Mayın 4-dən əyalətlər karantindən çıxsa da, Bakıda bütün postlarda yoxlanış gücləndirilib, polis xəbərdarlıq edir; ticarətdə isə...
Mayın 4-dən xüsusi karantin rejiminin yeni dövrünün başlandığını söyləmək olar. Əvvəlkindən fərqli olaraq, bu tarixdən Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran istisna edilməklə, qalan bütün şəhər və rayonlar karantindən azad olub.
Paytaxtda isə hələlik dəyişən heç nə yoxdur, yalnız fərdi olan bütün dükanların işləməsinə icazə verilir. Hazırda yenə kafe-restoranlar, parklar, metro, ticarət mərkəzləri fəaliyyət göstərmirlər, yollarda postlar var.
Buna “Yeni Müsavat” üçün reportaj hazırlayarkən apardığımız müşahidələrə əsasən şahid olduq. Mayın 4-dən karantinin yeni bir dövrü başlamaqla yanaşı, postlarda yoxlanış gücləndirilib.
Xüsusən şəhərin mərkəzinə giriş istiqamətlərində, qəsəbələrdən çıxış yollarında postlar ləğv edilməyib, sürücülərin icazəli olub-olmadığı yoxlanır.
Hazırda Qələbə meydanına yaxın ərazidə, 20 Yanvar şəhidlər abidəsi önündə, Bakıxanov qəsəbəsində, metronun “Koroğlu” stansiyası qarşısında, “Çermet” körpüsü yanında, “Elit” ticarət mərkəzinin qarşısında, “AzNeft” meydanında, Maştağa-Zabrat dairəsində və s. ərazilərdə polis postları var.
Hətta mayın 4-dən yoxlanış daha çox gücləndirilib, sürücülər bir-bir icazə sənədlərini və yaxud SMS-ləri göstərirlər. Bu da istər-istəməz postlar qurulan ərazilərdə nəqliyyatın sıxlığına səbəb olur.
Paralel olaraq, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar “Şamaxinka” istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər Yasamal rayonu ərazisində qurulan postlarda sıxlığa çıxarır. Ancaq yoxlamaların sərtləşdirilməsinə səbəb də var. Çünki sui-istifadə edənlər, icazəsiz küçəyə çıxanlar az deyil.
Halbuki dəfələrlə deyilib ki, 3 saatlıq icazə var və əsassız yerə çölə çıxmasınlar. Elə mayın 4-də Bakı Şəhər Baş Polis İdarəsi növbəti xəbərdarlığını edib.
Xəbərdarlıqda deyilir ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.
Bu cür halların yolverilməzliyi baxımından, mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib.
Bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsə ciddi səbəb olmadan evdən çıxmamaq tövsiyə edilir.
Bundan əlavə, mayın 4-dən şəhərdəki bütün fərdi dükanlara işləmək icazəsi verilməsi canlanmaya səbəb olub.
Məsələn, ən çox işi olan dönərxanalar, geyim dükanları, bərbərxanalar, gözəllik salonları müştərilərin üzünə açılıb.
Artıq son günlərdə geyim mağazaları özlərinə gəlməyə başlayırlar. Mayın ortalarında vəziyyətin daha da dirçələcəyi gözlənilir.
Restoranların, kafelərin bağlanması isə dönərçilərin işinə ikiqat yarayıb. Mayın sonunadək restoranların, kafelərin işləməyəcəyini nəzərə alsaq, qutab, dönər satan köşklərdə işlər şıdırğı getməlidir.
Həmçinin “Binə”, “Sədərək”, o cümlədən “Mall”ların karantinə görə bağlı qalması kiçik dükanların alverini qızışdırıb. Bütün bu mənzərələr isə koronavirus bəlasının yayılması ilə əlaqədardır. Kütləvi toplaşmaq, sıx təmas yoluxmanın artmasına səbəb olur.
Hazırkı dövrədək ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


