banner
banner

Sİyasət

Əskişəhərdə yeni tarix yazıldı-TANAP-ın açılışı gerçəkləşdi

| Xəbər 6573 dəfə oxunub
Əskişəhərdə yeni tarix yazıldı-TANAP-ın açılışı gerçəkləşdi

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edib.

“TANAP Türkiyə və  Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir”. Türkiyənin enerji naziri Berat Albayrak Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində belə deyib.

B.Albayrak bildirib ki, bu gün əsrin ən böyük layihələrindən birinin açılışıdır: “Bu, həm də iki ölkənin qardaşlıq layihəsidir. Enerjinin İpək Yolu bir çox ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Bu, Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, tədarükçü ölkə kimi Azərbaycanın rolunu artıracaq. Bu, dünyada sabitliyə və inkişafa xidmət edən nadir layihələrdən biridir”.

Türkiyənin enerji naziri qeyd edib ki, Türkiyə bölgədəki münaqişələrin həllini tapması üçün səy göstərir: “Türkiyə hər zaman etibarlı tərəfdaş olub. Bu layihədə böyük rolu olan Azərbaycanın mərhum enerji naziri Natiq Əliyev də yad edirik. Türkiyə və Azərbaycan prezidenti başda olmaqla, layihədə rolu olan hər kəsə təşəkkür edirəm”.

"TANAP"-ın Bolqarıstan üzərindən Avropanın digər ölkələrinə davam etməsi prinsipial olaraq qəbul etdiyimiz qərarın nəticəsidir".

Türkiyənin baş naziri Binəli Yıldırım çıxışında belə deyib. Baş nazir bildirib ki, bu kəmər vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına nəql olunacaq. TANAP böyük bir coğrafiyada sosial rifahı artıracaq, Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, TANAP Türkiyənin 20 vilayət, 67 rayon və 600 kəndindən keçməklə TAP boru kəmərinə birləşəcək.

“Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik”. Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində söyləyib.

Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub. Bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq”.

Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: “Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə  saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik.  Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq. Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir. Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində daha böyük işlər görməyə çalışmalıyıq”.

Ukryana prezidenti Petro Poroşenko bildirib ki, TANAP-la Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir. Bu layihə yaxın dostum, Azərbaycan prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir. Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik”

“Bu gün bölgə və ölkələr üçün tarixi addım atırıq”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı belə deyib.

 O bildirib ki, layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub.

ABŞ və Avropadan TANAP-ın açılışı ilə bağlı mühüm açıqlamalar

Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Azərbaycan təbii qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir.

Bu sözləri Ankarada ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk deyib.

TANAP layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq, ABŞ mənbələrin müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni dəstəkləyir”.

Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq mümkündür.

Enerji mənbələrinin kommersiya üstünlüyü təmin etmək baxımından yeni əməkdaşlıqlar yarada biləcəyini qeyd edən ABŞ rəsmisi deyib: “TANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır. Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir”.

Trans-Anadolu Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz twitter hesabında yazıb.

“TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyə M.Şefçoviç bildirib.

“Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu ”körpü"dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur", - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

O deyib: “Bizim uzunmüddətli hədəfimiz azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır. Bu, onu göstərir ki, Enerji Birliyi Aİ-nin sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, Cənubi Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı Aİ-yə çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaq”. (Yazıda  AZƏRTAC və APA-nın materiallarından istifadə olunub). 

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi