“2 həftə ərzində artımın çox yüksək templə inkişaf etdiyini görəcəyik”
Dünyada və Azərbaycanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Artım tendensiyasına görə bir sıra Avropa ölkələrində karantin rejimi yumşaldılıb, müəssisələrin fəaliyyəti bərpa edilib. Lakin hələ də dünyada yoluxmanın ciddi şəkildə artdığı ölkələr var.
Azərbaycanda da son statistika nəzərə alınaraq, karantin rejiminin uzadılması və sərtləşdirilməsi istiqamətində addımlar atılır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu mətbuat konfransında bildirilib ki, koronavirus xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Habelə həftəsonu sərtləşmələr davam edir.
Qeyd edilib ki, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi müsbət çıxmış 8 191 nəfər aşkarlanıb, hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
Avropanın bir sıra ölkələrində karantin rejimi yumşaldıldığı halda Azərbaycanda niyə sərtləşmə davam etdirilir?
Tibb sahəsi üzrə elm adamları və ekspertlər bildirirlər ki, buna əsas səbəb ölkədə sanitar-epidemioloji vəziyyətin ürəkaçan olmamasıdır. Belə ki, rəsmi məlumatlarda da qeyd edilir ki, sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, ölkədə hələ də karantin rejiminin sərtləşdirilməsi müəyyən səbəblərlə bağlıdır:
“Əvvəlcə qeyd edim ki, bizdə müəyyən taktiki yanlışlıqlar oldu. Əvvəla, insanlar bütün situasiyaları iqnor ediblər. Yəni karantin davranışları adekvat deyil. Karantin qaydaları uzun müddət də sərt qala bilməz. Bunlar nə zamansa yumşaldılmalıdır. Bütün dünyada bu istiqamətdə müəyyən addımlar atılır. Bizdə isə gərək heç bir hazırlıq olmadan bu işlərə gedilsin. Sadəcə olaraq, bəzi yanlışlıqlar oldu. Məsələn, iri ticarət mərkəzlərinin, mağazaların necə fəaliyyət göstərmələri ilə bağlı təlimatlar hazırlanmalı olduğu halda bu cür halları müşahidə etmədik. Biz görürdük ki, satıcılar maskasız, heç bir şeydən xəbəri olmadan işləyirlər. Eyni zamanda son bir neçə gün ərzində insanlar küçələrə axışdı və yaxın təmasları gördük. İndi hətta sərt karantinə keçsək belə, yaxın 2 həftə ərzində artımın çox yüksək templə inkişaf etdiyini görəcəyik. Ancaq bununla yanaşı, hesab edirəm ki, əhali arasında maarifləndirmə işi aparılmalıdır. Çünki bu formada, həftəsonu karantinləri effekt verməyəcək. Adi həftələrdə yenə də camaat yaxın təmas saxlayırlar və rayonlara belə üz tuturlar. Buna görə də ilk növbədə insanların maska taxması, sosial məsafəni gözləməsi, sanitar qaydalara əməl etməsi kimi əsas şərtləri vərdişə çevirməkdən söhbət gedir. Buna biz nail olmalıyıq”.
Yeni müalicə metodunun tətbiqinə gəlincə isə professor aşağıdakıları söylədi:
“Koronaviruslu xəstələr əgər ağırlaşıbsa, bu halda tədbirlər gedir, xəstə lazım olsa xüsusi aparata qoşulur və sairə. Qalan hallarda isə simptomatik müalicə tətbiq edilir. Koronavirusun spesifik müalicəsi hələ ki yoxdur. Spesifik müalicə vaksinasiyadır. Bu isə mövcud deyil. Sadəcə olaraq, xəstə sayı çoxaldıqca bizim onları yerləşdirmək üçün yerimiz olmadığı üçün problemlər yaşanır. Çox adam karantin rejimində evdə qalıb, müalicə almaq məcburiyyətində olacaq. Ona görə də düşünmək, qaydalara əməl etmək lazımdır. Hazırda bir xəstə üçün müalicə xərcləri müxtəlifdir. Ola bilər ki, çox cüzi xərc tələb olunsun, ola da bilər ki, kifayət qədər yüksək olsun. Məsələn, xəstə süni-nəfəs aparatına qoşulursa xəstənin bəlkə 10 min manat civarında xərci olar. Ancaq simptomdan asılı olaraq yalnız yatış, yemək xərcləri də çıxa bilər. Bu baxımdan koronaviruslu xəstələrin müalicəsinə ayrılan xərc də müxtəlifdir”.


