banner
banner

Gündəm

Deputat Sona Əliyevanın anası qızından ədalət istəyir

| Xəbər 1820 dəfə oxunub
Deputat Sona Əliyevanın anası qızından ədalət istəyir

“Qızım deyir ki, atası mal-mülkün bölgüsünü ona həvalə edib. Belə bir şey yoxdur. Olsaydı, mərhum yoldaşım ilk növbədə bunu mənə deyərdi. Mən qızım Sonadan yaşımın bu çağında bizim ailənin yanında olmasını istəyirəm. Bu dünyanın mal-mülkü burada qalacaq. Rəhmətlik atası çox yaxşı insan idi, heç vaxt kimsəyə pislik etməzdi. Elin ağsaqqalı idi. Məsələnin bu şəkildə böyüməsini istəmirik. Amma Sona mənə və qardaşlarına başqa yol qoymadı. Yenə də gec deyil, bizim yanımıza qayıtsın, qanunla ona düşən əmlak payına sahib çıxsın. Bunu dəfələrlə özünə də demişik”.

Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyeva belə deyir.

Onun fikirlərinə əsaslanan və  “Yeni Müsavat”ın ötən sayında dərc olunan yazıda deputatın atasından qalma mirasın 75 faizinə sahib çıxmaq istəyindən söhbət açılırdı. Bundan sonra Sona Əliyeva mətbuata açıqlama verərək deyib ki, atasının vəfatından sonra ailə üzvləri arasında mirasla bağlı gərginlik yaşanıb, atasının vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin 3 övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılıb.

Sitat: “Məsələnin böyüməsinin və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etmiş, atam tərəfindən mənə bağışlanan ”Mercedes" markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirmişəm".

IMG_20180414_113953.jpg (192 KB)

Bəsirə Əliyeva isə deyir ki, qızına çatacaq əmlak payını vermək istəyirlər, amma bölgünün ədalətli aparılmasının tərəfdarıdır: “Mərhum həyat yoldaşımın əmlak bölgüsü ilə bağlı vəsiyyəti olmayıb. ”Mersedes" markalı, Az 90 UU 957 dövlət nömrəli maşını da qardaşları onun sürücüsünə idarə etməyə veriblər. Sonradan da öz adına keçirib. 2017-ci il dekabrın 13-də oğlum Adil Əliyev onun sürücüsü Şəmsi Ramiz oğlu Rəhimovun adına etibarnamə verib. Ona görə verib ki, sürücü həmin maşınla xəstəxanaya, dərman dalınca rahat gedib-gələ bilsin. Həyat yoldaşımın ölümündən 25 gün sonra maşını öz adına keçirib. Əgər biz həmin maşını Sonaya vermək istəsəydik, elə etibarnaməni onun adına verərdik. Deməyim odur ki, onun əmlak payını heç kim danmır. Sadəcə, istəyirəm ki, bütün mal-mülk bərabər şəkildə övladlarım arasında bölünsün. Mətbuata üz tutmazdan əvvəl ona dəfələrlə xəbər yollamışıq, demişik ki, gəl, oturaq əmlakı bölək, payını götür. Onun əmlak payını vermək istəyirik. Mərhum həyat yoldaşım əmlakın bu şəkildə bölgüsünə yalnız sevinərdi. O, Sonaya, ümumiyyətlə, əmlak payı verilməsini deməyib. Vəsiyyət etməyib. Biz ona 25 faiz payını veririk. Bu gün onun atasından qalma “Murovdağ” kiçik müəssisəsinin işi iflic olub. Biz hər gün işləyirik, bütün maliyyə işimiz bank hesabları üzərindən aparıldığından xidmət haqları hesabımıza köçür. İstəyirəm qızım Sona Əliyeva bütün umu-küsüləri kənara qoyub təsisçilərin yığıncağına qatılsın. Müəssisədəki 25 faiz payın sahibi odur. Təsisçilərin yığıncağında onun iştirakı olmasa, biz müəssisəyə icraçı direktor təyin edə bilmirik. Qanun buna yol vermir. O da bunu bilir və yığıncağa qatılmaqdan yayınır. Odur ki, işimizi davamlı apara, hesablarımızdakı vəsaitlərə də toxuna bilmirik".

Bəsirə Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsinin olduğunu da yazmışdıq. Həmin qətnamədən aydın olurdu ki, məhkəmə Sona Əliyevanın adına verilmiş müqaviləsini etibarsız hesab edib.

Məhkəmə qətnaməsindən sitat: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırıb ki, Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ" kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün-sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl, tez gedək notariat kontoruna, onun bütün əmlakını sənin adına keçirək” deyib. O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub...

IMG_20180414_104635.jpg (1.69 MB)

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik, özünün payı da əldən gedib.

Qətnamədən sitat: “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilib və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atıb. Ona izah olunmayıb ki,  əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı, qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi, cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə «ASAN xidmət» mərkəzinin notariat kontorunda ”Murovdağ" kiçik müəssisəsindəki  nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib".

IMG_20180414_114151.jpg (169 KB)

Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə «ASAN Xidmət» mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə «ASAN Xidmət» mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ" kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb".

Məhkəmə qətnaməsi ortada ikən deputat xanımın mətbuatı hədəf seçməsi də gülünc görünür. Əmlak davasında günühlandırılacaq 1 tərəf varsa,  həmin tərəf də mətbuatdır. Xanım deputatın da ünvanı doğru seçməsi pis olmazdı.