banner
banner

Gündəm

“Günnüt və Danzik kəndlərini bərpa etmək lazımdır” - keçmiş nazir

“Günnüt və Danzik kəndlərini bərpa etmək lazımdır” - keçmiş nazir

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi hər birimizi qürurlandırdı. Yayılan vido və fotokadrlardan da bəllidir ki, yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər, Günnüt məzarlığında 26 ildən sonra ilk dəfə Quran oxunub.

Əslində bu şad xəbər may ayının üçüncü ongünlüyündə yayılmışdı. Lakin hərbi məsələ olduğundan bu hadisənin tirajlanması bir müddət gecikdi.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Günnüt bölgəsi ilə bağlı xəbəri eşitdikdə sabiq maliyyə naziri Fikrət Yusifovla ötənilki müsahibəmizi xatırladıq. Sabiq nazir müsahibə zamanı və diktofondan kənar söhbətimizdə vaxtilə Arpa çayı ətrafında yaşadıqlarından, bənd tikintisi ilə əlaqədar kəndlərinin köçürülməsindən danışmışdı və yurd həsrətindən bəhs etmişdi. Odur ki, sabiq nazirlə Günnüt qələbəsi barədə danışmağı zəruri saydıq.

fikrət yusifov ile ilgili görsel sonucu

F.Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ordumuzun Günnüt əməliyyatı hər bir azərbaycanlını sevindirir:“Ancaq bu əməliyyat azad olmuş torpaqlarda doğulub boya-başa çatmış insanlar üçün qiyməti olmayan bir hədiyyədir. İndi bu insanlar yurd yerinə dönüb illərlə məruz qaldıqları ayrılığa son verə biləcəklər. Bu əməliyyat nəticəsində bizim də yurd yerimiz ermənilərin nəzarətindən tam çıxdı. Söhbət Şərur rayonunun Danzik kəndindən gedir. Bu kənd vaxtilə Arpaçay üzərində su anbarının tikintisi səbəbindən köçürülmüşdü. O zamanlar kəndin ziyalıları kəndi köçürmək əvəzinə, onu göl ətrafında daha münasib bir ərazidə yenidən salmaq barədə təkliflərlə çıxış edirdilər. Lakin kənd sakinlərinin bu istəyi reallaşdırılmadı və onları Şərur rayonunun boş düzlərindən birinə köçürdülər. Bu köçdən sonra minlərlə hektar gölətrafı ərazilər ermənilərin istirahət yerinə çevrildi, onlar hətta bu torpaqlarda əkib-becərməkdən belə çəkinmədilər. Bu hərəkətlər erməni həyasızlığının bariz nümunəsi idi”.

4aa94e69-898f-4a4c-87f4-3ef26c7220b5.jpg (102 KB)

Danzik kəndi 

Bəs o zaman Azərbaycan tərəf nə üçün belə bir seçim edib, əsas səbəb nə olub?

F.Yusifov: “Mən bu sualı dəfələrlə su anbarının planlaşdırılması və kəndin köçürülməsinə qərar verilməsində bilavasitə iştirak etmiş və o zamanlar yüksək vəzifə sahibi olmuş insanlara ünvanlasam da, əsaslandırılmış bir cavab ala bilməmişəm. Ən ”dolğun" cavab isə bu olub ki, biz sovetlər birliyində yaşadığımızdan belə böyük layihələr reallaşdırılarkən ərazi söhbətləri ön plana çıxmırdı. Təəssüf ki, uzun zamanlar torpaqlarımızı parça-parça itirməyimizin kökündə elə belə “beynəlmiləl” baxışlar dayanıb. Torpaq - ərazi məsələləri gündəmə gələrkən, sovetlər birliyinin vahid ailə olduğuna inanıb, erməni xislətini dəyərləndirə bilməmişik. Ermənilər isə bizim humanizmimizin ölçüyə gəlməyən genişliyindən bəs deyincə bəhrələniblər".

Keçmiş nazir qeyd etdi ki, səhvləri düzəltmək heç vaxt gec deyil: “Bu gün tarixi məqam bizim xeyrimizə işləməyə başlayır. Bu, Ali Baş Komandanın qətiyyəti və ordumuzun cəsarətli addımları nəticəsində baş verir. Azad olunmuş torpaqlarda birmənalı olaraq köhnə yurd yerlərini bərpa etmək lazımdır. Bu sıraya ilk növbədə Şərur rayonunun Günnüt və Danzik kəndləri aiddir. Bu kəndlərin bərpa olunmasının strateji əhəmiyyəti işğaldan azad edilmiş Cocuq Mərcanlının bərpa olunması qədər vacibdir. Naxçıvan Muxtar Respublikası rəhbərliyinin bu təşəbbüslə çıxış edəcəyinə, ölkə prezidentinin isə bu təşəbbüsü dəstəkləyəcəyinə inanıram. Azad olmuş torpaqlarda köhnə kəndlərin öz adları ilə bərpası və yeni yaşayış məntəqələrinin salınması Naxçıvanın strateji mövqeyini bir qədər də möhkəmləndirəcək. İşğaldan azad edilmiş torpaqların 80 faizindən çoxunun kənd təsərrüfatı üçün yararlı olduğunu nəzərə alsaq, bu torpaqlarda yurd yerlərinin salınmasının nə qədər asan olduğuna heç şübhə qalmaz. Söz verirəm, kənd bərpa olunsa, ora ilk köçənlərdən biri mən olacağam”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.