Dünyada “ispan qripi” təkrarlana bilərmi?
Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) rəhbəri Cenevrədən növbəti bəyanatla çıxış edərək bəzi ölkələrin karantin tədbirlərini məhdudlaşdırmağa başlaması nəticəsində pandemiyanın yenidən vüsət alacağı haqda xəbərdarlıq edib. Doktor Tedros Gebreyesus bildirib ki, bundan da betəri hələ qabaqdadır.
O, koronavirus barədə danışarkən 1918-ci ildə yayılmış “ispan qripi”ni xatırladıb. “Bu çox təhlükəli patogendir və 1918-ci ildə ispan qripi epidemiyası dövründə olduğu kimi yayılır”,-o Cenevrədə reportyorlara bildirib.
“Lakin indi bizim texnologiyalarımız var, biz bu fəlakətin qarşısını ala bilərik, bu cür böhranının qarşısını ala bilərik. İnanın bizə. Betəri hələ qabaqdadır. Gəlin bu faciənin qarşısını alaq. Bir çox adamlar hələ də başa düşə bilmir ki, bu nə virusdur” deyə, o bildirib.

May ayında koronavirus infeksiyasının dünyada yayılma prosesinin zəifləyəcəyi gözlənilir. Doğrudan da, bəzi ölkələrdə bu tendensiya müşahidə edilir. Lakin xüsusilə də ABŞ və İspaniyada, İngiltərə kimi ölkələrdə vəziyyət gərgin olaraq qalır. Ötən gün ABŞ-da 2 min 341 nəfər bu virusdan ölüb. İngiltərədə isə 763 nəfər ölüb ki, bu göstərici də dünən üçün dünyada ABŞ-dan sonra ikincidir.
ÜST-ün yuxarıdakı məlumatların əksinə olaraq ABŞ hökuməti bildirir ki, onlar koronavirusla bağlı bütün lazımı tədbirləri görürlər. Bu ölkədə artıq 4 milyon 325 min 342 test keçirilib. Nəticədə 848 min 717 nəfərdə koronavirus aşkar edilib.
Artıq bir çox ölkələr karantin rejimini yumşaldıb, digərləri isə bunu palanlaşdırırlar. Belə ki, mayın 4-dən Almaniyada karantin rejiminin yumşaldılacağı açıqlanıb. Fransa və Amerikanın bəzi ştatlarında da may ayı üçün yumşalma nəzərdə tutulub. Aprelin 20-dən Norveç, Çex Respublikası, İran, Qazaxıstan kimi ölkələrdə isə karantin rejimi yumşaldılıb.
Azərbaycan mayın 4-nə qədər karantin rejimi nəzərdə tutub. Lakin ekspertlər və eyni zamanda, müvafiq dövlət qurumlarının əməkdaşları bildirirlər ki, virusla bağlı vəziyyətdən asılı olaraq bu müddət bir qədər də uzadıla bilər. Məqsədin vətəndaşların sağlamlığını qorumaq olduğu qeyd edilib.

Musavat.com-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, əslində o, ÜST-ün bu kimi bəyanatlarına tənqidi yanaşır:
“Onlar bir fikri götürüb, onu hər bir ölkəyə təqdim etmək istəyirlər. Hesab etmirlər ki, bu ölkələrin özlərinə məxsus xüsusiyyətləri var. Lakin ÜST yerli xüsusiyyətləri nəzərə almadan, təkliflər irəli sürür. Hələ koronavirus dünyada bu səviyyədə yayılmadan öncə ÜST bizi təlimatlandıran zaman, biz onların dediklərini çoxdan etmişdik. Bizi sıxışdırırlar ki, siz insanları karantinə almaqla onların azalıqlarını pozursuz. Ancaq sonradan onlar da bizimlə razılaşdılar ki, belə addım atılmalıdır. Hər halda insanları bu qədər qorxutmaq da düzgün sayılmır. Doğrudur, problem ciddidir. Ancaq bunu “İspan qripi” ilə müqayisə etmək olmaz. Azərbaycanın indiki ərazisində o zaman “İspan qripi”nin hansı səviyyədə yayıldığı məlum deyil. Çünki həmin zaman heç bir qeydiyyat aparılmayıb. Söhbət 1918-ci ildən gedir. O zaman nə müşahidələr aparılır, nə də testlər keçirilirdi. Ona görə də indiki zamanla “İspan qripi”nin yayıldığı dövrü müqayisə etmək yumşaq desək düzgün deyil”.


