banner
banner

İqtİsadİyyat

Bank sistemində durum stabilləşir, amma…

Bank sistemində durum stabilləşir, amma…

Azərbaycanın bank sistemində bəzi müsbət meyllər hiss olunmaqdadır. Belə ki, bu ilin altı ayı ərzində bankların müştərilərə verdiyi kreditlərin həcmi artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən bu il iyulun birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği  11 milyard 712,4 milyon manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 160,1 milyon manat və ya 1,39 faiz artım deməkdir. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə banklar kreditləşməni 374,8 milyon manat və ya 3,3 faiz artırıb.  

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 milyard 642 milyon manat məqsədli ehtiyat ayırıb. Bu, may ayındakı göstəricidən 0,6 milyon manat və ya 0,04 faiz azdır.

Mərkəzi Bankın açıqladığı məlumata görə isə 2018-ci ilin iyun ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8 milyard 109,3 milyon manat təşkil edib ki, bunun da 3 milyard 048,7 milyon manatı (37,6 faiz) milli valyuta, 5 milyard 060,6 milyon manatı (62,4 faiz) isə xarici valyuta ilə yerləşdirilib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə bu il əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 milyard 210,3 milyon manat və ya 1,7 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 8,1 milyon manat və ya 0,2 faiz azalma var.

Bununla yanaşı, cari ilin may ayı ilə müqayisədə iyunda manatda olan əmanətlərin həcmi 129,5 milyon manat və ya 4,44 faiz artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 112,3 milyon manat və ya 2,3 faiz azalıb.

Banklarda qeydə alınan bu göstəriciləri sektorun böhrandan çıxmasının əlaməti hesab etmək olarmı? İqtisadçı-ekspert Pərviz Heydərov müsbət tendensiyanın olduğunu qeyd etsə də, bunların hələ bank sisteminin düşdüyü ağır vəziyyətdən köklü şəkildə çıxmasının əlaməti olmadığını deyir: “Bank sektorunda köklü problemlər olduğu kimi qalır. Son vaxtlar əmanətlərin, xüsusilə də milli valyutada olan əmanətlərin həcminin artması, kreditləşmənin çoxalması kimi müsbət tendensiya müşahidə olunur. Lakin bunlar bizə əsas vermir deyək ki, əhalinin banklara olan inamı bərpa olunub, yaxud olunmaq üzrədir. Çünki qoyulan əmanətlərin həcminin artması heç də orta statistik vətəndaşa, orta təbəqəyə bağlı proses deyil. Bu artımın mənbəyi bankların təsisçilərinə, yaxın çevrəsinə daxil olan şəxslərdir. Hansı ki, bankların çöküşü prosesi ardıcıl xarakter aldığı vaxtlarda onlar vəsaitlərini banklardan çəkirdilər. İndi bankların çöküşü prosesi müəyyən müddətdir dayanıb. Bu da ölkə iqtisadiyyatında idxal-ixrac proseslərində aparıcı rola malik olan həmin dairələrin pullarını yenidən yaxın banklara yatırmasına səbəb olub”.

Pərviz Heydərov ile ilgili görsel sonucu

Ekspert hesab edir ki, bankların ən böyük problemi olan vaxtı ötmüş kreditlər artmağa davam edir: “Vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payı 14 faizdən yüksəkdir. Pis olan budur ki, problemli kreditlərin həcmi azalmır, əksinə, artın dinamikası var. Bu problem olduğu müddətdə bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil. Nə vaxt problemli kreditlərin artımı dayanacaq, onda biz bank sektorunda davamlı müsbət tendensiyaların başlandığını deyə biləcəyik”.

P.Heydərovun dediyinə görə, Azərbaycanın bank sektoru iqtisadiyyatın digər seqmentləri kimi neft qiymətlərindən asılı vəziyyətdədir: “Nə qədər ki, neftin dünya bazar qiyməti yüksək idi, ölkəyə xarici valyuta axını vardı, bank sektorunda da kapital durumu müsbət idi. Elə ki, qiymət düşdü, bank sektorunda ciddi problemlər özünü göstərməyə başladı. Bu problemlərin ən pik nöqtəsi Beynəlxalq Bankda müşahidə olundu. Son vaxtlar bankların bağlanması prosesinin dayanması, müəyyən müsbət dinamikaların müşahidə olunması da məhz neftin qiymətinin yüksəlməsi ilə bağlıdır. Bank sisteminin neftin qiymətinə bu bağlılığı o vaxta qədər davam edəcək ki, banklar iqtisadiyyatın real sektoru ilə qarşılıqlı şəkildə işləməyə başlayacaqlar. Yəni kreditləşmə istehlak deyil, istehsal və emal sahələri üzrə artacaq, kənd təsərrüfatı və sair sahələrə olmaqla uzunmüddətli xarakter daşıyacaq. Bu şəraitdə neftin qiyməti yenidən düşməyə başlayarsa, banklar daha ciddi problemlərlə üzləşəcəklər. Buna görə də təcili olaraq bank sistemində islahatlar həyata keçirilməli, bütün banklar restrukturizasiya olunmalıdır. Eyni zamanda problemli kreditlərin artmasının qarşısı alınmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.