banner
banner

Gündəm

Qışda dəm qazı, yada dəniz: necə edək ki, Xəzər “son mənzilimiz” olmasın?

Qışda dəm qazı, yada dəniz: necə edək ki, Xəzər “son mənzilimiz” olmasın?

İyulun 25-də Xaçmaz rayon, Nabran qəsəbəsində ailə faciəsi yaşanıb. Rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. 16 yaşlı İkram çimərkən boğulmağa başlayıb. Bunu görən anası, Ruhiyyə Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

Bu zaman Kamilə Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı Aysel Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin məlumatına görə, çimərlik mövsümü başlayandan 31 nəfər qeyri-çimərlik ərazisində boğulub, 128 nəfər boğulmaqdan son anda xilas edilib.

Sözügedən 4 nəfərə gəlincə isə hadisə FHN-in ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda baş verib. Boğulan iki ana və övladları xilasedici məntəqənin ərazilərində olsaydı, ölməzdilər. Xilasedicilər tərəfindən xilas olardılar. Necə ki, 128 nəfəri xilas ediblər.

Boğulma və boğulma təhlükəsi ilə üz-üzə qalmaq hadisələrinin bir çox səbəbləri var. Qeyri-çimərlik ərazilərindən istifadə, çimərliklərdə təhlükəsizlik qaydalarına biganə yanaşma. Xəzərdə sualtı maneələr, sualtı borular, yarğanlar və axınlar var ki, bunlar birbaşa insan həyatı üçün təhlükədir. Əfsus ki, çimərliyə gələnlər maarifləndirici lövhələrin tələblərinə də əməl etmirlər, üzmə şarlarını ötüb keçir, sərxoş halda dənizə girirlər. Güclü küləkli havada, hündür dalğalı dənizdə, dalğanın hündürlüyü üç baldan artıq olan zaman çimməyin qadağan olunmasına baxmayaraq, həyatlarını riskə ataraq özünə güvənmə instinkti ilə dənizə baş vururlar.

Bütün bunları nəzərə alaraq, daha bir maarifləndirici yazı hazırlamaq qərarına gəldik. Müsahibimiz “Turan” agentliyinin direktoru, peşəkar üzgüçü, 4 il FHN-də Xilasedici Məntəqənin rəisi işləmiş Mehman Əliyevdir.

Mehman Əliyev ile ilgili görsel sonucu

Mehman Əliyev müşahidələrini bizimlə paylaşdı: “Müşahidələrimə görə, FHN-in xilasedicilərinin sayı əvvəlki illərə nisbətən bu il azalıb. Onların təchizatı da pisləşib. Qayıqlar və s. Bu da keyfiyyətli yardımın göstərilməsində problemlər yaradıb. Vətəndaşlara gəlincə, kim ki, üzə bilmir, nəsə baş versə, özünü xilas edə bilməyəcək, onlar çalışmalıdır, xilasedicilər olan çimərliklərdə çimsin. O ki qaldı ümumilikdə rəsmi çimərlik olsun, ya qeyri-rəsmi çimərlik olsun, nəzərə almaq lazımdır ki, dənizlə zarafat etmək olmaz. Dəniz kifayət qədər dəyişkən məkandır. Abşeronda küləklər tez-tez dəyişir. Lal külək əsir, sonra keçir şərqə, ya qərbə. Külək suyun istiqamətini də dəyişdirir. Müəyyən yerlərdə axın koridorları var, Zağulbada da belə axın koridoru var. Güclü şimal küləyi olanda insanları ora aparır. Təxminən 10 gün əvvəl bazar günü 4 nəfər orada batıb. Dəniz axınları küləyin istiqamətindən, sürətindən asılıdır. Bu incəlikləri bilməyən adamlar adətən problemlə üzləşəndə su onu çəkib aparır dənizə. Fırtınadan sonra dənizin dibi də dəyişir. Çünki bizdə qumdur, daş deyil, çuxurlar əmələ gəlir. Bu çuxurlar çox da böyük olmur, amma adətən insanın ayağı çuxura düşəndə çaşıb qalır, özünü itirir. Bu vəziyyət insanı təşvişə salır, əzələləri gərginləşir, özünü idarə edə bilmir və boğulmağa başlayır. Belə vəziyyətdə, sadəcə, yerin dibinə getmək, gözlərini açıb ətrafa baxmaq, sakitləşmək və çuxurdan çıxışı tapıb çıxmaq lazımdır. İlk növbədə çalışmaq lazımdır, təşvişə düşməyəsən. Nəsə baş verirsə, yardım çağırmaq lazımdır, özünü sınamamalısan. Üzə bilmirsənsə, dənizin  xarakterini və onun davranışını bilmirsənsə, deməli, sahildən uzağa getməməlisən. Dənizlə şıltaqlıq etmək olmaz”.

M.Əliyev onu da qeyd edir ki, güclü küləkdə dalğa sahilə çırpılıb geri qayıdır. Bu zaman dalğa səni dənizə aparırsa, dənizə qarşı müqavimət göstərmək lazım deyil: “Dalğa səni çox uzağa aparmır. Uzaqbaşı, 30-50 metr. Rahat suyun üstündə qalmaq və dalğa sakitləşəndən sonra sahilə tərəf üzmək lazımdır. Müqavimət göstərsək, taqətdən düşəcək və boğulmağa başlayacağıq”.

Peşəkar xilasedici boğulan insanı xilas etmə yollarını izah edir: “Kimsə batırsa, şəraitə baxırıq. Boğulmaqda olan insana həmişə arxa tərəfdən yaxınlaşmaq lazımdır. Çünki panik vəziyyətdə olan adam birinci növbədə ona yardım edən adamdan yapışıb, qucaqlayır. Bu zaman onu xilas etmək istəyən adamı hərəkət etməyə qoymur. Özünü də batırır, onu xilas etməyə çalışanı da. Boğulan adama yaxınlaşanda çalışmaq lazımdır ki, birinci onu sakitləşdirəsən və arxadan yapışasan ki, səndən yapışmasın. Sizdən yapışdısa, dərindən nəfəs alıb suyun dibinə dalmaq və hərəkətsiz qalmaq lazımdır. Batan adam təngnəfəs olur deyə suyun altına girən kimi səni buracaq. Boğulan adamdan azad olunan kimi bir qədər kənarlaşıb, yenidən arxadan yaxınlaşmaq lazımdır”.

Xəzərdə boğulmalar ile ilgili görsel sonucu

Mehman Əliyev 4 il xilasedici kimi çalışıb, 14 nəfəri ölümdən xilas edib: “Xilasedici məntəqənin rəisi idim. Hər fırtınadan sonra dənizin dibini yoxlayır, çuxurlar olan yerlərdə qarşı-qırmızı şarlar atırdıq ki, çimərliyə gələnlər bilsin, o yerlər dərindir. Çimərlik ərazisindən uzaqlaşmağa qoymurduq. Bu addımları atmaqla təhlükənin xeyli qarşısını alırdıq. Adətən nəzarət olmayanda, özbaşınalıq olanda batma hadisələr daha çox olur. İşlədiyim müddətdə, sadəcə, 2 nəfər batıb. Onlardan birinin suyun üzərində ürəyi dayanıb, digəri isə balaca uşaq idi. Boğulan uşağın üzündə maska vardı. Yemək yeyib, üzünə maska taxıb və dənizə girmişdi. Suda hoppanıb və başı suyun dibindəki daşa dəyib. Yemək qayıdıb, nəfəs borusunu tutmuşdu. Biz onu sudan çıxartdıq, ürək masajı etdik, süni nəfəs verdik, amma uşağı o vəziyyətdən çıxara bilmədik. Uşağın nəfəsindən xeyli yemək çıxdı. Ona görə də yemək yeyəndən sonra suya girmək olmaz. Duzlu su adamın ağzına dolanda refleks olaraq qaytarmaq istəyir. Tox olanda yemək qayıdır geri və nəfər borusunu tutur. Dünyanın heç yerində belə şey yoxdur ki, dənizə yemək gətirəsən. Ancaq Azərbaycanda var belə şey. Çimərlik yemək yeri deyil”.

Xəzərdə boğulmalar ile ilgili görsel sonucu

Mehman Əliyev çimərliyə gedənlərə tövsiyə edir ki, yaxşı üzsələr belə, məhdudlaşdırıcı şarları keçməsinlər:“Baxmayaraq ki, yaxşı üzürəm, çimərlik ərazisində o şarları keçmirəm, təhlükəsizlik qaydalarını əməl edirəm. Başa düşürəm ki, xilasedicilərə hörmət etmək lazımdır. Ona görə də qeyri-rəsmi çimərlik ərazilərində üzürəm. Dənizin qırağında böyümüşəm. Evimiz dənizdən 200 metr aralı idi. Zağulbada qayalar var. 4-5 yaşım olardı.  Qardaşlarım çimməyi bizə belə öyrədib. Qayaların üstündə otururduq, böyüklərin çimməyinə baxırdıq. Bir də gördün, arxadan bir təpik vururdular, düşürdük suya. Və çalışırdın ki, sudan çıxasan. Qışqıra-qışqıra, ağlaya-ağlaya. Düzdür, uzaq məsafə deyildi. Belə-belə üzməyi öyrənmişik. Dənizin qırağında böyüyən adamlar yaxşı üzür, dənizi yaxşı bilir. Adətən şəhərdən gələnlər, dənizi tanımayan adamlar boğulur. Bir dəfə dostlarımla qayıqla uzağa getmişik, dənizə atılandan sonra dostlarım zarafatla qayığı sürüb gediblər. Bilirlər ki, yaxşı üzürəm, sağ-salamat gələcəyəm. Onların arxası ilə 4-5 kilometr üzmüşəm. Bir saata yaxın üzdüm. Amma özüm belə şey etmirəm.

200 metr dənizə doğru gedəndən sonra sahil boyu üzürəm. Dediyim ki, dənizlə zarafat etmək olmaz. Suda çox qalanda əzələlər qıc olur. Məndə olub, iki ayaq birdən qıc olub, əllərimlə üzüb sudan çıxmışam. Sahildən də çox uzaq olmamışam. 150 metr aralı idim. Yaxşı üzmək üçün hərəkətlə nəfəs arasında sistemlilik vacibdir. Bu yoxdursa, təngnəfəslik yaranır. Əsasən insanı qüvvədən salan da təngnəfəslik olur. Düzgün nəfəs almırsan və tez yorulursan. Nəfəsi tənzimləyəndən sonra hər şey qaydasında olur. Ona görə də hər kəs çalışmalıdır ki, bunu öyrənsin. İstər dənizdə üzəndə, istər hovuzda. Onda sən daha uzun məsafəyə və yaxşı üzə bilərsən. Ən azından hər hansı bir hadisə olsa, səni xilas edənə qədər suyun üstündə çox qala bilərsən. Dalğalı dənizdə isə ümumiyyətlə, çimmək olmaz. Təhlükəlidir”.

“Yeni Müsavat”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.

Deputat Əhliman Əmiraslanovun oliqarx oğlun: Xaloğlusuna pul atan Azər Əmiraslanovun PKK-dan ermənilərədək uzanan biznesi

Rusiya Ədliyyə Nazirliyi 44 günlük müharibə dövründə maddi və mənəvi cəhətdən erməniləri dəstəklədiyini bildirən “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı “xarici agent”lər siyahısına salıb. Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun da Moskvanın Şkulyova küçəsindəki kafesinin adı “Anderson”dur. Yəni deputatın oğlunun Ermənistana maliyyə yardımı göstərən Tatulova ilə françayzinq müqaviləsi var və buna görə ona haqq ödəyir.

Ordumuzun mövqeləri atəşə tutulub

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.