banner
banner

Sİyasət

Fərəc Quliyev: “Konfederasiya əleyhinə çıxanlar Azərbaycanın güclənməsini istəməyənlərdir”

| Xəbər 1686 dəfə oxunub
Fərəc Quliyev: “Konfederasiya əleyhinə çıxanlar Azərbaycanın güclənməsini istəməyənlərdir”

Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması təklifi yenidən müzakirə mövzusuna çevrilib. ADP sədri Sərdar Cəlaloğlunun 3 ay öncə prezidentliyə namizəd olarkən bu təkliflə çıxış etməsi ətrafında yeni diskussiya açılıb.

Doğrudur, bu müzakirələrdə S.Cəlaloğlu daha çox tənqid hədəfidir. Sanki bilərəkdən ona qarşı böyük bir kampaniyaya start verilib. Bir-birinin ardınca tanınmış siyasətçilər onun üzərinə hücuma keçir, onu məhşər ayağına çəkirlər. Bu da bəzi müəmmalara yol açır. Çünki konfederasiya birliyinin yaradılması təklifləri ötən əsrin 90-cı illərinin sonlarından etibarən səslənməyə başlayıb. ADP sədri, sadəcə, unudulmaqda olan bu məsələni  yenidən gündəmə gətirib, özü də üç ay öncə. Lakin məlum olmayan səbəblərdən onun təklifi bu günlərdə gündəmi zəbt edib. Belə iddialar var ki, S.Cəlaloğluna qarşı bu kampaniya iki qardaş ölkənin birliyini istəməyən ruspərəst qüvvələr tərəfindən təşkil olunub.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, bu təklifi irəli sürən şəxsə baxıb bəzən münasibət bildirirlər: “İndi bu ideyanı irəli sürən şəxsin fikirlərinin əksəriyyəti elmi əsasdan uzaq fikirlər olduğu üçün bəziləri düşünür ki, bu təklifi o, irəli sürübsə, demək, buna qeyri-ciddi yanaşmaq lazımdır. Məsələyə indiki perspektivdə baxılması doğru deyil. Azərbaycanın müstəqilliyini hamımız sevirik, bu müstəqillik hər zaman bizim üçün əsasdır. Amma gələcəkdə elə bir tarixi şərtlər formalaşa bilər ki, müstəqilliyimiz üçün ciddi təhlükələr yaranar. O zaman bu modellərdən hansısa birinə müraciət edə bilərik. Bu baxımdan qılıncla qarşılanacaq ideya deyil. Dəfələrlə bu məsələ qaldırılıb. Hətta ”Qafqaz evi" ideyası var idi. Bu, o demək deyildi ki, Ermənistanla birləşməli idik. Bunlar konkret tarixi şəraitə görə ortaya atılan ideyalardır. Konfederasiya ideyasına da bu cür baxmaq lazımdır. Vaxtilə Naxçıvan-Araz Türk Respublikası da yaranmışdı.

Fazil Mustafa ile ilgili görsel sonucu

Bu modelləri siyasi nəticə olaraq görmək doğru deyil. Tarixi şəraitdə belə modellərdən birinə ehtiyac duyularsa, o zaman bunlardan birinə üz tutmaq mümkündür. Amma bunları top-tüfənglə qarşılamağı yanlış hesab edirəm. Kimin irəli sürməsindən asılı olmayaraq məsələni mürəkkəbləşdirmək lazım deyil. Çünki burada müstəqilliyin əleyhinə hansısa çağırış yoxdur. Eyni zamanda böyük qardaş kimi Azərbaycanın Türkiyənin himayəsinə keçmək məsələsi də burada yoxdur. Bu, sadəcə, gələcəkdə mümkün təhlükələrdən qorunmaq üçün variantlardan biri kimi düşünülə bilər. Hazırda belə bir təhlükə yoxdur. Əgər Rusiya və İranla konfederasiya yaradılması təklifi olardısa, açıq şəkildə bunun üzərinə getmək olardı. Türkiyə ilə bağlı istənilən ideyanı top-tüfənglə qarşılamaq doğru deyil. Çünki əvvəl-axır Türkiyə ilə Azərbaycanın yaxınlığını Avropa Birliyi modelində bir türk birliyi modelinə çevirməliyik. Bunlar uzaq perspektivdə olan məsələlərdir. Ona görə də bu məsələləri müzakirə etməyə dəyər, amma bunu rədd etmək, yox saymaq doğru deyil".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin qənaətinə görə, Azərbaycanla Türkiyə arasında inteqrasiya başlayan kimi bu, bəzi qüvvələrin narahatlığına səbəb olur: “Bir ara Belarus-Rusiya ittifaqı haqqında danışılırdı, Azərbaycanın da orada təmsilçiliyini istəyənlər var idi. Digər tərəfdən, Rusiya revanşist siyasət yürüdüb Avrasiya İttifaqı qurmaq istəyir, Azərbaycanın orada olmasına yumşaq baxırlar. Mən bir az irəli gedərək Turan-Avrasiya bloku haqqında 1998-ci ildə bir kitab yazmışdım. Belə fikirlər hər zaman olub. Düşünürəm ki, türk cümhuriyyətləri dərin inteqrasiya etməlidir. Bu, mədəni, iqtisadi əlaqələr, siyasi, hərbi müstəvidə özünü ehtiva etməlidir. Avropa İttifaqı yaranıb, türk dövlətləri və başqaları cəhd edir ki, ora daxil olsun. Bunun fonunda bizlər niyə türk-islam ənənələrinə söykənən birlik yaratmayaq? Hər hansı bir ittifaqda dövlətlər öz müstəqilliklərini saxlayırlar. Eyni zamanda da güclənirlər. Düşünürəm ki, bu ideyanı süngü ilə qarşılayanlar Azərbaycanın müstəqilliyini qoruyuruq pərdəsi altında daha çox türk dövlətlərinin bir-birinə yaxınlığına qarşı çıxan qüvvələrdir. Bunun başqa adı yoxdur. Bütün mənalarda bizlər dərin inteqrasiya haqqında düşünməliyik. Bu, dünyanın istənilən nöqtəsində yaşayan hər bir türk üçün çox önəmli məsələdir. Xatırlayırsınızsa, bir dəfə erməni səfir Türkiyə əleyhinə danışanda cənab prezident bildirmişdi ki, burada Türkiyə rəhbərliyi olmasa da, mən varam. Bu çox alqışlanan bir addım idi. Uzun illər öncə Əbülfəz Elçibəy konfederasiya birliyi haqqında fikirlər irəli sürüb. Sonralar Heydər Əliyev ”Bir millət, iki dövlət" fikrini səsləndirib. Nə zaman enerji təhlükəsizliyində Azərbaycanın rolu artanda, Rusiyadan asılılıq azalanda Kreml özünə yaxın qüvvələri işə salır. Konfederasiya birliyi əleyhinə çıxanlar Azərbaycanın deyil, ölkəmizin türk dünyasında möhkəmlənməsinin əleyhinə çıxan qüvvələrdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi