banner
banner

Sİyasət

Azərbaycan yenə təzyiqlərlə üz-üzə

| Xəbər 7220 dəfə oxunub
Azərbaycan yenə təzyiqlərlə üz-üzə

İyunun 25-29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Sessiyanın ikinci günündə lüksemburqlu deputat İv Kruşenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə QHT-lərin hüquqlarının pozulması haqqında məruzəsi deputatların müzakirəsinə çıxarılacaq.

Xatırladaq ki, qurumun aprelin sonlarında keçirilən yaz sessiyasında Azərbaycana qarşı sərt qərarlar qəbul edilmiş, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidova qarşı sanksiya qərarı verilmişdi. Bu sessiyada da ölkəmizlə bağlı bəzi məsələlərin gündəliyə salınması ciddi mətləblərdən xəbər verir. Böyük ehtimalla rəsmi Bakıya qarşı növbəti sərt qərarlar bu dəfə də qəbul ediləcək.

YAP-çı deputat, politoloq Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, AŞ PA ilə Azərbaycanın münasibətləri enmələr və qalxmalarla xarakterizə olunur: “Müəyyən zamanlarda AŞ PA-nın Azərbaycana qarşı münasibətində müəyyən loyallığın şahidi olmuşuq. Eyni zamanda müəyyən məqamlarda ölkəmizə qarşı təzyiq kampaniyasına start verildiyini də görmüşük. Hazırda təzyiq mərhələsi ilə üz-üzə qalmışıq. Səməd Seyidova qarşı sanksiyalar tətbiq edildi. İndi isə deputatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış edəcəkləri məlum olub. Guya Azərbaycanda siyasi məhbuslar var və onlara azadlıq verilməməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılacağı güman edilir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanda siyasi sabitlik, təhlükəsizlik mühiti var və müəyyən dairələr bundan çox narahatdırlar. Həmin qüvvələr çalışırlar ki, Azərbaycana qarşı müəyyən təzyiq metodlarını işə salsınlar. Elə bir vəziyyət yaratmağa çalışırlar ki, Azərbaycan hökuməti haqlı olduğu vəziyyətdə diktə altında fəaliyyət göstərsin. Amma görürlər ki, cənab prezident İlham Əliyev müstəqil siyasət yürütmək yolunu seçib, xalqın mənafeyindən çıxış edir, ölkəsinin sabitliyini qoruyur, milli maraqları hər şeydən üstün tutur, bundan həmin qüvvələr narahatçılıq hissi keçirirlər. Bizi sevməyən qüvvələr öz maraqlarının nəzərə alınması üçün fəaliyyət göstərirlər. Düşünürlər ki, bu ölkəyə hansı istiqamətdən təzyiq göstərək, ilk ağıllarına AŞ PA gəlir.

Ä°lgili resim

Bu qurumda da ələ alınması mümkün olan deputatlar var. Onlardan istifadə etməklə ölkəmizə qarşı təzyiq üsullarını işə salırlar. Səməd Seyidova qarşı olan təzyiqlərdən sonra onların bununla kifayətlənəcəklərini düşünmək olmaz. Azərbaycanın qarşılarında təslimçi mövqeyi seçməsini istəyirlər. Bu da qeyri-mümkün olan məsələlərdən biridir. Ölkə prezidentinin siyasi iradəsi ortadadır. Heç bir qüvvə Azərbaycanı getdiyi yoldan döndərə bilməz. O insanlar ki, Azərbaycanda insan haqlarının keşiyində durmaqdan danışırlar, ölkəmizdə siyasi məhbusların olması barədə ağızdolusu bəyanatlar verirlər, bu zaman bir sual meydana çıxır: iki Azərbaycan vətəndaşı Ermənistanda girov saxlanılır, nə üçün onların taleyi barədə bir mövqe belə ortaya qoymursunuz? Niyə Ermənistana təzyiq mexanizmini işə salmırsınız? Eyni zamanda bir milyondan artıq məcburi köçkünümüz barədə səslərini belə çıxarmırlar. Bu cür haqsızlıqlar qarşısında biz daha da güclənirik, daha monolit qüvvə kimi çıxış edirik. İnanıram ki, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun Azərbaycanın maraqlarının müdafiəsi naminə daha ciddi səylərinin şahidi olacağıq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd etdi ki, son əfv sərəncamında beynəlxalq qurumların siyahılarında olan siyasi məhbuslardan çoxu azadlığa buraxılsaydı, bunun AŞ PA-nın yay sessiyasına ciddi təsiri olardı: “Bizim  siyahıda 30 məhbusun adı var idi. Onların hər biri əfvlə buraxıla bilərdi. Amma bunlar olmadı və sözsüz ki, yay sessiyasında bu məsələyə toxunacaqlar. Lakin Azərbaycan tərəfi də deyəcək ki, əfv sərəncamı ilə 634 məhbus azadlığa buraxmışıq, toplamda azadlığa çıxanların sayı minə yaxındır. Biz istəsək də, istəməsək də, bu sayda məhbus azad olunub. Sadəcə, biz istədiklərimiz azadlığa buraxılmadı. Avropa ilə yenə də Azərbaycanın əlaqələri davam edir. Xaricdən gələn qonaqlar yüksək səviyyədə qəbul edilir. Bayram günlərində çoxsaylı təbrik məktubları da gəlir. Cümhuriyyətin yüz illiyi bunu bir daha sübut etdi. Bu baxımdan Azərbaycan-Avropa əlaqələrində mənfiyə doğru ciddi dəyişikliklərin olacağını güman etmirəm. Amma Səməd Seyidova yönəlik bu dəfə də sərt tənqidlər ola bilər. Çünki o, hər şeydən öncə Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Lakin ölkəmizə qarşı sanksiyaların qəbulunu gözləmirəm”.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi