banner
banner

Sosİal

Yağıntılı hava aqrar sektora zərər vurur, yoxsa...

| Xəbər 3615 dəfə oxunub
Yağıntılı hava aqrar sektora zərər vurur, yoxsa...

Son günlər ölkə ərazisində yağıntılı, nisbətən soyuq hava şəraiti müşahidə olunmaqdadır. Xüsusilə şimal rayonlarına, dağlıq Şirvan ərazisində hava daha kəskin olub, hətta Şamaxı, İsmayıllı, Qusar, Quba rayonlarına qar düşüb. Bəzi bölgələrdə kəskin hava şəraitinin çiçəkləməkdə olan meyvələrə zərər vurduğu qeyd olunur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murtuzəli Hacıyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, son yağıntıların kənd təsərrüfatı əkinlərinə ziyanı deyil, əksinə, xeyri var: “Bu dövrdə yağışların olması taxıl əkinləri üçün xüsusilə faydalıdır. Taxıl hazırda boruyaçıxma mərhələsindədir, hansı ki, bu mərhələdə yağıntıların olması məhsuldarlığı yüksəldir. Bundan əlavə, hava şəraitinin yağıntılı olması səpin yerlərində torpaqda nəmişliyi artırır ki, bu da səpilən toxumlar üçün çox müsbət haldır. Xüsusilə də dəmyə əkinçiliyi üçün indiki yağıntılar daha çox əlverişlidir”.

Yağıntının meyvələrə təsirinə gəlincə, nazirlik rəsmisi hansısa mənfi təsirin olmayacağı qənaətindədir: “Əvvəla, oyanmış, çiçəkləməkdə olan meyvələrə mənfi təsir göstərməsi üçün havanın temperaturunun mənfi 5 dərəcə və ondan yuxarı olması lazımdır. İkincisi, belə hava uzunmüddətli olmalıdır. Ölkəmizdə isə yağıntılar qısamüddətli oldu, üstəlik, mənfi 5 dərəcə şaxta heç yerdə qeydə alınmayıb. Belə olsaydı, təbii ki, şimal bölgəsində qərzəkli meyvələrin çiçəkləməsinə mənfi təsir göstərərdi”.

Şöbə müdiri onu da bildirdi ki, bu mövsüm üçün ölkə üzrə 991,169 hektar sahədə payızlıq dənlik bitkilər əkilib. Bu isə ötən ilə nisbətən ümumilikdə dənlik bitki əkinlərində 9,3 faiz, o cümlədən buğdada 12,1 faiz, arpada 3,9 faiz artım deməkdir. İndiyədək ölkə üzrə 14 min hektar sahədə pambıq çiyidi əkilib, səpin işləri davam etdirilir. Ümumilikdə 140 min ha sahədə pambıq səpilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə üzrə 36,5 min ha qarğıdalı,  17 min ha dənli-paxlalı bitkilər, 3,7 min ha tütün, 16 min ha günəbaxan, 24 min ha bostan bitkiləri, 70 min ha tərəvəz, 60 min ha kartof səpiləcəyi proqnozlaşdırılır.

Murtuzəli Hacıyev ile ilgili görsel sonucu

M.Hacıyevin verdiyi məlumatdan o da aydın oldu ki, bu ilin 3 ayında ölkədə tərəvəz istehsalında ciddi artım qeydə alınıb. Belə ki, yanvar-mart aylarında tərəvəz istehsalı 28,3 faiz artıb. Dəyər ifadəsində bitkiçilikdə artım isə 63,2 faiz təşkil edib. M.Hacıyevin dediyinə görə, bunun 2 əsas səbəbi var: “Əvvəla, fermerlər lazımi aqrotexniki qaydalara daha yüksək səviyyədə əməl edirlər. Nazirlik tərəfindən bununla bağlı onlara daim lazım olan məlumatlar, məsləhətlər təqdim olunur. Yerlərdə onlara təlimlər keçirilir, innovativ, intensiv texnologiyalar onlara çatdırılır. Bunun nəticəsində isə məhsuldarlıq getdikcə artır. İstehsalın artmasının ikinci səbəbi hazırda örtülü torpaq sahələrində, o cümlədən istixana şəraitində faraş tərəvəz yetişdirilməsinin sürətlə genişləndirilməsidir. Nəticədə birinci rübdə tərəvəz istehsalı 2017-ci ilin eyni dövründəki 22 min 654 tona qarşı 51 min 720 ton təşkil edib”.

İstehsalın artmasına baxmayaraq, bazarda tərəvəzin, xüsusilə də xiyar-pomidorun qiyməti ötənilkindən xeyli bahadır. M.Hacıyev deyir ki, qiymətləri bazar tənzimləyir: “Baxın, ötən bir həftə ərzində xiyarın qiyməti 50 faiz aşağı düşüb. Yaxın 10 gündə pomidorun da qiyməti düşəcək”.

Onu da qeyd edək ki, bu il aqrar sektorun texniki təminatına xüsusi diqqət yetirilir. Ölkə prezidentinin sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına texnika alınması üçün dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə 160 milyon manat vəsait ayrılıb. Nazirlik rəsmilərinin verdiyi açıqlamadan aydın olur ki, 2018-ci ildə “Aqrolizinq” ASC tərəfindən pambıqçılıqda istifadə olunması üçün 3460 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası sifariş verilib. Artıq bu texnikaların bir hissəsi gətirilərək istehsalçılara paylanılıb.

Bundan əlavə, ölkəyə çəltikçilik, çayçılıq və sitrus meyvələrinin inkişaf etdirilməsi məqsədilə də texnikalar gətirilməkdədir. Belə ki, bu il ilk dəfə olaraq çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə Yaponiyanın “Kubota”, Cənubi Koreyanın “Kito Deadonq” firmalarının istehsalı olan 30 ədəd yeni çəltikçilik texnikası gətirilib. Bu maşınlar arasında kiçik sahələrdə çəltik əkən və çəltik becərən texnikalar da var. Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara, Masallı rayonlarında fermerlərə təqdim olunub.

2018-ci ildə ölkəyə ABŞ-ın “Con Deer”, Almaniyanın “Claas”, Finlandiyanın “Sampo” və başqa firmaların istehsalı olan 260 ədəd taxılyığan kombaynın gərilməsi də nəzərdə tutulur. Artıq ölkəyə 50-yə yaxın taxılyığan kombayn gətirilib. Onların taxıl istehsalçılarına verilməsi nəzərdə tutulur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi