banner
banner

Mədənİyyət

Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

| Xəbər 1494 dəfə oxunub
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq.

Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını
bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması istiqamətində addımlar atmaqdır.

Festival həmçinin, çoxmədəniyyətli anlaşma və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət edir.