banner
banner

Sosİal

Yollardakı dəhşətli qəzaları necə durdurmalı - ekspert danışır

Yollardakı dəhşətli qəzaları necə durdurmalı - ekspert danışır

Ötən il Azərbaycan yollarında 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb

Vaxtaşırı yol qəzalarının statistikası açıqlanır və dəhşətli rəqəmlər ortaya çıxır. Sanki yollarda müharibə gedir, hər il 800-1000 nəfər aralığında insan avtoqəzalarda həyatını itirir. Nə etməli? Vəziyyəti necə dəyişməli? Bu və digər suallar illərdir ki, aktuallığını qorumaqdadır.

Qəzalar isə durmadan artır. Onların bir hissəsini isə sərnişin avtobusları törədir. Təkcə bu ilin əvvəlindən baş verən qəzalara nəzər salaq:

Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı mikroavtobusda olan 4 nəfər məktəbli xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. ile ilgili görsel sonucu

Yanvarın 21-də avtosfer.az saytı 3 qəza hadisəsinin videosunu təqdim edib. İlk videoda yük maşınının sürücüsü yolda hərəkət edən zaman tunelin girişindəki bardürə çırpılıb. İkinci videoda avtobus sürücüsü yolun kənarındakı işıq dirəyinə dəyib, daha sonra dərəyə yuvarlanıb. Üçüncü qəzada isə mikroavtobusun sürücüsü yoldan çıxaraq divara dəyib. Araşdırmalar zamanı məlum olub ki, hər 3 qəzada sürücülərin diqqətini yayındıran əsas amil mobil telefondur.

Yanvarın 22-də Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin giriş hissəsində qeydə alınıb. “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. Piyada 1993-cü il təvəllüdlü Tural Məmməd oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıb. Yaralılardan 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü Aidə Kərimovanın müalicəsi xəstəxanada davam etdirilir. Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində qeydə alınıb. ile ilgili görsel sonucu

Lənkəran rayonunda da yol qəzası baş verib, sürücü ölüb. “Report”un cənub mərkəzinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində qeydə alınıb. Belə ki, Rusiya vətəndaşına məxsus qoşqulu yük maşını ilə Cəlilabad rayon sakininin idarə etdiyi “QAZel” markalı yük maşını toqquşub. Nəticədə “QAZel” markalı yük avtomobili alovlanıb. Yanğın zamanı sürücü ölüb, avtomobildə olan Cəlilabad rayonunun Alar kənd sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.  DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Ötən il isə respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb.  Bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib. Rəisin sözlərinə görə, bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində ölənlərin sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər ölüb, 527 nəfər xəsarət alıb.

Ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, sərnişindaşımada  qəzalarının əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması, sükan arxasında telefondan istifadə halları üzündən baş verir. Digər tərəfdən də daşıyıcı şirkətlərin Azərbaycanda ölkədaxili marşrut avtobuslarında taxoqrafların tətbiqi məsələsinə yanaşması da son nəticədə ortaya qorxunc statistika çıxarır. Taxoqrafların ölkədaxili marşrut avtobuslarında quraşdırılması nəhayət ki,  təcili şəkildə həll edilməldir. Bundan sonra belə qəzaların qarşısının alınması üçün əməli tədbirlərin görülməsi xeyli asanlaşacaq.

Elməddin Muradlı ile ilgili görsel sonucu

Elməddin Muradlı deyir ki, Bakıda illərdir fəaliyyət göstərən “Rent a car” şirkətləri taxoqraflardan istifadə edir və qəzaların qarşısını bu yolla alırlar. Mexanizm də çox sadədir: “Vətəndaş şirkətdən avtomobili kirayəyə götürür. Həmin avtomobilin harada olduğu, saatda neçə kilometr və hansı sürətlə hərəkət etdiyi şirkətin dispetçerləri tərəfindən izlənilir. Sürücü sürət həddini aşırsa, ona zəng vurub xəbərdarlıq edirlər. Hətta sürücü xəbərdarlığa məhəl qoymasa, dispetçer nəqliyyat vasitəsinin mühərrikini öz kompüterindən söndürmək imkanına malikdir. Əvvəllər beynəlxalq sərnişin və yükdaşıma ilə məşğul olan şirkətlərə taxoqrafdan istifadə etmək qanunla tələb olunurdu. Taxoqrafsız nəqliyyat vasitələri beynəlxalq daşımalara buraxılmırdı. Son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən dəhşətli sonluqlu yol nəqliyyat hadisələri qanunvericiliyin dəyişilməsinə səbəb oldu. ”Yol hərəkəti haqqında" Qanuna edilən son dəyişikliklərdə sərnişindaşıma ilə məşğul olan bütün növ avtobuslarda və yük maşınlarında taxoqrafların quraşdırılması nəzərdə tutulur. Taxoqrafların quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsələlərə nəzarət mexanizmini təmin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işə salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əgər nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Sürücü yuxulu halda ardıcıl nəqliyyat vasitəsini idarə edirsə, bunu da izləmək mümkün olur. Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir".

Elməddin Muradlının sözlərinə görə,  “Yol hərəkəti haqqında” Qanunda taxoqrafların ölkədaxili sərnişin və yük daşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir: “Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişindaşıma sahəsinə cavabdeh qurumdur. Ölkədə gecə sərnişin daşınması qadağan olunub. Amma vətəndaşların gecə reyslərinə ehtiyacları qalır. Məcbur olub avtovağzallardan kənar fəaliyyət göstərən fərdi avtobus sürücülərinin xidmətlərindən istifadə edirlər. Nəticə də göz qabağındadır. Bu məsələləri nəzarətdə saxlamaq üçün qanuni fəaliyyət göstərən avtobuslara taxoqraflar quraşdırılmalı, bundan sonra gecə reyslərinə icazə verilməlidir. Tələb varsa, təklif də həmişə olacaq. Qanuna dəyişiklik edilib, amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara hələ də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansısa aksesuar kimi avtobuslarda yer tutur, işlək vəziyyətdə deyil. Qanun yeni qəbul olunub, görünür, lazımi səviyyədə icrası bir müddət vaxt aparacaq. Bu işin təşkili Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Sərnişindaşıma ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün hərəkətə keçməlidirlər. Uzaq yola çıxan sürücülər tez bir zamanda mənzil başına çatmaq üçün sürət həddini aşırlar və nəticədə Qazaxda baş verən dəhşətli qəza kimi olaylar meydana çıxır. Düzdür, hazırda radar sisteminin təkmilləşdirilməsi aparılır. Qanunlar qəbul olunur, amma icra mexanizmi illərlə işlənməmiş qalır. Qanuna dəyişikliklər ediləndə, icrası ilə bağlı da qeydlər olur. Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə  səhlənkar yanaşırlar. Düşünürlər ki, taxoqrafların tətbiqi ilə bağlı daşımaçı şirkətlərin üstünə düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzarət edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməzdən əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir. Azərbaycan kosmosa peykini çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında problemlərin həll olunmamasına gətirib çıxarır. Qanuna dəyişikliklər vaxtında edilir, amma icrası təmin edilmir ki, insanlar qəzalarda dünyalarını dəyişməsinlər. Məsələn, şəhərlərarası və rayonlararası marşrutlarda hərəkətdə olan avtobusda taxoqraf quraşdırılsa və sürücünün sükan arxasında neçə saat keçirməsi, avtobusu neçə kilometr saatla hərəkət etdirməsini real onlayn rejimdə izləmək olar. Əlbəttə ki, bunun üçün ilk növbədə yeni texnologiyaların tətbiqinin süngü ilə qarşılanmasını kənara qoymaq vacib şərtdir”.

“Yeni Müsavat”  taxoqrafın texniki göstəriciləri, iş prinsipi haqda məlumatları təqdim edir: Taxoqraf avtomatik rejimdə nəqliyyat vasitəsinin sürətinin, yürüyüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdə tutulub. O, demək olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən “qara qutudur”.

2020-ci ildə sərnişindaşımada qəzaların qarşısının alınması, qəzaların minimuma endirilməsinin əsas istiqaməti kimi taxoqrafların qanunun tələbinə uyğun şəkildə tətbiqindən keçməsi göz önündədir. Qalır müvafiq qurumların hərəkətə keçməsi, vətəndaşların yollarda ölümlərinin önlənməsi üçün radikal addımlar atmaları.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.