banner
banner

Gündəm

İranın işsizlər ordusu Bakıya axın edə bilərmi?

| Xəbər 1467 dəfə oxunub
İranın işsizlər ordusu Bakıya axın edə bilərmi?

ABŞ lideri Donald Tramp İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb. Artıq genişmiqyaslı sanksiyalar qüvvəyə minməyə başlayıb. Bunun nəticəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi yasaqlanır, neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti məhdudlaşdırılır, İran sərnişin təyyarəsi və hissələrinin idxalının qarşısı alınır, İranın ABŞ-a satılan əl işi xalçaları və qida məhsullarının ixracatı ləğv edilir və sairə. Qeyd edək ki, İrana qarşı sanksiyaların ikinci hissəsi 4 noyabrda qüvvəyə minəcək. Bu sanksiyalar isə energetika sektoru, Mərkəzi Bankla bağlı tranzaksiyalara aid ediləcək.

Ekspertlər bildirir ki, ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini pozmaq, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaq, daxildə ciddi böhran yaratmaq, İranda rejim dəyişikliyinə nail olmaqdır. Təbii ki, artıq bütün bunlar gözlənildiyi kimi İranda narazılıqlar yaratmağa, daxili sabitliyi pozmağa başlayıb. Bu ölkədə iqtisadiyyat getdikcə bitmə nöqtəsinə gətirilir. İran rialı dollar qarşısında gün keçdikcə “əriyir”. Belə ki, dolların qiyməti  aprel ayından bu yana nə az, nə çox, 80 faiz artıb. Bu səbəbdən iranlılar riala güvənmədiklərindən onu qızıla çevirməyə başlayıblar. Həmçinin dolların dəyərinin artması ixrac edilən malların da dəyərinin artması ilə nəticələnib. Nəticədə alıcılıq səviyyəsini kəskin şəkildə aşağı salıb.

Bu arada qeyd edək ki, İran iqtisadiyyatında neftdən sonra ikinci önəmli yeri tutan avtomobil sektorunda çalışan işçilərin sayı hazırda 1 milyondan çoxdur. Artıq böyük avtomobil şirkətləri “Peugeot”, “Renault”, “Citroen” kimi şirkətlər İranla ticarətdən geri çəkildiklərini bəyan edib. İran rəsmiləri qeyd edir ki, sanksiyalar üzündən bu sahədə çalışan 1 milyon insan işsiz qala bilər. “Bunun olmaması üçün öz tədbirlərimizi görəcəyik” deyə İranın əmək naziri Ali Rəbii açıqlamasında qeyd edib.

Almaniyanın məşhur “Siemens”, həmçinin dəmir istehsalı ilə məşğul olan “MMK”, “Severstal” şirkətləri, dünyanın üçüncü kontenyer operatoru şirkəti olan “CMA CGM”, sərnişin daşıyan təyyarə şirkətləri “Boeing" və “Airbus” da Tehranla olan əlaqələrinə son verdiyini bildirib. Təbii ki, bütün bunlar ölkəmizlə sərhəd olan İranda işsizlər ordusunun yaranması ilə nəticələnə bilər.

Bəs işsizlər ordusu Bakıya axın edə bilərmi? Azərbaycanın buna potensialı varmı?

Natiq Cəfərli ile ilgili görsel sonucu

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, İran vətəndaşları ölkəmizə gələrkən viza almalıdırlar. Onlar viza aldıqdan sonra 10 gün ərzində qeydiyyata düşməli, eyni zamanda vizanın müddəti qədər ölkəmizdə qalmalıdırlar. Vizanın müddəti bitdikdən sonra Miqrasiya Xidmətinin ixtiyarı var ki, onları ölkədən deportasiya etsin. Və yaxud İran vətəndaşları iş vizası üçün ölkəmizə müraciət edə bilərlər. Bu proses Azərbaycanda çox çətindir. Çünki  işə götürənin rəsmi qaydada müraciəti lazımdır. Daha sonra rəsmi müqavilə olmalı, işə götürən sübut etməlidir ki, məhz bu mütəxəssisə ehtiyac yaranıb deyə işə götürmək istəyir.  Yəni qanuni proseduralar bundan ibarətdir. Lakin təbii ki, qeyri-qanuni ölkəmizdə qalmaq və yaxud müqaviləsi olmadan da işləmək istəyən insanlar çox güman ki, olacaq. Əgər onların sayı minlərlə olarsa, bu, əlbəttə ki, Azərbaycana, iqtisadiyyatımıza əlavə yük olacaq, işçilərin maaşlarına təsir göstərəcək. Belə ki, əli hər şeydən üzülmüş İran vətəndaşı Azərbaycana gəlib çox aşağı maaşa çalışacaqsa, təbii ki, bu, yerli işçilərin işdən atılmasına və yaxud  maaşların azalmasına gətirib çıxardacaq.

Yəni qanuni yolla Azərbaycanda qalıb işləmək çox çətindir. Qeyri-leqal şəkildə ölkəmizə gəlmək istəyən insanlar ola bilər. Əgər İrandan gələnlərin sayı həddindən çox olacaqsa, bu, sosial gərginliklərə bağlı problemlər yarada bilər. Bunun üçün  Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti qurumlar bu məsələyə diqqət etməlidir. Lakin düşünürəm ki, İran vətəndaşları daha çox onlar üçün viza tələb etməyən, vizasız 1 il qalmaq imkanı yaradan ölkələrə, o cümlədən Gürcüstana, Ermənistana, Türkiyəyə üz tutacaqlar. Beləliklə, işsiz İran vətəndaşlarının Azərbaycandan daha çox bu ölkələrə yönəlməsi ehtimalları var".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi