasir dünyada mitinqlər artıq effektiv etiraz üsulu deyil. Azərbaycanda mitinqlərə gələnlərin sayı da çox azdır. İnsanların mitinqlərə inamının qalmaması isə eyni şüarların səslənməkdə davam etməsi, nəticənin isə olmamasıdır...

Mitinq dövrünün artıq başa çatdığını söyləmək olarmı? O baxımdan ki, mitinq proseslərə təsir etmək üçündürsə, bu təsir də yoxdursa, mitinqin nə əhəmiyyəti, mənası qalır?

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mitinqlərin son mübarizə üsulu olmasının əleyhinədir: “Mitinqlər siyasi mübarizənin tərkib hissəsidir. Hər bir partiyanın mitinq keçirmək hüququ var və bu, konstitusiyada təsbit olunub. Hakimiyyət varsa, ona müxalif qüvvələr də olmalı və mitinq keçirmək haqları tanınmalıdır. Bu, normaldır. Siyasi mübarizədə mitinqlərin bir neçə məqsədi var. Birincisi, mitinqi təşkil edənlər rəqibinə güc nümayişi göstərirlər. Ancaq bunun effektli olması üçün həmin mitinqə kifayət qədər insanın toplanması vacibdir. İkincisi, mitinqi təşkil edən bu yolla öz gücünü müəyyənləşdirmək istəyir ki, onun çağırışına nə qədər insan reaksiya verəcək. Üçüncüsü, mitinqi təşkil edən seçkidə daha çox səs toplamağı hədəfləyir. Buna baxmayaraq, mitinq partiya və hərəkatın müraciət etdiyi son mübarizə üsulu da olmamalıdır. Məsələn, Angela Merkel illərdir Almaniyanın kansleridir. Ancaq onun və partiyasının bu illərdə mitinq keçirdiyini xatırlamıram.

İtaliyada miting ile ilgili görsel sonucu

Merkel qapalı zallarda çıxış edərək fikirlərini seçicilərinə çatdırır. Bu o demək deyil ki, Azərbaycanı Almaniya ilə müqayisə edirəm. Bəlkə də Azərbaycan müxalifətinin qapalı zallarda müzakirələr keçirməsinə şərait yaradılsaydı, mitinqlərə də ehtiyac qalmazdı. Şəxsi qənaətim odur ki, mitinqlərdənsə qapalı zallarda müzakirələr, dəyirmi masalar, müxtəlif mövzularda konfrans və seminarlar Azərbaycan üçün daha xeyirlidir. Çünki 1980-ci illərin sonlarından mitinqlərdə iştirak etmişəm və gəldiyim qənaət budur ki, bu mitinqlərin inkişafımıza xeyri olmayıb, daha çox itirmişik. İlk mitinqimiz erməni separatçılarının Şuşa ətrafında Topxana meşəsini qırması ilə bağlı idi, ardınca onlarla mitinq keçirildi. Nəticəsi nə oldu? Topxana meşəsi qalsın bir yana, 20 faiz ərazimizi itirdik.

Mitinqlərin daha bir təhlükəsi ondadır ki, həmin mitinqə müxtəlif narazı təbəqələrin elektoratları toplaşır. Bu o demək deyil ki, onlar hakimiyyətə gəlsələr yenə bir yerdə olacaqlar. Bir neçə yerə parçalanan Azərbaycan Xalq Cəbhəsi  gözümüzün qarşısındadır. Və ya martın 10-dakı mitinqdə Milli Şura ilə Müsavat Partiyası birgə mitinq keçirdilər. Bu iki qurum arasında ittifaq yoxdur, hətta Müsavat funksionerlərindən biri partiyada yüksək vəzifəsini ona görə itirdi ki, Milli Şura ilə əməkdaşlıq edirdi. Ona görə də bu iki qurumun birgə mitinq keçirməsi hələ o demək deyil ki, hədəfləri eynidir. Hakimiyyətdən narazı vətəndaşların sayı az olmaya bilər, ancaq onlar keçmişdə baş verənləri unutmayıblar, ona görə də bu insanlar mitinqə gedib-getməmək qərarında təmkinlidirlər. Və ya son zamanlar Milli Şuranın mitinqlərinə islamçı cərəyanların təmsilçiləri qatılırlar. Vətəndaş düşünür ki, axı sabah bu qüvvələr hakimiyyətə gəlsə, bir yerdə olmayacaqlar, nə olsun ki, indi birgə mitinq keçirirlər”.

Politoloq ölkəmizdə mitinqlər yolu ilə dəyişikliyin mümkünsüz olduğunu düşünür: “Azərbaycanda mitinq yolu ilə hakimiyyəti dəyişmək dövrü arxada qaldı. Əksinə, mitinq yolu ilə hakimiyyətin dəyişdirilməsi bu yolla hakimiyyətə gələnlərin özlərinə yaxşı heç nə vəd etmir. Vaxtilə milli qüvvələr mitinq və küçə yürüşləri vasitəsilə prezident Ayaz Mütəllibovu devirib hakimiyyətə gəldilər, ancaq daha sərt üsulla da özləri devrildilər. İstənilən inqilab əks-inqilab yaradır. Ancaq hakimiyyət də müxalifətə şərait yaratmalıdır ki, onlar inqilab haqqında düşünməsinlər, sözlərini parlamentdə, qapalı zallarda deyə bilsinlər. Bu, hamının xeyrinədir.

Mitinqlər azsaylı olsa da, hər halda, cəmiyyətin diqqətini çəkir. Ancaq bu diqqətin ömrü jəmi bir neçə gün olur. Mitinqi təşkil edənlərin səhvi ondadır ki, insanlara bir aksiya ilə talelərin həll olunacağını təlqin edir. Təəssüf ki, siyasi mübarizənin başqa forması da yaranıb: söyüş və təhqir. Xaricdən dövlət başçısını təhqir etmək necə yanlışdırsa, daxildə də Avropadan təhqirləri söyləyənlərin qohum-əqrəbasını polisə aparmaq daha böyük yanlışdır. Bunu edənlər iqtidara böyük zərbə vururlar, hələ fərqində deyillər”.

Politoloq digər bir məqama da diqqət çəkdi: “Milli Şuranın mitinq keçirməsi onun hüququdur. Ancaq bu hüquq başqalarının hüququnu aşağılamaq anlamına da gəlməməlidir. Məsələn, mitinqdən əvvəl mitinqə qatılmamaq qərarı verən REAL Hərəkatına qarşı sərt ifadələr işləndi. Demokratiya hər bir fərdə və hər bir təşkilata özgür qərar verməyi təlqin etmirmi? Mübarizə demokratiya uğrundadırsa, REAL-a edilən hücumların demokratiya ilə əlaqəsi yox idi. Əgər bir təşkilat mitinqə qatılmamaq barədə qərar veribsə, o, niyə aşağılanmalı və satqınlıqda ittiham olunmalıdır? Bunun nəyi demokratiya və fikir azadlığına hörmət oldu?

REAL rəhbərliyi bəyanat verib ki, hərəkatın üzvləri Milli Şuranın mitinqinə qatılıb-qatılmamaq qərarında sərbəstdirlər. Daha bundan artıq nə deməli idilər?

Və ya ”AĞ Partiya müxalifət deyil" fikri, sadəcə, ona əsaslanır ki, bu partiya Milli Şuradan fərqli olaraq seçkiləri boykot etməyib. Niyə etməlidir? Niyə müxalifət partiyaları və hərəkatları başqasının planı üzrə hərəkət etməlidir? AĞ Partiya yeni yaranmış partiyadır və özlərini seçkidə sınamaq istəyirlər. Bundan sadə nə ola bilər ki? Partiyanın elə əsas məramı müxtəlif seçkilərdə iştirak etməkdir. Azərbaycanda müxtəlif illərdəki prezident seçkilərindəki boykotun kimə nə xeyri oldu?"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi