banner
banner

Gündəm

Azərbaycana İŞİD təhlükəsi azalıb iddiasına ekspert rəyi

| Xəbər 1315 dəfə oxunub
Azərbaycana İŞİD təhlükəsi azalıb iddiasına ekspert rəyi

Son zamanlar İŞİD terror təşkilatının sanki “qeybə çəkildiyi” müşahidə olunur. Əvvəlki illərdə saysız-hesabsız terror aktları ilə dünyanı təhlükə ağuşuna alan terror qruplaşmasının getdikcə sıradan çıxdığı və artıq tarix olması barədə fikirlər artıb.

Bütün bunlarla yanaşı, İŞİD-ın yenidən “dirçələ” biləcəyi barədə mövqelər də vaxtaşırı səslənir. Hesab edilir ki, sadəcə, ciddi zərbələr aldığından terror təşkilatı güc toplamaq üçün qınına çəkilib. Yəni ölkələr üçün İŞİD təhlükəsinin qaldığı da vurğulanır.

Bəs, Azərbaycan üçün necə, bu təhlükə qalırmı? Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, İŞİD hazırda öz funksiyasını müəyyən qədər dayandırıb: “Məlum məsələdir ki, İŞİD bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları tərəfindən idarə olunan təşkilat idi. Məqsədli şəkildə yaradılmışdı. Hətta bu, elə bir təşkilatı idi ki, bir siyasi terror, aksiya belə həyata keçirməyib. Bu da bira daha ona dəlalət edir ki, doğrudan da idarə olunan qurum olub. Əsas məqsədi də həm İslama qarşı insanların ayağa qaldırılması, həm də İslamın özünün parçalanması idi. Eyni zamanda yaranan situasiyadan istifadə edərək, müəyyən ərazilərin ələ keçirilməsi niyyəti var idi. Bəzi iddialar var idi ki, İŞİD Amerika və digər dövlətlər tərəfindən yaradılıb. Onun tərkibinə baxanda görürük ki, adları məşhur olan şəxslər komandirlik edirdilər. Məsələn, Tacikistanda OMON rəhbəri olan şəxs İŞİD-da yüksək vəzifə tuturdu. Hətta hazırda həmin vəzifəsini davam etdirir. Təsəvvür edin ki, o, 8 nəfərlik qrupu ilə Rusiya sərhədini keçərək getmişdi. Yəni bunların hamısı müəyyən müəmmalı məqamlardan xəbər verir. Almaniyadan olan bir neçə komandir İŞİD-də bu dəqiqə də komandirlik edirlər. Bütün bu proseslər onu göstərir ki, burada tək müsəlman inanclı şəxslər vuruşmurlar. Hazırda ərəb dünyasında elə bir an yaranıb ki, bu qruplaşmadan istifadə olunması o qədər də vacib görünmür. Proseslər bu gün bir az sakitləşib. Gördüyümüz kimi, son raket atışmalarından sonra proseslər tamam başqa istiqamətə doğru dəyişib. Əsas məqsəd tək bu qruplaşmalardan istifadə etmək deyil”.

A.Nağıyev ölkəmiz üçün İŞİD təhlükəsinin qalmadığını da vurğuladı: “Azərbaycana gəlincə, dəfələrlə deyildiyi kimi, əməliyyat şəraitinə ciddi nəzarət olunduğu üçün müəyyən qədər səngimələr var. Hətta bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik olunub. Cəlbetmə proseslərinin də qarşısı alındığı üçün İŞİD Azərbaycan üçün böyük səpkidə təhlükə deyil. Lakin unutmaq olmaz ki, heç bir dövlət terrordan sığortalanmayıb. Ad da, forma da dəyişər, amma məqsəd  qala bilər. Bu gün məlum məsələdir ki, onlar yazılmış və ya yazılmamış hər hansı bir plan qarşılarına qoyublarsa, ondan istifadə edəcəklər. Ona görə həm İraq, həm Suriya, həm də digər ərazilərdə partizan hərəkatları ilə müəyyən məsələlər həll etməyə cəhdlər edə bilərlər. Lakin qarşılarına qoyduqları ”İraq Şam İslam Dövləti"ni yaradacaqları ilə bağlı məqsəd hazırda sıradan çıxıb. Bir sıra dövlətlər tərəfindən artıq problemlər müəyyən qədər həll olunub. Azərbaycanda bu gün onlara tam şəkildə nəzarət olunduğuna, baş qaldıranına yerindəcə zərbə vurulduğuna görə səngimə prosesi davam edir. Eyni zamanda sosial şəbəkələrdə onların cəlb olunmalarının qarşısı alınıb və alınmaqdadır. Belə proseslərə görə tam şəkildə deyə bilərik ki, Azərbaycan üçün İŞİD qorxusu yoxdur. Bir faktı da deyim ki, terror təşkilatlarının susqunluğu, sükutu ən çox idarəçi orqanlardan asılıdır. Nə vaxt belə təşkilatlardan istifadə etmək qərarı veriləcəksə, onların haradasa istifadələrinə lüzum bilinəcəksə, o istiqamətdə də bunlardan istifadə olunacaq. Gördüyünüz kimi, Əfqanıstanda, eləcə də, Orta Asiyanın bəzi hissələrində, hətta böyük siyasi layihələrin həyata keçirilməsində hansısa bir dövlətə qarşı bu vasitələrdən istifadə olunub. Yəni bu proses çox uzun müddət davam edə bilməz. Bu baxımdan daim terror təşkilatlarının nəzarətdə saxlanılması, diqqətə alınması çox vacibdir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər olduqca təqdirəlayiqdir. Bu şəkildə də davam etməsi vacibdir. Heç bir halda terrorçuları diqqətdən kənarda qoymaq olmaz. Çünki boşluq tapdıqları an istədiklərini həyata keçirməyə cəhdlər edə bilərlər".