banner
banner

Gündəm

Qiymət artdı, qiymətləndirmə davam edir - TŞ-nin qərarına fərqli baxış

Qiymət artdı, qiymətləndirmə davam edir - TŞ-nin qərarına fərqli baxış

Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını artırıb. Şuranın qərarı ilə metro, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada gediş haqları 50 faiz qaldırılıb.

Yeni qiymətlər bu gündən qüvvəyə minəcək.

Tarif Şurasının qərarını dəyərləndirən iqtisadçı alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq: “Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı. Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.

İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu, sadəcə, nəbz yoxlamasıdır".

Bununla yanaşı, iqtisadçı-alimə görə, bu qərar digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək: “Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq. Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməlidir. Təklif edirəm ki, tələbələr üçün gediş haqlarının əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metrodan və digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır.

Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək".

Qubad İbadoğlu ile ilgili görsel sonucu

Q.İbadoğlunun fikrincə, əgər hökumət həqiqətən də Tarif Şurasının qərarında göstərildiyi kimi, ictimai nəqliyyatda xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılmasına nail olmaq istəyirsə, onda yalnız gediş haqqını artırmaqla işini bitmiş hesab etməli deyil: “Bunun üçün xüsusilə də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlılıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, metronun gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır. Bundan əlavə, metro da daxil olmaqla, Bakı şəhər nəqliyyatının eyni mərkəzdən idarəetmə sistemi yaradılmalı, zamana görə vahid bilet satışı tətbiq olunmalıdır. Belə olan halda 1 dəfə gediş haqqını ödəyən sərnişinin müəyyən zaman fasiləsində müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə hüququ tanınmalıdır. Məsələn, 30 qəpiklik bilet sərnişinə 1 saat ərzində həm metroda və həm də avtobusda gediş haqqı verməlidir”.

İqtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Tarif Şurasının qərarı bir qədər gecikmiş addımdır: “Düzdür, iqtisadiyyatın bütün sahələrində qiymət dəyişiklikləri həmişə əhalinin, xüsusilə də alıcı və xidmət istifadəçilərinin narazılığı ilə qarşılanır. Və bu da haradasa başadüşüləndir. Amma hər bir addımın əsası var, xüsusən söhbət dövlət tərəfindən tənzimlənən qiymətlərdən gedirsə... Həqiqətən də avtobuslarda gediş haqqı axırıncı dəfə 11 il əvvəl, metroda isə 7 il əvvəl qaldırılıb. Tarif Şurasının qərarında artım üçün müraciət edən qurumların əsaslandırması verilib: yeni avtobuslar gətirilib, ehtiyat hissələr bahalaşıb və sair. Bu, onların izahatıdır və həmin sahənin özünə aid məsələlərdir. Gəlin təkcə bu son illərdə iqtisadiyyatda baş verən dəyişikliklərə nəzər salaq. Əvvəla, 2015-ci ildə 2 dəfə devalvasiya baş verdi, 2016-cı ildə manat daha 15 faiz ucuzlaşdı. Bununla bağlı olaraq bütün sahələrdə qiymətlər qalxdı. Keçən il inflyasiya rəsmi olaraq 14,9 faiz etiraf olundu, müəyyən sahələrdə bundan da yüksək idi. Bunları nəzərə almaq lazımdır. İkinci səbəb, 2015-ci ildən sonra enerjidaşıyıcılarının qiyməti qalxıb. Keçən ilin iyununda A92 markalı benzinin qiyməti 90 qəpiyə qaldırılıb. Elektrik enerjisinin qiyməti 2016-cı ilin yayında bir dəfə artırılıb, dekabrında da bir dəfə. Diferensiallaşdırmaya baxmayaraq qazın qiyməti də artıb. Yəni baş verən bu artımlarla müqayisədə ictimai nəqliyyatda gediş haqları elə də ciddi artım sayıla bilməz. Xüsusilə metrodakı artım dövlətin metropolitenə ayırdığı subsidiyanın çox cüzi bir hissəsini kompensasiya edir. Bildiyiniz kimi, bu qurum dövlətin boynunda böyük bir yükdür. Bax bunları da nəzərə almaq lazımdır”.

P.Heydərova görə, mövcud nəqliyyat infrastrukturu, nəqliyyatın xərcləri daha çox tələb etsə də, artım elə ciddi deyil:“Hökumət məlum səbəblərdən çox cüzi artıma getdi. Digər tərəfdən, artım qərarının vaxtı da uğurlu seçilib. Sentyabrdan yeni dərs ili, qaynar həyat başlayacaq. Bu qərar onda qəbul olunardısa, daha böyük narazılıqla qarşılanardı. Bir məsələni də nəzərə alaq ki, ictimai nəqliyyatda gediş haqları özəl sektor tərəfindən  müəyyənləşsəydi, burada artımı 7-11 ildən bir deyil, demək olar ki, hər il müşahidə edərdik. Yəni biz şükür etməliyik ki, bu sahədə qiymətlər dövlət tərəfindən tənzimlənir”.

İqtisadçı-ekspert də hesab edir ki, növbəti mərhələdə dizel yanacağının qiymətinin artması gözləniləndir: “A92 markalı benzinin qiyməti ötən il qaldırılıb, A95 və A98 markalı benzinlərin qiyməti isə sərbəstdir. Lakin hazırda Heydər Əliyev adına neftayırma zavodunda istehsal qurğusu təmirə dayandırılıb. Ölkənin A92 markalı benzinə tələbatı daxili ehtiyatlar hesabına təmin olunur. Əgər təmir qurtaranadək o ehtiyatlar yetərli olmasa, A92 markalı benzin müəyyən müddətə xaricdən idxal olunacaq. Belə olarsa, onun qiymətində artım ola bilər. Dizelə gəlincə, düşünürəm ki, bu yanacağın qiyməti qış aylarında qaldırılacaq. Çünki kənd təsərrüfatı bu yanacağa həssasdır, bu baxımdan, mövsümün başa çatmasının gözlənəcəyini düşünürəm”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ile ilgili görsel sonucu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaydığı açıqlamaya görə, 2007-ci ildən bəri nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi. Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədəmüvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib”.

Xidmətdən bildirilib ki, tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.

Bakı Nəqliyyat Agentliyi ile ilgili görsel sonucu

Bakı Nəqliyyat Agentliyi də qərarla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Tarif (qiymət) Şurasının iyulun 30-da təsdiqlədiyi yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək: “Bu səbəbdən də bu sektorda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər təhlükəsiz və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda bütün müntəzəm marşrut xətləri üzrə daşıyıcılar nağdsız ödəniş sisteminə keçidi də sürətləndirməlidir. Vətəndaşa rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşısına prioritet məqsəd qoyan Bakı Nəqliyyat Agentliyi bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da məhz bu məqsədə xidmət edir”.

Bəxtiyar Məmmədov ile ilgili görsel sonucu

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, artımı zəruri edən səbəblər var: “Metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə yalnız istismar xərcləri daxildir: metro tikintisi - stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil. Qiymətləri postsovet məkanı ilə müqayisə etsək, məsələn, bu yaxınlarda Kiyevdə qiymətlər artırılıb, bizim məzənə ilə 41-50 qəpik arası dəyişir. Belarusda Minsk metrosunda gediş haqqı 55 qəpikdir. Özbəkistanın paytaxtı Daşkənddə 37 qəpikdir. Postsovet məkanına nəzər salsaq yenə də ən ucuz tariflər Bakı metrosundadır. Rusiyanı xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın elə metro stansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın. Halbuki orada metro təchizatından söhbət gedirsə böyük potensialı olan ölkədir. Həmin ölkənin metro sahəsi ilə bağlı istehsal gücü var. Biz isə əsas metro təchizatımızı xarici ölkələrin, xarici valyuta hesabına edirik”(APA).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Hurriyyet.az xəbər verir ki, sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.