banner
banner

Sİyasət

Hikmət Babaoğlu: “Sarkisyanın qovulması hərbi-xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi”

| Xəbər 9473 dəfə oxunub
Hikmət Babaoğlu: “Sarkisyanın qovulması hərbi-xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi”

“Qatil Sarkisyanın hakimiyyətdən qovulması hərbi-xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi. Ancaq məsələ bununla bitməyəcək”.

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, Sarkisyan və onun quldur dəstəsi illərdir diktatura rejimi quraraq Ermənistanın bütün resurslarını istismar edib: “Minlərlə etirazçı bunun hesabının soruşulmasını istəyəcək. Hazırda Ermənistanda yaratdıqları sistemli korrupsiya maşını hesabına təkcə büdcəni deyil, hətta erməni diasporu tərəfindən göndərilən ianələri belə mənimsəyən soyğunçu oliqarxiya Sarkisyanla bərabər hazırlıqsız yaxalanıb və ölkədən qaçmaq üçün yollar axtarırlar. Ancaq bu, o qədər də sadə məsələ deyil. Əgər Sarkisyan oliqarxiyası əlindəki korrupsiya kapitalını ölkədən çıxararsa, Ermənistanın çox zəif olan iqtisadiyyatı bir daha iflic olar. Ona görə də etirazçılar buna yol verməməyə çalışacaqlar”.

H. Babaoğlunun fikrincə, artıq Ermənistanda hamıya aydındır ki, Dağlıq Qarabağ münaqişəsini siyasi istismar mövzusuna çevirməklə hakimiyyətdə qalmaq siyasəti mümkün olmayacaq: “Çünki aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olacağına inananların sayı hər gün bir az da azalır. Sarkisyan rejiminin hakimiyyətini təmin edən başlıca faktor isə bu idi ki, Ermənistan daxili auditoriyaya qalib ölkə kimi təqdim edilir, işğalın daimi olacağı inamı təlqin edilirdi. Ancaq bugünkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial-iqtisadi vəziyyət böhran həddindədir, işsizlik, yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb. Eyni zamanda, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Hətta Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası Ermənistanın ənənəvi tarixi dostlarını belə özünün tərəfdaşlarına çevirib. Belə olan halda, işğalçılıq siyasəti ilə regionda mövcud olmaq sadəcə, mümkünsüz hala gəlib. Ona görə də Sarkisyanın istefası xilas üçün yeganə çıxış yolu kimi görünürdü və ermənilər də bunu dərk etdikləri üçün radikal etiraz yolu tutmalı oldular. Nəticə həm də bir həqiqəti aydın göstərdi ki, yeni siyasi mərhələdə siyasi liderlər mütləq bu faktorları siyasi strategiyanı müəyyənləşdirərkən nəzərə almalıdırlar”.

S. Sarkisyanın Xocalı soyqırımına görə cəzalandırılmasına gəlincə, H. Babaoğlu nəzərə çatdırıb ki, bu cani beynəlxalq təşkilatlar qarşısında törətdiyi cinayəti etiraf edib: “Kifayətdir ki, daima insan hüquqlarından, ədalətdən danışan avropalılar Azərbaycanın tələblərinə obyektiv cavab verib hərbi tribunal qursunlar, Balkanlarda soyqırım törədən hərbi-siyasi caniləri cəzalandırdıqları kimi, qatil Sarkisyanı da cəzalandırsınlar. Əlbəttə, Azərbaycan Sarkisyanın beynəlxalq hərbi tribunala cəlb edilməsi üçün əlindən gələni edəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi