banner
banner

Gündəm

Sərhəd kəndlərində mina təhlükəsi

| Xəbər 1112 dəfə oxunub
Sərhəd kəndlərində mina təhlükəsi

Avqustun 7-də Tovuz rayonunun Əlibəyli kəndində iki dinc sakin minaya düşüb.  Belə ki, kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alıb.

Bildirilib ki, xəstəxanaya çatdırılan Elgün Hüseynovun vəziyyəti ağırdır. Həyatına təhlükə var. Sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.

Düşmənlə təmas xəttinə yaxın yerləşən bölgələrimizdə bu cür hallar tez-tez baş verir. Azərbaycanda ərazilərin minalardan təmizlənməsinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) baxır. ANAMA 1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılıb. Ümumilikdə isə Azərbaycanda iki cür mina/partlamamış hərbi sursat  problemi mövcuddur: Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və işğaldan azad edilmiş ərazilərdə olan mina  problemi.

Tez-tez ANAMA-nın partlamamış hərbi sursatları zərərsizləşdirməsi ilə bağlı xəbərlər oxuyuruq. Ancaq təəssüf ki, bədbəxt hadisələr də az olmur və nəticədə dinc sakinlərimiz həyatlarını itirir, ən yaxşı halda isə çox ciddi bədən xəsarəti alaraq ömürlük əlil qalırlar.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov hadisənin baş verməsində hərbiçilərin heç bir günahının olmadığını söylədi:

“Biz dəfələrlə təmizlənməmiş minalar məsələsinə toxunmuşuq. Düşmənin basdırdığı minalarla bağlı bizdə formulyar deyilən sənəd olmalıdır. Həmin sənəd isə bizim əlimizdə mövcud deyil. Ona görə də  bəzən yerli sakinlər tanış olmayan ərazilərə daxil olurlar. Sözsüz ki, müəyyən işarələr qoyulmalı və göstərilməlidir ki, təhlükəli ərazidir və həmin ərazilərdə mülki şəxslər son dərəcə diqqətli olmalıdırlar. Bu, xüsusilə Füzuli rayonunun vaxtilə işğal altında olan ərazilərinə, o cümlədən Tovuzun, Qazağın, Gədəbəyin ərazilərinə aiddir. Son hadisənin detallarını bilməsəm də hesab edirəm ki, minaya düşən şəxslərin özlərinin də çox böyük günahı var. Çünki tanıdığım həmin ərazilərdə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrinin şəxsləri tərəfindən lazım olan göstəricilər qoyulub. Bu göstəricilər sırasında ”Girmək qadağandır", “Ehtiyatlı olun, mina var” yazılmış lövhələr yer alır. Ancaq görünür ki, bizim gənclər çox böyük ehtiyatsızlığa yol veriblər və nəticədə belə xoşagəlməz hadisə baş verib. Bildiyim qədər həmin gənclər əvvəllər də hadisə baş verən ərazidə olublar. Çünki ora elə yerdir ki, faktiki olaraq düşmənlə təmas xəttində yerləşir. Bizim bəzi sakinlər çağırışlara əhəmiyyət vermirlər və xoşagəlməz hallar yaranır. Əlibəyli kəndi düşmənin vaxtilə bir neçə dəfə daxil olub, çıxdığı ərazidir. Düşünmürəm ki, həmin minalar son vaxtlar basdırılıb. Bu ərazinin camaatı bölgəni çox yaxşı tanıyır. Yəqin ki, bu dəfə hansısa səbəbdən ehtiyatsızlıq ediblər. Ola bilər ki, gənclər mal-qaranın dalınca qaçıblar və sairə".

Ekspert bildirib ki, ANAMA bu kimi ərazilərin minadan təmizlənməsi işini çatdıra bilmir: “Çünki adətən ANAMA işğaldan azad olunmuş ərazilərdə iş aparır. Ancaq Əlibəyli kəndi elə bir həssas nöqtədədir ki, orada hələ də mülki şəxslər bir qədər ehtiyatlı olmalıdırlar.  Orada elə minalar var ki, atəşkəsə qədər basdırılmış minalardır. Elələri də var ki, yağış -sel suları həmin partlayıcı sursatların yerlərini dəyişib. Ona görə də həmin ərazidə mal-qara otaranlar,  gəzib dolaşanlar bir daha ehtiyatlı olsunlar. Xüsusilə də bu bölgələrə qonaq gedənlər əraziyə diqqət etməlidirlər. Həm hərbiçilər, həm də kənd sakinləri ərazi ilə bağlı məlumatlı olub, qoyulan nişanlara diqqət etməlidirlər. Bu məsələdə hərbiçilərin hər hansı bir günahından söhbət gedə bilməz. Hadisə sırf olaraq mülki şəxslərin ehtiyatsızlığı ilə bağlıdır. Bundan əvvəl də oxşar hadisələr baş verib”.

Ekspert bildirib ki, hadisə baş verən ərazini neytral zona adlandırmaq olmaz:

“Həmin əraziyə neytral zona demək olmaz. Bizdə Gədəbəy, Qazax, Tovuz istiqamətində elə yerlər var ki, orada düşmənlə təmas xətti bir neçə metr aralıdadır. Bu ərazi konkret olaraq Azərbaycanın işğal olunmamış ərazisidir. Hər hansı bir neytral zonadan söhbət getmir. Ancaq buna baxmayaraq düşmən əraziyə illər öncə minalar basdırıb və bu cür hadisələr yaşanır”.

Etibar Əmiraslanov ile ilgili görsel sonucu

“Bozqurd” batalyonunun komandiri olmuş Tovuz rayon sakini Etibar Əmiraslanov isə “Yeni Müsavat”a bildirib ki, həmin ərazilərdə kənd sakinləri uzun zamandır ki, mal-qara otarırlar: “Ərazidə bəzi yerlərdə nişan yoxdur. İkincisi də bu ərazidə kənd camaatı hər gün qoyun otarır. Ona görə də ehtimal etmək olar ki, bu minalar ermənilər tərəfindən yeni basdırılıb. Güman edirəm, erməni kəşfiyyatı bunu yuxarıdan görüb və qəsdən həmin əraziyə mina basdırıblar ki, mülki əhali yaralansın”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi