banner
banner

Gündəm

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğaldan azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğalından azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Bu ilin mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. \Report



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mövqelərimiz atəşə tutuldu

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyi açıqlama yaydı: SON QOYULMALIDIR!

Təssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.