banner
banner

Sİyasət

Prezident İlham Əliyev: Azərbaycanda daxili risklər üçün heç bir mənbə yoxdur, xarici risklərdən isə özümüzü qoruyuruq və qoruyacağıq

| Xəbər 8897 dəfə oxunub
Prezident İlham Əliyev: Azərbaycanda daxili risklər üçün heç bir mənbə yoxdur, xarici risklərdən isə özümüzü qoruyuruq və qoruyacağıq

Azərbaycanda daxili risklər üçün heç bir mənbə yoxdur, xarici risklərdən isə özümüzü qoruyuruq və qoruyacağıq.

Trend-in məlumatına gorə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar".

İlham Əliyev qeyd edib ki, Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır: "Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar".

Prezident bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır: "Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik".