banner
banner

Gündəm

Fədayə Laçının bacısının ifadəsi: O, "Qoca"nın vaqondan qaçanda istifadə etdiyi açarı pulla alıbmış...

| Xəbər 2424 dəfə oxunub
Fədayə Laçının bacısının ifadəsi:

Bakıda dustaqların qaçması işində adı keçən Fədayə Laçının ifadəsi məlum olub. Dustaqlara lazım olan açarı tapmaqda və "Qoca"nın adamına verilməsində onun adı keçir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Musavat.com səs-küylü cinayət işində adı keçən müğənni Fədayə Laçının ögey bacısı Telli Ağayevanın ifadəsini əldə edib. Həmin ifadədən məlum olur ki, "Qoca"nın axtardığı açarı Fədayə Laçın bacısından istəyib. Telli Ağayeva ifadəsində bacısı Fədayə ilə münasibətlərinin yaxşı olduğunu deyib.

O, deyib ki, bacısı ondan açar istəyəndə Bakı-Tbilisi-Bakı istiqamətində vaqon rəisi işləyirmiş: "2017-ci ilin oktyabr ayının əvvəllərində Fədayə mənə vaqon açarı lazım olduğunu dedi. Dedi ki, tanışının həyətində qəfəs var, onu açmaq üçün üçkünc vaqon açarı lazımdı. Mən də tanışlardan soruşacağımı dedim. Bu söhbətdən bir neçə gün sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmaqda köməklik etməsini istədim. Bir neçə gün sonra Ədalətlə peronda görüşəndə açarı mənə uzatdı, amma həmin gün Tbilisiyə gedəcəyim üçün Fədayənin gəlib götürəcəyini dedim. Ədalətin telefon nömrəsini Fədayəyə verdim ki, əlaqə saxlayıb açarı götürsün. Mən reysdə olanda Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət açarı götürməyə şübhəli, narkomana oxşayan bir adamın gəldiyini və buna görə başının ağrıyacağını dedi. Mən isə bacımın mənə ziyan verəcək bir iş görməyəcəyini bildirdim".

T.Ağayeva həmin açara "trexqranka" deyildiyini, silindirik formada və içərisinin üçkünc olduğunu deyib. Əlavə edib ki, həmin açarla qatarda vaqonun hər yerini açmaq mümkündür: "Biz işlədiyimiz dövrdə bu açarı heç vaxt rəsmi qaydada qəbul etməmişik. Mən Ukraynada Xarkov dəmiryolçularından həmin açarı pulla almışdım".

Şahid ifadəsinin sonunda qeyd edib ki, Fədayə Laçın üçün vaqon açarı tapanda ağlına gəlməyib ki, kimsə ondan istifadə edib, həbsdə olan şəxslərin qaçmasını təşkil edəcək.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi