banner
banner

İdman

Macarıstan tərəfi Budapeştdə "Neftçi"nin təhlükəsizliyinə təminat verdi

| Xəbər 2126 dəfə oxunub
Macarıstan tərəfi Budapeştdə "Neftçi"nin təhlükəsizliyinə təminat verdi

Macarıstan tərəfi Budapeştdə "Uypeşt"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Neftçi" komandasının təhlükəsizliyinə təminat verib.

“Report”un verdiyi məlumata görə, bu barədə jurnalistlərə klub prezidenti Kamran Quliyev bildirib.

K.Quliyev deyib ki, bu addım səfər matçında hər hansı insidentin yaşanmaması üçün atılıb: "Biz AFFA-ya müraciət etdik. Ölkənin ali futbol qurumu da öz növbəsində Xarici İşlər Nazirliyi vasitəsilə Macarıstandakı səfirliyimizə müraciət ünvanladı. Macarıstandakı səfirlikdən klubumuzla əlaqə quruldu. Biz də onlara Bakıdakı hadisə barədə ətraflı məlumat verdik. Səfirliyimiz bizə məlumat verdi ki, Macarıstanın müvafiq qurumlarına belə bir insidentin baş verməsi haqqında artıq informasiya çatdırılıb və lazımi tapşırıqların verilməsi xahiş edilib. Macarıstan tərəfi də həm bizi, həm də azarkeşləri yüksək səviyyədə mühafizə edəcəklərinə dair söz verib".

"Neftçi" rəsmisi ilk oyun ərəfəsində iki klub azarkeşləri arasında baş vermiş insidentin görüşün keçirildiyi "Dalğa Arena" ərazisindən kənarda olduğunu söyləyib: "Müəyyən anlaşılmazlıq olub. Məndə olan məlumata görə, münaqişəyə kefli vəziyyətdə olan 7-8 macarıstanlı fanat səbəb olub. Heç kimin üzərinə günah atmaq istəmirəm. Ancaq özünüz fikirləşin, 1000 azərbaycanlı fanata qarşı normal vəziyyətdə olan 7-8 nəfər çıxar?"

Virtualaz.org xatırladır ki, "Neftçi" və macar "Uypeşt”i arasında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin Bakıda keçirilən matçından əvvəl komandaların azarkeşləri arasında dava düşmüşdü.

İnsident Mərdəkandakı restoranlardan birində, oyunun keçirildiyi "Dalğa Arena" stadionu yaxınlığında baş vermişdi.

“Neftçi”nin Forza fanhərəkatının nümayəndələri stadiona qədər təntənəli yürüş təşkil etmiş, yolda restorandan çıxan macarlara rast gəlmişdilər. Nəticədə aralarındakı şifahi söz atışması davaya keçmişdi. Yeddi nəfər macar "Neftçi"nin sayca onlardan çox olan azarkeşləri tərəfindən döyülmüşdü. Buna cavab olaraq macarlar Azərbaycan azarkeşlərinə Budapeştdə "ilıq" qəbul söz vermişdilər.

Qeyd edək ki, iyulun 19-da "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Onu da xatırladaq ki, ilk görüşdə "Neftçi" qalib gəlib - 3:1.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi