Rəqqasə Oksana Rəsulova hamiləliyi və ana olması ilə bağlı yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.
Musavat.com xəbər verir ki, hamiləlik fotosessiyasını paylaşan rəqqasə onu qınayanlara cavab verib: “Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var... İndiki zamana qədər, son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi. Bəzi insanlar üzündən, hansıları ki Allahın öhdəsinə buraxmışam, məni anlamadan qınağa çevirdilər, amma bir çoxları dəstək oldular (hər şeyi oxuyurdum).
Mən onu anladım ki, insanlar necə də kobudlaşıb (bu, hər kəsə aid deyil). Bir qadının övlad həsrətində olduğunu, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb, nədəsə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə? Bəs Allah qorxusu? Bəs “mən bunları deyirəm, yazıram, birdən mənim və ya ailəmin də başına bu problem gəlsə, necə olar” kimi fikirlər sizi narahat etmir? Tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki artıq olmayacaq...
Mən ümumiyyətlə heç vaxt öz problemlərimi tamaşaçılarımla bölüşməmişəm, amma nədənsə mənim şəxsi həyatım hər zaman maraq mərkəzində olub. Əslində bu normaldır, amma düzünü yazıb, düzünü desələr... Təəssüf ki, belə deyil…
Bəli, ailə həyatı qurmuşam, hamiləyəm. Heç bir yerdə müsahibə verməmişəm. Mənə bu son aylar “bəzi” media işçiləri və aparıcılar böyük bir stress yaşatdılar. Onlar mənim daxili problemlərimi bilməyə-bilməyə yazıb şişirtdilər. Onlar düşünmədilər ki, axı bu problemi onlar da yaşaya bilər...
Mən hirsləndim, ağladım, kövrəldim, amma bir kəlmə cavab vermədim. Çünki söz vermişdim. İndi də cavab vermirəm, mən sadəcə sizlərlə bölüşürəm. Bəlkə də həyatımda birinci dəfə…
Ana olmağı isə mən hər qadına arzulayıram. Allah köməyimiz olsun. Allah saf niyyətləri qəbul etsin, Amin! Allah körpələri saxlasın.
Sizdən xahişim olacaq, bundan sonra mənim ailə həyatımla bağlı suallar verməyin! Birdə ki, rəy və şərh yazanda, və ya kiminsə haqqında danışanda diqqətli olun. Çalışın heç kimin qəlbini qırmayın. Nə vaxtsa özünüz qırıla bilərsiz”.
Qeyd edək ki, Oksana bir müddət öncə ailə qurması barədə açıqlama vermişdi. Daha sonra onun oğlunun dünyaya gəlməsi barədə xəbərlər yayıldı.








