banner
banner

Sİyasət

Parlamentdə gərgin təhsil qanunu müzakirələri

| Xəbər 7627 dəfə oxunub
Parlamentdə gərgin təhsil qanunu müzakirələri

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliklərin edilməsi barədə Konstitusiya Qanununu ikinci oxunuşda səsverməyə təqdim etdi. Deputatlar qanuna yekdilliklə səs verdilər. Deputat Kamran Nəbizadə isə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda səsverməyə təqdim etdi və layihə qəbul olundu.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputatlar paytaxtın və bəzi bölgələrin ekoloji problemlərindən bəhs etdilər.

Deputat Vahid Əhmədov Bakı şəhərində yaşıllıqların kütləvi qırılması səbəbindən yaranmış problemlərə diqqət çəkdi. Onun sözlərinə görə, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi ekoloji durumu pozur: “Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq edir. Amma buna rəğmən ağacların qırılması halları davam edir”.

Deputat xatırlatdı ki, Göyçayda körpünün çökməsi də ekoloji tarazlığın pozulmasının nəticəsidir: “Qubada çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb oldu. Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır?”

 Deputat Musa Quliyev Bakı bulvarındakı ekoloji problemə diqqət çəkdi: “Biz tez-tez Bakı bulvarında oluruq. Vətəndaşların bir şikayəti var ki, Xəzər dənizinin bulvar hissəsində məişət tullantılarının atılması səbəbindən çox pis mənzərə var. Oradan bəzən elə üfunət qoxusu gəlir ki, adam xarici vətəndaşlardan utanır. Ona görə də əlaqədar təşkilatların bu məsələ ilə bağlı tədbir görməsini xahiş edirəm”. 

Milli məclis ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini müdafiə etdi: “Bakı dünyanın inkişaf etmiş şəhərlərindən biridir. Bakıya dünyanın hər yerindən çoxsaylı turistlər gəlir. Bulvar tərəfdən, dənizdə həmin xoşagəlməz mənzərəni görmək, o qoxunu hiss etmək çox acı mənzərədir. Bununla bağlı çox sərt tədbirlər görülməlidir”. F.Ağamalı kifayət qədər yüklənmiş Bakıda istismara yararlı olmayan avtomobillərlə bağlı tədbirlər görməyə də çağırdı.

Vitse-spiker Valeh Ələsgərov ekoloji fəlakət yaradanlara qarşı sərt olmağa çağırdı: “Bu yaxınlarda oxuyuram ki, Ceyranbatan su anbarına tullantı suları axıdırlar. Onlarla bağlı araşdırma aparılıb və cavabdehlər 6550 manat cərimə ödəyiblər. Milyonlarla pul qazanan iki qurum 6550 manat cəriməni ödədi və işlərinə davam edəcək. Bu cərimələrin miqdarı o qədər yüksək olmalıdır ki, qanunsuzluğa yol verən qurum o addımlardan çəkinsin”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər etməyi vacib saydı:“Layihədə göstərilib ki, kimlər siyasi partiya üzvü ola bilər, bu barədə göstəriş var. Amma bu maddənin müəyyən hissələrində qeyri-müəyyənlik var. Tutalım maliyyə orqanlarının nümayəndələri siyasi partiya üzvü oldu, burada nə problem ola bilər? Məgər maliyyə orqanı, vergi, gömrük təhlükəsizik orqanıdır?” S.Novruzov dedi ki, bu məsələ ilə bağlı hazırladığı qanun layihəsini payız sessiyasında təqdim edəcək: “Müəyyən siyasi partiyalar var ki, maliyyə dövriyyələri barədə hesabat vermir. Burada qeyri-şəffaflıq ortaya çıxır. Görürsünüz ki, bəzi partiyalarda öz aralarında pulların mənimsənildiyi barədə mübarizə aparırlar. Ona görə də hər partiya maliyyə hesabatını təqdim etməlidir”.

Milli məclis ile ilgili görsel sonucu

Fazil Mustafa iclasda çıxış edərkən diqqəti Bakıdakı uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılığına yönəldib və belə hallara qarşı sərt tədbirlər görməyə çağırdı: "“Kids Studio" Uşaq Mərkəzində uşaqlara qarşı zorakılıq faktının olması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Bu hadisə İsraildə, Fransada və s. ölkələrdə olsaydı, cəmiyyət yerindən titrəyərdi. Ancaq bizdə rəsmi şəkildə hələ bir açıqlama verilməyib. Bəlkə bu təxribatdır, Azərbaycanda baş verməyib? Həmin bağçanın ünvanına kimi göstərilib. O tərbiyəçinin etdiyi hərəkətlər qətiyyən yolverilməzdir”. Deputat bildirdi ki, bağçada tərbiyəçi olan adamın harada hazırlanması çox önəmlidir: “Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Özü-özünü tərbiyə edə bilməyənə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır. Mən sizə deyim ki, Yaponiyada bütün uşaq bağçalarındakı müəllimlər kişilərdir. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?” Spiker Oqtay Əsədov dedi ki, bağçadakı hadisə ilə bağlı araşdırmalar aparılır.

 “Təhsil haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini isə akademik İsa Həbibbəyli təqdim etdi.

Deputat Vahid Əhmədov çıxışında dedi ki, bir neçə il əvvəl müəllimlərin dövlət qulluqçusu olması ilə bağlı təklif də xeyli mübahisələrə səbəb olmuşdu: “İndi də müəllimlərlə, təhsillə əlaqədar biz guya çox ciddi təhsil sistemində islahatlar aparırıq və təkid edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidir. Hətta tələb edirik ki, elmlər namizədləri və elmlər doktorları da mütləq imtahan verib sertifikat almalıdır. Yəni 5 ildən sonra o stressi bir də yaşamalıdırlar. Əgər islahat budursa, əhali arasında, müəllimlər, alimlər arasında stress yaratmaqdan ibarətdirsə, bu, islahat deyil! Ümumiyyətlə, sertifikatlaşdırma nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib elmlər namizədi adını alıb, elmlər doktoru müdafiə edib, sertifikatını alıb, onda onlar niyə təzədən sertifikat almalıdır? Bu sertifikasiya məsələsi başadüşülən deyil. Xahiş edirəm, aydınlıq gətirin!”

Deputat Siyavuş Novruzov qanuna edilən dəyişikliklərə etiraz etdi: “Bu gün 62 dəyişiklik edirik. Sabah da 102 dəyişiklik ediləcək. Mən təklif edirəm ki, "Təhsil haqqında" Qanunu İsa müəllimin komitəsi götürsün və yenidən hazırlasın”. S.Novruzov prezident sərəncamı ilə xaricdə təhsil alanların ölkəyə qayıtmaqdan imtina etməsinə də diqqət çəkdi: “Bu dövlətin pulunun hesabına oxuyub, amma Türkiyədə işləyir. Deyir, burada maaş aşağıdır. Amma axı sən bu xalqın vergisi hesabına oxumusan. Müqavilə bağlanmalıdır, 10 il işlə, xidmət elə, ondan sonra azadsan. 3 min tələbə xaricdə təhsil alıb dövlət hesabına. Onların neçə nəfəri ölkəyə qayıdıb? Onlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan vəsaiti öz xalqının rifahına yönəltsin”.

Deputat Hikmət Babaoğlu qanuna təklif olunan bəzi dəyişikliklərə etiraz etdi: “Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Amma ”Təhsil haqqında" Qanuna təklif  olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. “Digər dillər” nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir".

Deputat Qənirə Paşayeva təhsil müəssislərində psixoloji hazırlıq xidməti ilə bağlı məsələnin qanuna salınmasını mühüm məsələ kimi dəyərləndirdi. Xanım deputat uşaq bağçasındakı zorakılıqdan bəhs etdi: “Adam dəhşətə gəlir ki, bu adam orada necə işləyib? Ona görə də psixoloji xidmətlə bağlı məsələnin tezliklə reallaşması çox vacibdir”. Q.Paşayeva respublika fənn olimpiada qaliblərinin tamamilə imtahandankənar ali məktəbə qəbul olunması ilə bağlı müddəaya yenidən baxmağı zəruri saydı. Ancaq qəbulla bağlı məktəblər arasında ayrıseçkilik qoyulmasını düzgün hesab etmədi.

Spiker Oqtay Əsədov 23 nəfər beynəlxalq olimpiadada, 230 nəfər isə yerli olimpiada uğur qazanmış abituriyentdən söhbət getdiyini bildirdi.

Deputat Çingiz Qənizadə uşaq bağçasındakı zorakılıqdan danışdı: “Maraqlısı budur ki, Təhsil Nazirliyi deyir bu bağçanın bizə bağlılığı yoxdur. Deməli, özəl bağçalarda kimi istəsən, işə götürmək olar, amma dövlətin ora nəzarəti yoxdur. Deməli, qanundakı boğluqlara diqqət etməliyik. Bəlkə də bağçalarla bağlı ayrıca qanun qəbul etməliyik”.

Deputat Aqil Abbas çıxışında dedi ki, burada oturanların 90 faizi mənfur sovet dövründə təhsil alıb: “Xudu Məmmədov 34 yaşında dəqiq elmlər üzrə elmlər doktoru idi və İngiltərədə ingilis dilində mühazirələr oxuyurdu. İndi bir nəfər mənə Əhliman Allahverdiyevi, Abel Məhərrəmovu, Misir Mərdanovu göstərin! Bu təhsil sisteminin başına o qədər oyun açırlar ki, 26 ildə bir nəfər onlara bərabər alim yetişmədi. Hələ mən Yusif Məmmədəliyev, ya Xudu Məmmədovu demirəm. Oqtay müəllim, sizdən xahiş edirəm: orta məktəbə biz 1 sentyabrda gedirdik. İndi onu dəyişiblər, rusa görə. Bəs 15 iyun nə deməkdir? Bizə istirahət vermisiniz, amma 1-ci sinifdə oxuyanlar məktəbə gedir. İsa müəllim, bu məsələ ilə bağlı tədbir görün! 1 sentyabrda dərsə gedənlərdən Xudu Məmmədovlar çıxıb, amma 15 sentyabrda gedənlərdən hələ bir dənə Fərəməz Maqsudov çıxmayıb. 1-ci sinifdə oxuyanların çantası 7 kiloqramdır. Bunlar ”ştanqist" yetişdirəcəklər? Ona görə hamı dədəsi, anası ilə gedir. Çünki o çantanı uşaq götürsə, beli qırılacaq. Biz də oxumuşuq da, iki kitab, bir dəftər olurdu. Xahiş edirəm, bu məsələyə diqqət yetirin! Bu uşaqlara bu əzabı niyə verirlər bu yayın istisində? Çox xahiş edirəm, Oqtay müəllim! 15 iyunu yığışdırsınlar. İndi təzə nazir gəlib, Allah işini avand eləsin. İndi deyəcək dərs ili 30 iyuna qədər davam etsin?"

Spiker Oqtay Əsədov dedi ki, alimlər həmişə yetişib, bundan sonra da yetişəcəklər: “İndi də gənc alimlər var, onarın səsi sonra çıxacaq”.

Deputat Məlahət İbrahimqızı dedi ki, “Təhsil məsələləri ilə bağlı Təhsil Məcəlləsinin qəbul olunmasına ehtiyac var. Xanım deputat olimpiadada əldə olunan nailiyyətlərə görə qəbul imtahanından azad olunmasını məqsədəuyğun saymadı. Bildirdi ki, Amerika və Avropa ölkələrində belə qayda yoxdursa, biz niyə bunu tətbiq edirik? M.İbrahimqızı məktəblilərin məktəbə telefon gətirməsi ilə bağlı ciddi qaydaların tətbiq olunmasını vacib saydı.

Spiker isə yeni qanunun qəbulu haqda təklifə etiraz etdi: “15 ildir bu təhsil qanununu qəbul edə bilmirdilər. İndi birtəhər qəbul etdilər. İndi təzədən qanun qəbul etmək istəsək, ora nə yazacağıq?” 

Deputat Elşən Musayev də təhsil sahəsindəki problemlərdən bəhs etdi: “Mən hər gün öz övladımın çantasını özüm aparmalıyam. Bu, çox ağır prosesdir. İldən-ilə dərsliklərin sayı artır. Belə başa düşürəm ki, kimin dərsliklərə rəy verən insanlara çıxışı varsa, danışır, həmin kitabları dərsliyə saldırır. Kimdir buna nəzarət edən? Biz qanun qəbul edəcəyiksə və qanunlara riayət olunmayacaqsa, nə nəticəsi olacaq? Elə mən bura gəlməzdən öncə təhsil nazirinin hər iki müavininə zəng etdim, iradlarımı ona bildirmək istədim, amma telefonları qaldıran olmadı”.

E.Musayev dedi ki, bu gün özəl bağçalarda çox ciddi plansızlıq var. Tədris planını kim yazır, uşaqların qidasına kim nəzarət edir, heç kimin xəbəri yoxdur. 2 min manata özəl bağçalar var, amma müəllimlərə 200 manat maaş verirlər:"Bağçalar icra hakimiyyətinə veriləndən sonra belə vəziyyət yarandı. Ona görə də bu gün ən çətin məsələ hansısa bağça direktorunu tapmaqır, nəinki naziri. Belə müəllimlər və tərbiyəçilər düşünülmədən həbs olunmalıdır".

Sonda İ.Həbibbəyli deputatların fikirlərinə münasibət bildirdi və qanun layihəsi qəbul edildi.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi