banner
banner

Sosİal

Hər an faciə ilə üz-üzə qalan bina sakinləri: “Bizə etinasız yanaşırlar” - Fotolar

Hər an faciə ilə üz-üzə qalan bina sakinləri: “Bizə etinasız yanaşırlar” - Fotolar

 

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, aylardır ki, qəzalı vəziyyətdə olan binanın sakinləri yenidən Musavat.com-a müraciət ediblər.

Sakinlər bildirib ki, bu ilin may ayında binanın tavanının uçmasından sonra aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər bir nəticəsi olmayıb:

“Binanın ümumi dəhlizinin tavanı uçduqdan sonra bir müddət Xətai Rayon İcra Hakimiyyətindən bizə kirayə pulu verildi ki, müvəqqəti olaraq başqa yerdə yaşayaq. Bildirdilər ki, həmin müddət ərzində bizə ya yeni ev veriləcək, ya da bina söküləcək və yenisi tikiləcək. Lakin bizə cəmi 2 ay kirayə pulu verildi. Buna görə də biz yenidən yaşayış üçün çox təhlükəli olan binada yaşamağa məcbur olduq”.

Sakinlər qeyd ediblər ki, hər an faciə ilə üz-üzədirlər:

“Hər an faciə ilə qarşılaşacağımızla bağlı qorxu keçiririk. Burada körpə uşaqlar da var. Aidiyyəti qurumlar isə məsələyə etinasız yanaşır. Bundan sonra kimə müraciət edəcəyimizi bilmirik”.

Xatırladaq ki, qeyd olunan binanın sakinləri bir neçə dəfə Musavat.com-a müraciət ediblər. Son olaraq Xətai Rayon İcra Hakimiyyətindən Musavat.com-a bildirilmişdi ki, binada uçqun yaranan zaman qurum orada təmizlik işləri aparıb. Lakin binanı söküb, yenidən tikmək və yaxud təmir etmək rayon icra hakimiyyətinin gücündə olacaq məsələ deyil:

“Bununla bağlı tərəfimizdən aidiyyəti orqanlara, o cümlədən “Bakı Abadlıq”, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfat departamentinə müraciət olunub, vəziyyət barədə ətraflı məlumat verilib. Yuxarı təşkilatlardan bizə nə göstəriş veriləcəksə, rayon icra hakimiyyəti olaraq, onu təmin edəcəyik”.

Məsələylə bağlı yenidən Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Musavat.com-a bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən həmin binaya baxış keçirilib:

“Komissiyanın rəyinə əsasən həmin bina kəskin qəzalı binalar siyahısındadır. Tez bir zamanda həmin bina ilə bağlı qərar qəbul ediləcək. Böyük ehtimalla insanlar binadan köçürüləcək və bina söküləcək. Daha dəqiq detallar barəsində yaxın zamanda məlumat veriləcək”.

Xalidə Gəray
Musavat.com

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər