banner
banner

Sİyasət

NATO təlimlərinə Moskvadan sərt reaksiyalar - Cənubi Qafqaz uğrunda savaş qızışır

NATO təlimlərinə Moskvadan sərt reaksiyalar

Avqustun 1-dən etibarən Gürcüstanda başlayan NATO və alyansın tərəfdaşlarının çoxmillətli hərbi təlimləri - “Noble Partner 2018" daha bir həftə davam edəcək. Xatırladaq ki, təlimlərdə 13 ölkədən (Gürcüstan, Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Ermənistan) 3 minə yaxın hərbçi iştirak edir.

NATO təlimlərindən bir gün sonra Rusiyanın işğal altındakı Abxaziya ərazisində hərbi təlimlərə başlaması alyansa cavab kimi qiymətləndirilir. Düzdür, hələlik bu güc nümayişi hər hansı ağır nəticələrə səbəb olmayıb. Ancaq paralel olaraq Rusiya rəhbərliyinin təhdid dili ilə danışması diqqət çəkir.

Rusiya baş naziri Dmitri Medvedyevin yaxın günlərdə “Kommersant” radiosunda yayımlanacaq müsahibəsində təhdidlər yer alıb.

Medvedyev deyib ki, Gürcüstanın NATO-ya üzvlüyü katastrofik nəticələrə səbəb ola bilər (axar.az). O, NATO-nun niyə belə dəhşətli konfliktə getmək istədiyini anlamadığını bildirib.

Qeyd edək ki, məhz Medvedyevin hakimiyyəti dönəmində (2008-ci ilin avqustunda-red.) Rusiya ilə Gürcüstan arasında müharibə baş verib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə təkcə Tiflisi hədələməyib. Diplomat Gürcüstanda NATO-nun keçirəcəyi “Noblü Partner” (Layiqli tərəfdaş) təlimlərinə etirazını bildirib. “Ria Novosti”nin məlumatına görə, M.Zaxarova deyib ki, Qara dəniz bölgəsində keçiriləcək təlimlər təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməyəcək: “Biz bununla razılaşa bilmərik. Çünki təlimlərin əsas məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya qarşı güc nümayişidir. Gürcüstanla qonşu ölkələrin də müxtəlif səbəblərlə həmin təlimlərə cəlb edilməsi təəssüf hissi doğurur”. Zaxarova stabilliyin tank və vertolyotlarla deyil, konstruktiv dialoqla qurulduğunu da xatırladıb.

Bütün bunlar şimal qonşumuzun Cənubi Qafqaz ölkələrində keçirilən NATO təlimlərinə sakit yanaşmayacağı barədə ehtimalları tam doğrultdu. Xatırladaq ki, NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri Gürcüstanda sayca dördüncü dəfədir ki, keçirilir. Keçən il məhz Putinin xəbərdarlığından sonra Ermənistan rəhbərliyi son anda bu təlimlərdən imtina etsə də, bu dəfə Paşinyan hökuməti geri çəkilmədi. Ekspertlər də hesab edirlər ki, Zaxarovanın xəbərdarlığı daha çox Ermənistana yönəlib. Çünki balanslı siyasət yürüdən Azərbaycanın NATO təlimlərində iştirak etməyəcəyi barədə Rusiya qarşısında hansısa öhdəçiliyi yoxdur.

Düzdür, Rusiya ilə NATO arasında hərbi qarşıdurma real deyil. Amma NATO-nun hərbi kontingentinə qarşı Rusiyanın separatçı Abxaziya bölgəsindəki qoşunlarını həyəcan siqnalı ilə poliqonlara yeritməsi də sadə məsələ deyil. Cənub Hərbi Dairəsinin yaydığı məlumata əsasən, Rusiya ordusunun 2.5 mindən çox hərbi qulluqçusu və 600-dən çox silah vahidi, hərbi texnikası, o cümlədən Qara dəniz donanmasının dəniz piyadaları, motoatıcı bölmələr irimiqyaslı təlimlərə başlayıblar. Təlimlərdə şərti düşmənin desantının neytrallaşdırılması, həmlə və əks həmlə əməliyyatları sınaqdan keçirilir. Analitiklər şübhə etmir ki, Rusiya ordusunun Abxaziyada başlatdığı təlimlər NATO təlimlərinə cavabdır. “Noble Partner-2018" təlimlərində  isə 1300 gürcü və 1170 Amerika əsgəri, habelə NATO-nun səkkiz ölkəsindən daha bir neçə yüz hərbçi iştirak edir.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, avqustun 1-dən etibarən Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri uğurla davam edir: “Alyansın Cənubi Qafqazda ənənə halını almış və sayca dördüncü təlimləri Rusiya tərəfindən hələ də geniş şəkildə həm müzakirə olunur, həm də qıcıq, narazılıqla dolu bəyanatlarla, münasibətlərlə müşayiət olunur. Ancaq bütün bunlara baxmayaraq, alyans öz təlimlərini təsdiq edilmiş plan üzrə davam etdirir, artıq yarı mərhələsi keçilmiş təlimlərdə əldə edilmiş nailiyyətlər müzakirə olunur, buraxılan səhvlərin gələcəkdə təkrar olunmaması üçün konkret tapşırıqlar verilir. Bu arada çox böyük narahatçılıq keçirən Rusiya Federasiyasının siyasi-hərbi rəhbərliyi də Cənub Federal Hərbi Dairəsinin əsgər və zabitlərinin iştirakı ilə təlimlərini praktiki mərhələdə davam edirlər”. NATO təlimlərində iştirak edən Azərbaycan kontingentinə gəldikdə, Ü.Cəfərov işlərin qaydasında olduğunu bildirdi: “Təlimlərlə bağlı Gürcüstan Müdafiə Nazirliyində xidmətdə olan dostlarımızdan əldə etdiyimiz məlumata görə, təlimlərdə hələ ki hər hansı ciddi narahatlıq doğuran hal olmayıb. Bu arada Azərbaycan ordusundan təlimlərə qatılan şəxsi heyət də özünü müsbət tərəfdən göstərməkdə davam edir. Hərbçilərimiz müxtəlif ölkələrdən olan hərbi mütəxəssislərlə yanaşı verilən tapşırıqları ustalıqla yerinə yetirməklə yanaşı, bundan əvvəlki illərdə əldə etdikləri bilik və bacarıqlardan da məharətlə istifadə edirlər.

Sözsüz ki, belə mötəbər təlimlərdə əldə edilən təcrübə Azərbaycan ordusunun şəxsi heyəti üçün çox böyük təcrübə rolunu oynayır. Zabitlərimiz NATO tələbləri çərçivəsində əsgərlərin hazırlıqlarını həm qiymətləndirir, həm də onlara daha müasir döyüş təcrübəsini aşılamaqda yardımçı olurlar”.

Hərbi ekspert dedi ki, bu arada NATO təlimlərinə ev sahibliyi edən Gürcüstanla bağlı Rusiya tərəfinin növbəti, bir növ şantaj xarakterli bəyanatını Rusiya Baş naziri Dmitri Medvedyev “Kommersant” radiosunda yayımlanacaq müsahibəsində xüsusi olaraq dilə gətirib: “Hiss olunur ki, bizim üçün çox böyük əhəmiyyət kəsb edən Gürcüstan Respublikasının Şimali Alyansa üzvlük məsələsi şimal qonşumuza rahatlıq vermir. Şəxsi fikrim də olsa, qeyd edirəm ki, NATO üçün Tiflisin NATO-ya qəbul məsələsi artıq həll olunmuş və yaxın vaxtlarda reallaşacaq bir məsələdir. Odur ki, Putin-Medvedyev cütlüyünün nə deməsindən, nə etməsindən asılı olmayaraq, Gürcüstan inamla alyansa üzvlüyə doğru gedir və bu məsələdə onlar üçün geriyə addım olmayacaq. Regiondakı proseslər sürətlə o qədər də Rusiya üçün xoşagələn məcrada davam etmir və etməyəcək. Artıq təlimlərin xeyli hissəsi geridə qalıb, amma Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova hələ də təlimlərə etirazını davam etdirir. Heç nə dəyişən deyil. NATO sıradan bir siyasi-hərbi təşkilat deyil, dünyanın aparıcı güc vasitəsidir. Ona görə də Rusiya tərəfinin ”stabilliyin tank və vertolyotlarla deyil, konstruktiv dialoqla qurulduğunu" qeyd etməsi də onların sözlərinin elə havada qalacağına bir sübutdur. Bu yaxınlarda Finlandiyada baş tutmuş Tramp-Putin görüşündən sonra da tərəflər arasında münasibətlər yumşalmaq əvəzinə günbəgün daha da gərginləşməyə doğru gedir. NATO-nun indiki şərait və şərtlər daxilində Rusiyaya hər hansı güzəşt edəcəyini düşünmürəm".

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında Rusiyanın narahat olduğunu vurğuladı: “Kremlı Ermənistanın yeni siyasəti ilə bağlı iki əsas sualı gündəmə gətirir. Birinci sual: Ermənistan Rusiyanın strateji müttəfiqi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda necə olur ki, düşmən NATO-nun Gürcüstandakı təlimlərində iştirak edir? İkinci sual: Ermənistan və Azərbaycan bir-biriləri ilə müharibə şəraitində olduqları halda necə olur ki, NATO-nun birgə təlimlərində iştirak edə bilirlər? Məntiqli suallardır. Ancaq hər iki suala məntiqi cavab da var. Birinci suala cavab belədir ki, Ermənistanın yeni hakimiyyəti əvvəlkitək Rusiyanı müttəfiq adlandırsa da, Qərbə də arxa çevirmək istəmir, tam əksinə, Qərbin müxtəlif institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ermənistanın NATO təlimlərində iştirakı bu siyasətin tərkib hissəsidir. Bir də ki, Paşinyanın devirdiyi və Rusiyaya daha yaxın olan Serj Sərkisyan da ötən il Ermənistanın Gürcüstanda eyni adlı NATO təlimlərində iştirakına qərar vermişdi. O, belə bir qərar veribsə, Nikol Paşinyan niyə NATO təlimlərindən imtina etməli idi?”

Ekspertə görə, ikinci sualın cavabı isə budur ki, Ermənistan NATO təlimlərində iştirak etdiyi halda Azərbaycanın bu təlimlərdən kənarda qalması məntiqi olmaz: “Ötən il qatılmamışdıq. Bunun səhv olduğunu ötən il yazmışdım. Bu dəfə doğru qərar verdik. Biz Rusiyadan Ermənistan qədər asılı deyilik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik ki, Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilsin. O ki qaldı erməni və azərbaycanlı hərbçilərin təlimlərdə birgə iştirakına, bu həqiqətən suallar doğursa da, NATO rəhbərliyi də işini bilir. Vacib deyil ki, bir-biri ilə müharibə şəraitində olan ölkənin hərbçiləri eyni hərbi planlamada yer alsınlar, hər halda, aralarında məsafə saxlanılır”.

Ekspert hesab edir ki, Ermənistanın NATO təlimlərində iştirakı Azərbaycanın xeyrinədir: “Çünki bu, birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının NATO-dan geri qaldığını göstərir və ikincisi, Rusiyanın Ermənistana inamını azaldır. Digər tərəfdən, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu da unutmamaq lazımdır”.

Politoloqun fikrincə, NATO ilə bağlı Rusiyanın xəbərdarlığının Azərbaycan üçün əhəmiyyəti yoxdur: “Azərbaycanın Rusiya qarşısında öhdəliyi yoxdur ki, hansısa ölkə və hərbi qurumla əməkdaşlıq etməyəcək. Rusiyanın xəbərdarlığının Ermənistana aidiyyəti var. Çünki Ermənistan tam mənada Rusiyadan asılıdır. Ona görə də ağa nökərinə irad tutur”.

“Ümid edirəm ki, Gürcüstan 2021-ci ilə qədər NATO-ya daxil olacaq”. Bunu isə bir müddət öncə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili demişdi. O qeyd etmişdi ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyinin möhkəmlənməsi üçün vacibdir: “Gürcüstan Avropa və Avroatlantik əməkdaşlığa üzv olmaq üçün hər gün çalışır”. Əvvəllər Gürcüstanın alyansa daxil olacağı bildirilsə də, dəqiq vaxt göstərilmirdi. Güman ki, Rusiyanı hərəkətə gətirən həm də Tiflisin NATO ilə bağlı hədəfini açıq şəkildə elan etməsidir. Ancaq Kreml həm də ondan narahatdır ki, Gürcüstanın ardınca Cənubi Qafqazın digər ölkələri də alyansa üz tuta bilər. Görünən budur ki, Cənubi Qafqaz uğrunda mübarizə qızışır. Rusiya bölgəni əldən vermək istəmir, Gürcüstana daxil olmuş Qərb isə israrla regionda möhkəmlənməyə çalışır...” 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.