banner
banner

Mədənİyyət

Bakıda “Tristessa” müasir musiqi gecəsi keçirilib

| Xəbər 3741 dəfə oxunub
Bakıda “Tristessa” müasir musiqi gecəsi keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına VII Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində “Tristessa” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, festival dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilib.

Filarmoniyanın səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevin “Tristessa” avanqard simfoniyası və Alban Berqin “Lulu” operasına yazdığı soprano və orkestr üçün süita səslənib. Orkestrə Azərbaycanın Xalq Artisti Fuad İbrahimov dirijorluq edib. Solist Əməkdar Artist Fəridə Məmmədova (soprano) olub.

Fərəc Qarayev orkestr üçün “Tristessa” simfoniyasını 1982-ci ildə yazıb. Əsərin partiturasında bu sözlər yazılıb: “Atama, Müəllimimə, Dostuma ithaf edirəm”. Simfoniyada Qara Qarayevin fortepiano üçün bir neçə pyesindən istifadə olunub.

Tanınmış Avstriya bəstəkarı və pedaqoqu Alban Berq (1885-1935) alman ekspressionizminin və Yeni Vyana məktəbinin nümayəndələrindən biridir. O, Arnold Şönberqin tələbəsi və onun yaradıcılığının fəal təbliğatçısı olub. İlk əsərlərini dodekafon texnikasında yazıb. Onun yaradıcılığı XX əsrin görkəmli bəstəkarlarına – Dmitri Şostakoviçə, Qara Qarayevə, Edison Denisova və başqalarına böyük təsir göstərib. Alban Berqin soprano və orkestr üçün “Lulu” süitası 1934-cü ildə yaradılıb.

Xatırladaq ki, Müasir Musiqi Festivalı onun bədii rəhbəri, Moskva Konservatoriyasının professoru F.Qarayevin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 20 il sonra bərpa olunub və 2011-ci ildən başlayaraq iki ildən bir bahar fəslində keçirilir. Festival çərçivəsində konsertlərlə yanaşı, müasir akademik musiqinin müxtəlif nəzəri aspektlərinə həsr olunmuş mühazirələr və ustad dərsləri təşkil edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi