banner
banner

Mədənİyyət

Mədəniyyət işçiləri üçün regionlarda səyyar yay seminar-treninqləri keçiriləcək

| Xəbər 2185 dəfə oxunub
Mədəniyyət işçiləri üçün regionlarda səyyar yay seminar-treninqləri keçiriləcək

Mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətlərində rəhbər prinsiplərlə səciyyələnir. Mədəniyyət müəssisələrində çalışan əməkdaşların ixtisaslarının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra mühüm işlər həyata keçirilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası, Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, əhalinin asudə vaxtının təşkilində mədəniyyət mərkəzlərinin rolunun artırılması, habelə kitabxana işinin təşkilində innovasiyaların tətbiqi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlərin keçirilməsi planlaşdırılır.

Belə ki, iyunun 27-də Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları üzrə mədəniyyət mərkəzləri və klub işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması və təbliği”, iyulun 3-də Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir, Tərtər rayonları üzrə mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi”, iyulun 10-da Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy, Daşkəsən rayonları üzrə abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri”, iyulun 17-də isə Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonları üzrə abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” mövzularında səyyar seminar-treninqlərin keçirilməsi nəzərdə tutulur.

Regionların abidə mühafizəçiləri üçün səyyar seminar-treninq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən müxtəlif kateqoriyalar üzrə təşkil olunmuş səyyar yay seminar-treninqlərində ümumilikdə 2010-2017-ci illər ərzində 1752 nəfər dinləyici iştirak edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi