banner
banner

Gündəm

Ombudsman Elmira Süleymanovadan məmurlara çağırış: "Hər bir vəzifəli şəxs öz işini ..."

| Xəbər 10413 dəfə oxunub
Ombudsman Elmira Süleymanovadan məmurlara çağırış:

“Bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlılıq təmin edilməlidir. Bu məqsədlə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisə təqdim etdiyi hesabatı zamanı söyləyib. 

Ombudsman bəzi vəzifəli şəxslərə və məmurlara iradını çatdırıb: “Korporativ məsuliyyət məsələsinə diqqətin ayrılması, əhalinin qayğıya ehtiyacı olan qrupların hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiqi də zəruridir. 

Vətəndaşların rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməlidir”.

E.Süleymanova dedi ki, bu işlər davamlı xarakter daşımalıdır: “Vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir”.

Məruzədə o da bildirilib ki, şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Müvəkkil tərəfindən aidiyyatı dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda Konstitusiya qanunu ilə müəyyən edilən müddətdə və mahiyyəti üzrə cavab verilməyib: “Bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olub. Odur ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalıdır. Bütün səylər insan rifahının yüksəldilməsinə və sosial proqramların icrasına yönəldilməlidir”.

Deputat Tahir Kərimli Ombudsmanın məruzəsinə münasibət bildirərkən bəzi təşəbbüslərlə çıxış edib. Ombudsmanın amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etməsini təqdir edən T.Kərimli onu da bildirdi ki, heç bir təqsiri olmadan Azərbaycan vətəndaşları devalvasiya nəticəsində ziyana düşüblər. Ona görə də deputat Ombudsmanın bu məsələ ilə bağlı təşəbbüs göstərməsini xahiş etdi.

Deputat Əflatun Amaşov isə Ombudsmanın hesabatındakı media ilə bağlı məqamlara tənqidi yanaşdı.

Bundan sonra hesabat səsə qoyuldu və qəbul edildi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi