banner
banner

Krİmİnal

Həbs edilən iş adamının mühafizəçisinin məhkəməsi: "Kimin kimi vurduğunu görməmişəm"

| Xəbər 819 dəfə oxunub
Həbs edilən iş adamının mühafizəçisinin məhkəməsi:

Gecə klubunda baş verən dava zamanı tanımadığı şəxsi bıçaqlayan mühafizəçi hakim qarşısına çıxarılıb. Bıçaqlanan şəxs mühafizəçini bağışlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində İlkin Məmmədov ifadə verib.

O, deyib ki, hadisənin baş verdiyi "Leo disko" gecə klubunda mühafizəçi işləyib. Bıçaqlanan şəxsin də onunla birlikdə həmin klubda mühafizəçi işlədiyini deyən İlkin Məmmədov davanı görmədiyini bildirib.

"Həftə sonu idi. Klubda adam çox idi. Birdən səs-küy oldu. Onda bildim ki, dava olub. Kimin kimi vurduğunu, nə baş verdiyini görməmişəm" - deyə şahid bildirib.

Digər şahid Anar Hüseynov isə hadisədən xəbərsiz olduğunu deyib: "Məni niyə çağırıblar bilmirəm. Klubun qabağında maşın saxlamışdım. Kameraya düşüb deyə çağırıblar. Aşağıda çay içirdim. Kabinetdə oturmuşdum, heç kimi görmədim. Tualetdə idim. Heç çıxdım deyə olanları görmədim".

İttihama görə, ötən il Bakı şəhərində yerləşən "Leo disko" gecə klubunda baş verib. Klubda əylənən Muraz Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədovla H.Hüseynov əvvəlcə əlbəyaxa olublar. Ətrafda olanlar hər iki şəxsi sakitləşdirib. Lakin onların mübahisəsi bununla bitməyib. Bir müddət sonra onlar başqa bir məkanda üz-üzə gəlib. Bu dəfə başlayan mübahisə zamanı isə Muraz Məmmədov H.Hüseynovu bıçaqlayıb.

Törətdiyi əmələ görə Muraz Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. M.Məmmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Prosesdə zərərçəkmiş qismində Hüseyn Hüseynov da ifadə verib. O, hadisə haqda danışan zaman deyib ki, təqsirləndirilən Muraz Məmmədovla əvvəllər tanışlığı olmayıb və gecə klubundan baş verən mübahisə zamanı M.Məmmədov onu bıçaqlayıb.

Zərərçəkmiş Hüseynov təqsirləndirilən M.Məmmədovdan şikayətçi olmadığını söyləyib. Ona qarşı heç bir tələbinin olmadığını da qeyd edib.

Qeyd edək ki, Muraz Məmmədov "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub. O, 2017-ci il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında baş verən davada iştirak etmişdi. Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza almışdı.

Qeyd edək ki, Bakıda mağaza işçiləri ilə mühafizə xidmətinin əməkdaşları arasında baş vermiş kütləvi davaya görə açılan cinayət işi üzrə məhkəmə iclası Binəqədi Rayon Məhkəməsində baxılmışdı. Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları hakim qarşısına çıxarılmışdı.

Hökmə əsasən, iş adamı Azadxan Xanməmmədov 3 il, digər təqsirləndirilənlər E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə kütləvi davada iştirak edən digər şəxslərə isə 2 il islah işlərinə məhkum edərək onların cəzasını şərti hesab etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi