Bakıda ahıl qadın öz evindən küçəyə atılıb. Məmur özbaşınalığı ilə üzləşən şəhər sakini Yelena Berezinskayanın mənzilinin qapıları qıfıllanıb. Özü isə hazırda dəhlizdə yaşamaq məcburiyyətində qalıb. Y.Berezinsakaya məhkəmələrin ədalətsizliyinə görə qışın sazağında, yayın qızmarında qapısı, tavanı olmayan, heç bir kommunal şəraitlə təmin olunmayan bir dəhlizdə gecələyir. Onun nə hamamı, nə yemək bişirmək üçün sobası var.
Bir divan qalıb ki, elə ordaca yeyir, yatır. Qonşuları olmasa Y.Berezinskaya baxımsızlıqdan daha da acınacaqlı vəziyyətə düşərdi. Ona yemək verən qonşuları yaşlı qadının kimsəsi olmadığını bildirirlər. Həyat yoldaşı Yuri Vaznyak uzun illər əvvəl dünyasını dəyişib.
Övladı da bir neçə il qabaq vəfat edib. Beləcə tənha qalan Y.Berezinskaya ona aid Bakının mərkəzindəki mülkünü də itirib. Mənzil onun əlindən qanunsuz yolla alınıb, qonşusu Əskinaz Abbasova tərəfindən zəbt edilib.
Söhbət paytaxtın mərkəzi Nizami küçəsi (Torqovıy) ev 77, mənzil 90 ünvanından gedir. Ə.Abbasova isə məhkəmə çəkişmələrində öz bacısının vəzifə səlahiyyətlərindən istifadə edərək qərarları öz xeyrinə təmin edir.
Bakı Apelyasiya Məhkəməsinin hakimi olan Səriyyə Seyidova bacısı Ə.Abbasovaya Y.Berezinskaya ilə mülk davasında qahmar çıxaraq, qərarlara birbaşa təsir edir. Aprelin 15-də keçiriləcək apelyasiya məhkəməsində tərəflərin mübahisəsinə aydınlıq gətiriləcək.
Y.Berezinskaya isə “Yeni Müsavat”a müraciət edərək yaşadığı yerdə çəkiliş aparılmasını, şəraitini və başına gələnləri ictimailəşdirməyi xahiş edib. Onun yaşadığı ünvana baş çəkib qeyd olunan məqamların şahidi olduq. Vətəndaş həqiqətən də acınacaqlı bir vəziyyətdə yaşayır. Evinin qapıları da qıfıllanıb, tavanı açıq bir yerdə gecələyir.
Mülk sahibi işlə bağlı materialları təqdim etdi. Materiallara baxış zamanı aydın oldu ki, ona aid 90 saylı mənzilin 19 kvadrat metr sahəsi olan bir otağı qonşusu, 91 saylı mənzilin mülkiyyətçisi Əskinaz Abbasovanın mənzilinə birləşdirilib.
Əmlakın Y.Berezinskaya aid olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Zəfər Abdulovun ərizəyə verdiyi cavabda da təsdiqlənib. Vətəndaşın əlində qeydiyyat vəsiqəsi (kupça) də var.
1 saylı İnzibati-İqtisad Məhkəməsinin hakimi Fəqan Əhmədovun çıxardığı isə qərarda göstərilir ki, ümumi sahəsi 65, 5 kvadrat olan mənzilin Y.Berezinskayanın adına 2012-ci ildə özəlləşdirilməsi haqda nə cavabdeh Nəsimi rayon İcra Hakimiyyətində, nə ona tabe qurumda, nə də 48 saylı Mənzil Kommunal İstismar Sahəsində (MKİS) məlum olub. Mübahisəli 19 kvadrat isə dövlət mənzil fonduna aid yaşayış sahəsi kimi Nəsimi RİH-nin balansında olub.
Şikayətçi hesab edir ki, məhkəmənin bu qərarı əsassızdır: “Çünki 19 kvadrat mənim tərəfimdən 2012-ci ildə deyil, 1996-cı ildə özəlləşdirilib.
Həmin otağın özəlləşdirilməsində 48 saylı MKİS iştirak edib. Hətta otağın mənim mülkiyyətimdə olması barədə cavabdeh təşkilatda məlumat olmasaydı belə, icra orqanının sərəncamını qüvvədə saxlamağa əsas vermir. Bu sərəncam ləğv olunmalıdır. Çünki icra hakimiyyəti mənim evimi mənzil fondunda boş qalmış sahə kimi Əskinaz Abbasovaya verib. Bunu da belə izah edib ki, guya onun ailə vəziyyəti nəzərə alınaraq bu addım atılıb, bu mənzil onun evinə birləşdirilib".
Dövlət başçısı İlham Əliyevdən kömək diləyən Y.Berezinskaya deyir ki, ədalətli mühakimə aparmalı olan hakimin özü ədalətsizlik edir:
“Məni bu yaşımda, kimsəsiz olmağımdan istifadə edərək dəhlizdə qoyublar, qapıları bağlayıblar. Bu həm qanunsuzluq, həm insafsızlıqdır. Bakının mərkəzi yeri olduğu üçün bu mülkü satıb daha böyük imkan əldə edəcəklər. Mən cənab prezidentdən, Mehriban xanımdan kömək diləyirəm”.


