banner
banner

Sİyasət

ABŞ-ın Azərbaycanla bağlı ayrı-seçkiliyinin 2 səbəbi

| Xəbər 1574 dəfə oxunub
ABŞ-ın Azərbaycanla bağlı ayrı-seçkiliyinin 2 səbəbi

ABŞ-ın ATƏT-dəki missiyası bəyanat yayaraq növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan edib. Xəbər verdiyimiz kimi, bəyanatda Rusiyadan Abxaziya və və Cənubi Osetiyadan çəkilməsi də tələb olunub.

“Artıq 10 ildir ki, Rusiya alternativ reallıq yaratmağa səy edir. Gürcüstan Abxaziya və Cənubi Osetiyada yaşayan adamlarla qarşılıqlı təmas imkanları axtardığı halda, Moskva bu iki saxta dövlətlə əlaqələr yaratmaq hesabına qonşu suveren ölkənin regionlarının işğalını və onlara nəzarəti davam etdirir. Rusiya beynəlxalq hüquq normalarını pozduğuna, həqiqəti təhrif edib tarixi təzədən yazmaq cəhdlərinə görə məsuliyyətə cəlb edilməlidir. ABŞ 2008-ci ildə imzalanmış atəşkəs sazişinə uyğun surətdə Moskvanın öz qoşunlarını Gürcüstandan çıxararaq müharibəyə qədərki mövqeyə çəkməsində və Abxaziyanın, Cənubi Osetiyanın tanınması haqda bəyanatını geri oxumasında təkid edir”.

ATƏT missiyasının bəyanatı separatçı bölgələrlə bağlı rəsmi Vaşinqtonun qonşu ölkəyə açıq dəstək ifadə edən sözlərlə bitir: “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.

Beləliklə, növbəti dəfə ABŞ Gürcüstana ərazi bütövlüyü məsələsində birmənalı dəstəyini nümayiş etdirmiş oldu. Lakin Dağlıq Qarabağ məsələsində də ABŞ-dan eyni prinsipiallıq və qəti yanaşma, beynəlxalq hüquqa söykənən mövqe sərgilənməsini görmürük. Əksinə, Vaşinqton illərdir “ikili standart” siyasəti yürüdür, separatçı rejimə maliyyə yardımları ayırır, onun cinayətkar başçısı Bako Saakyana Birləşmiş Ştatlara səfər eləməsi üçün vizalar verir, bəzi konqresmenlər vaxtaşırı Qarabağa qanunsuz səfərlər eləmək azmış kimi, üstəlik, Ağ Evi qondarma qurumun “müstəqilliyini” tanımağa çağırırlar.

Bəs nədən ABŞ Gürcüstana ərazi bütövlüyü məsələsində verdiyi birmənalı dəstəyi Dağlıq Qarabağ məsələsində Azərbaycana vermir və Rusiyadan dəfələrlə kiçik olan Ermənistan qarşısında belə bir tələb qoymur? Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqazakı problemlərin hamısının - Abxaziya, Osetiya, Dağlıq Qarabağ problemlərinin Rusiya tərəfindən yaradıldığı sirr deyil və onların bu günə kimi həll olunmamasında da Rusiyanın böyük rolu var: “Bu konfliktlərin yaranmasında etnik separatçı qüvvələrdən istifadə olunub və onlar bu günə qədər idarə olunurlar. ABŞ-ın ATƏT-dəki misiyasının Gürcüstanın ərazi bütövlüyünə münasibəti də normal qəbul olunur və doğru addım kimi qiymətləndirilməlidir. Əslində bütün dünya dövlətləri, o cümlədən ABŞ Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Lakin bu iki konflikt arasında olan fərq ondadır ki, Dağlıq Qarabağ konfliktinin həlli razılaşdırılmış halda ATƏT-in Minsk Qrupuna həvalə olunub. Problemin sülh yolu ilə həllinə də cavabdeh məhz həmin qurumdur. Həmsədr kimi Rusiya konfliktin sülh yolu ilə həllində maraqlı olduğu imitasiyasını yaradır. O başqa məsələdir ki, Minsk Qrupunun fəaliyyəti bizi qane etmir və sonda müsbət nəticə olacağına inam azdır. Amma Azərbaycan hələ ki, bu formatdan imtina etməyib. Ona görə də çox vaxt böyük dövlətlər məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun  qərarını dəstəkləyəcəyini bildirirlər. İkinci tərəfdən Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Məlumdur ki, onlar bunu danışıqlar prosesinin sonsuza qədər davam etməsi naminə edirlər. Əgər Dağlıq Qarabağı de-fakto tanısalar, Azərbaycan dərhal danışıqların sülh formatından çıxıb müharibə edər və beynəlxalq birlik buna bir söz deməz və hətta bir çoxları dəstək də verərlər. Abxaziya və Cənubi Osetiya da isə vəziyyət Qarabağdan daha ağırdır. Problemin sülh yolu ilə həlli ilə bağlı hər hansı beynəlxalq format yoxdur. Oradakı separatçı rejimləri Rusiya açıq müdafiə edir, əhalisinə rus vətəndaşlığı verir, ən əsası isə odur ki, hər iki qondarma respublikanın müstəqilliyini tanıyır. Nəticə olaraq bu gün Rusiyanın Gürcüstanla demək olar ki, diplomatik münasibətləri yoxdur, Gürcüstan vətəndaşlarına da Rusiyaya getmək üçün viza tələb olunur,  bu vizanı da çox çətinliklə verirlər”.

Ekspert həmçinin, hesab edir ki, ABŞ-ın Ukrayna ilə müqayisədə daha az dəstək verdiyi Gürcüstan Qərbə daha çox inteqrasiya edib: “Onun ərazi bütövlüyünə ABŞ-ın birmənalı dəstək verməsində bu amil də rol oynayır”.