banner
banner

Sİyasət

Səməd Seyidov: İlqar Məmmədova görə "başımızı çox ağrıdırdılar"

| Xəbər 1197 dəfə oxunub
Səməd Seyidov: İlqar Məmmədova görə "başımızı çox ağrıdırdılar"

"İlqar Məmmədovun azadlığa buraxılmasını çox müsbət qiymətləndirirəm".

Bunu BBC News Azərbaycancaya Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

"Hüquqi-nöqteyi nəzərdən bizim hüquq-mühafizə orqanları bütün lazım olan prosedurları həyata keçirdilər və məhkəmənin qərarı əsasında şərti azadlığa buraxılmış İlqar Məmmədov artıq Azərbaycanda həbsxanadan kənarda sərbəst hərəkət etmək iqtidarındadır", - o deyib.

Lakin Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic İlqar Məmmədovu azad etməklə yanaşı Azərbaycanı ona qarşı "bütün ittihamları və səyahət qadağasını" aradan qaldırmağa və tənqidi mövqelərinə görə həbs edilən digər məhbusları da azad etməyə çağırıb.


Səməd Seyidov, İlqar Məmmədovun azadlığa buraxılmasını "bir neçə nöqteyi-nəzərdən müsbət əks-səda yaradacaq hadisə" adlandırıb.

"Bu problemdən Azərbaycanı istəməyən və Azərbaycana qarşı mövqedə dayanan qüvvələr çox istifadə edirdilər, bizim başımızı çox ağrıdırdılar. Azərbaycana haqq-nahaq, xoşagəlməz, reallıqdan kənar və həqiqətlə qarışdırılmış, yalan, böhtan yüz cür durumlar söyləyirdilər. Bunların hamısına cavab vermək o qədər də asan məsələ deyildi", Səməd Seyidov bildirib.

Səməd Seyidov qeyd edib ki, İlqar Məmmədovun həbsi məsələsi Avropa İnsan Haqları məkhəməsində, müxtəlif səviyyələrdə belə müzakirə olunurdu.

"Avropa Şurasının Baş Katibi Jagland, vaxtilə bu məsələ ilə bağlı Azərbaycana prosedur qaydalarının başlanmasının tərəfdarı idi. Ancaq sonradan bunların hamısı araşdırıldı, çox ciddi təhlil olundu və Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda gedən proseslərə, bu təzyiqlərə dözdülər. Obyektiv, çox düzgün, həm beynəlxalq təşkilatlara, həm Azərbaycana bizim siyasi mövqeyimizə müsbət təsir göstərəcək qərar qəbul etdilər".

"...məhbuslar üzrə məruzəçinin təyin olunmasının əsaslarından biri..."

Cənab Seyidov hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsində minlərlə yerinə yetirilməmiş qərarlar mövcud olduğu halda ancaq Azərbaycanın bir hədəf kimi seçilməsi və Azərbaycanca qarşı belə bir faktdan istifadə edilərək təzyiq göstərilməsi düzgün deyildi.

"İlqar Məmmədovun azadlığa buraxılması bizə siyasi cəhətdən çox böyük kömək göstərəcək. Avropa Şurasının Parlament Assambleyasından bu yaxınlarda məhbuslar üzrə məruzəçinin təyin olunmasının əsaslarından biri elə İlqar Məmmədov işi idi. Buna görə, həmin məruzəçinin işini biz "yüngülləşdirmişik."

Səməd Seyidovun sözlərinə görə, "çıxarılan qərarlar onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına təzyiq göstərmək mənasız məsələdir. Heç bir təzyiq altında dövlət orqanı işləmir".

"Siyasi nöqteyi-nəzərdən isə bu bizim üçün çox vacibdir, çünki Avropa Şurasında, Avropa Parlamentində, ABŞ-da, başqa beynəlxalq təşkilatlarda bu məsələdən bəhrələnən qüvvələr də başa düşsünlər ki, bu məsələ də artıq keçib".


O, bir neçə başqa məsələlərin də tezliklə hüquq-mühafizə orqanları, məhkəmə sistemi tərəfindən araşdırılmasını və bununla da Azərbaycanın imicinə və mövqeyinə təsir göstərən məsələlərin həll olunmasını arzuladığını söyləyib.

"Azərbaycan bu məsələni də həll etdi"

Cənab Seyidov qeyd edib ki, Azərbaycan bu məsələni AŞPA-da qaldıracaq: "Sentyabrın 3-ü AŞPA Bürosunun iclası olacaq. Avropa Şurasının İnsan Haqları, monitorinq komitəsi, siyasi komitə iclaslarında, oktyabr sessiyasında bu məsələ hansısa formada gündəmə qalxa bilərdi. İndi isə, biz bunu qaldıracağıq ki, Azərbaycan bu şəkildə, bu formada bu məsələni də həll etdi".

ReAl partiyasının sədri İlqar Məmmədov bazar ertəsi günü Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Azərbaycanın insan haqlarına dair problemləri hələ bitməyib

İlqar Məmmədovun 2013-cü ildə İsmayıllıda baş vermis iğtişaşlardan sonrakı həbsi və 2014-cü ilin mart ayından məhkumluğu Azərbaycan hökuməti üçün beynəlxalq aləmdə böyük baş ağrısına çevrilib.

Avropa Parlamenti, Avropa Şurasının Nazirlər Komitəsi, Avropa Şurası Parlament Assambleyasının İlqar Məmmədovun azadlığa buraxılmasına dair çağırışlarla yanaşı, Avropa İnsan Haqları Məhkəməsi də İlqar Məmmədovun azad edilməsini tələb edib.

İlqar Məmmədovun işi və QHT-lərin fəaliyyətinə dair digər narahatlıqlar Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatının üzvlüyündən çıxarılmasına da səbəb olub.

İlqar Məmmədov həbsdə olarkən buna xüsusi diqqət yetirərək, açıq məktubla beynəlxalq maliyyə institutlarına Azərbaycanın enerji layihələrinə yalnız insan haqları vəziyyətinin yaxşılaşdırılması şərtilə dəstək verməyə çağırıb.

Azərbaycan hökuməti və nümayəndələri indiyədək bu tənqidləri Azərbaycana qarşı "ayrıseçkilik" və "təzyiq vasitəsi" olaraq qiymətləndirib. Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin sədri Səməd Seyidov bu tənqidləri "Azərbaycana...həm də Avropaya qarşı işləyən qüvvələr"in təşkil etdiyini iddia edib.

Amma bu təzyiqlərə baxmayaraq Avropa İttifaqının icraçı qurumu olan Avropa Komissiyası (AK) Azərbaycanın enerji layihələrini tam dəstəyini verməyə davam edib və Avropa İnvestisiya Bankı ilə birlikdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Cənub Qaz Dəhlizinə daxil layihələri maliyyələşdirməkdən çəkinməyib.

Lakin Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hələ də İlqar Məmmədovun hökmünün icrasına baxmaqdadır. Sentyabr ayından etibarən Avropa qurumları bir daha tam fəaliyyətə qayıdacaq və AŞPA-da Azərbaycanda Siyasi Məhbuslar üzrə yeni təyin olunmuş məruzəçi də öz işinə başlayacaq.

Bu müddətdə İlqar Məmmədov Azərbaycanda insan haqları vəziyyəti barədə narahat olanlar üçün bir simvola çevrilib, lakin Avropa liderləri Azərbaycanla əlaqələrində indiyədək olduğu kimi enerji sahəsində əməkdaşlıq və ticari əlaqələri insan haqlarına dair narahatlıqlardan üstün tutduqlarını bir daha nümayiş etdiriblər.

İlqar Məmmədov necə həbs edilib?

Cənab Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.

İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.

2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə hökmləri ilə Azərbaycanı İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.

Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatlar Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi