banner
banner

Sİyasət

“Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur” - prezidenti İlham Əliyev

| Xəbər 4725 dəfə oxunub
“Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur”

Sonra Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

APA-nın yerli bürosunun Gürcüstan Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır və Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir.

İlham Əliyev Gürcüstan hökumət başçısının Azərbaycana səfərinin əhəmiyyətini və ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib: “Əminəm ki, sizin Azərbaycana səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir və 2012-ci ildən bu mövqeyi saxlayır. Bu, sizin ölkədə investisiya mühitinin yaxşı olmasının göstəricisidir. Bu həmçinin bizim əlaqələrin yüksək səviyyədə olduğunu göstərir”.

Azərbaycan prezidenti iki ölkənin iştirak etdiyi qlobal əhəmiyyətli layihələrə də toxunub: “Bu layihələrdən biri ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tiflis-Qars layihəsidir. Cənub Qaz Dəhlizi və TANAP layihələrinin də reallaşması bizim əməkdaşlığı daha yüksək səviyyəyə yüksəldəcək”.

İlham Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur: “Bizim əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Əminəm ki, bu isti münasibətlər gələcəkdə xalqlarımızın rifahına xidmət edəcək”.

Georgi Kvirikaşvili isə iki ölkə arasında iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib: “Azərbaycana səfər bizim üçün hər zaman əlamətdardır. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Şadıq ki, ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən il ikitərəfli ticari-iqtisadi əlaqələrdə əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan Gürcüstanın bir nömrəli investorudur. Sonuncu statistik məlumata əsasən, Azərbaycan birinci yerdədir və bu, sevindirici haldır. Sizin qeyd etdiyiniz Bakı-Tiflis-Qars, Cənub Qaz Dəhlizi strateji layihələrin mühüm iqtisadi və geosiyasi əhəmiyyəti var. Qlobal formatlarda Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və bu strateji tərəfdaşlığa əsaslanır”.

Gürcüstanın baş naziri Azərbaycan prezidentini birinci respublikanın elan olunmasının 100 illik yubileyi münasibətilə təbrik edib: “Bu tarix Gürcüstan və Azərbaycan üçün əhəmiyyətlidir və ümid edirəm ki, biz bu tarixi layiqincə qeyd edəcəyik”.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanla Gürcüstan arasında müzakirə olunmalı, çözülməli məsələlər son vaxtlar çoxalmışdı. Gürcüstan demək olar ki, həm Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi, həm TANAP layihəsinin Gürcüstan ərazisindən keçən hissəsinin çəkilişindən sonra Azərbaycanla münasibətlərində demək olar ki, qeyri-səmimilik nümayiş etdirməyə başlamışdı. Gürcü baş nazirin səfəri Bakıda bu məsələlərə də aydınlıq gəlməsi baxımından vacib səfər sayıla bilər: “Bu yaxınlarda Ermənistan prezidenti Serj Sərkisyan Tiflisə gəldi, orada Abxaziyadan keçən dəmir yolunun və Cənubi Osetiyadan keçəcək şose yolunun birləşdirilməsi üçün icazə istədi. Sərkisyan müəyyən qədər bu arzusuna çatdı. Yəni Gürcüstan tərəfi Cənubi Osetiya vasitəsilə keçən şose yolunun işə salınmasına razılıq verdi. Amma bir şərt qoydu ki, burada gömrük məntəqəsi qoyulmasın. Rusiyadan Ermənistana, Ermənistandan Rusiyaya gedən yük maşınları artıq çox asanlıqla həmin yoldan keçirlər.

Bu yaxınlarda Azərbaycana toxunan çox adioz bir hərəkət isə Gürcüstanın baş naziri tərəfindən edildi. Gürcüstanın baş naziri böyük nümayəndə heyəti ilə İrəvana səfərə getdi. Orada qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əydi və gül çələngi qoydu. Bundan az öncə isə Gürcüstanın prezidenti azərbaycanlıların yaşadığı Marneuli rayonunda yerli sakinlərin “Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad edək” təklifinə əhəmiyyət verməmişdi.

Yəni Gürcüstan hakimiyyətinin son zamanlar bu tipli davranışları, deyəsən, onların aclıqla, donmaqla üz-üzə qaldıqları və Azərbaycanın hesabına xilas olduqları vaxtları unutduqlarını deməyə əsas verirdi. Gürcüstan acınacaqlı durumdaydı, ölkə xaos içindəydi. Onu bu vəziyyətdən Azərbaycan qurtardı. Azərbaycan Gürcüstana 7 il pulsuz elektrik enerjisi, mavi yanacaq verdi, Gürcüstanın maraqlarını müdafiə edən bir çox addımlar atdı. Bu addımlara qardaş Türkiyə tərəfindən dəstək gəldi. Hazırda da Azərbaycan Gürcüstana qaz satışında ciddi güzəştlər edir. Azərbaycan Gürcüstana qazı öz əhalisinə satdığı qiymətdən aşağı qiymətə satır. İndi Gürcüstan hökuməti Ermənistana qucaq açır. Nəhəng enerji və nəqliyyat layihələrinin böyük qismi həyata keçdikdən sonra Gürcüstan Ermənistana bu cür davranmaqdadır. Bu, qəbuledilməzdir. Bu və digər məsələləri nəzərə alsaq deyə bilərik ki, Azərbaycanın Gürcüstan hökumətinə deyəcək sözləri, iradları, aydınlıq gətirilməsini istəyəcəyi məsələlər çoxdur. Hər halda, gürcü baş nazirinə keçirilən görüşlərdə, bağlı qapılar arxasında Azərbaycan tərəfi öz sözünü deyib. Bizim Gürcüstandan soruşmaq haqqımız var ki, Azərbaycanın maraqlarına uyğun olmayan, toxunan addımları necə başa düşək və bu cür addımlar dayanacaqmı. Dayanmasa, biz bundan ciddi nəticələr çıxara bilərik".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi