Artıq bir neçə ildir ki, sentyabrın 10-u bir qayda olaraq Ümumdünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə İntiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Rəsmi statistikaya görə, hər il təxminən 1 milyon 100 min insan özünə qəsd edir. 19 milyon insanın isə özünəqəsdi uğursuz alınır. Məhkəmə ekspertlərinin fikrincə, bədbəxt hadisələrdən ölümlər də (dərman aparatlarından dozadan artıq istifadə, yollarda qəza, hündürlükdən düşmə) suisid hesab olunur. Dünya Səhiyyə Təşkilatı bütün ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır:
Özünəqəsdin yüksək və ən yüksək səviyyəsi - əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar;
Özünəqəsdin orta səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar;
Özünəqəsdin aşağı səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar. Ən az özünəqəsd halları Misirdə, Haitidə və Yamaykada demək olar ki, 0-a yaxındır.
Bu kateqoriyada intihara meyl edən uşaq və gənclərin statistikası da mühüm yer tutur. “Yeni Müsavat” xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı intiharın (suisidin) 800 səbəbini göstərib. Bunlardan 41%- məlum deyil, 19% cəzalanmanın qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6%- ehtirasa, 3% pul itkisinə, 1,4% - həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə intiharları qeyd etmək olar. Doğrudur, bu səbəblərin hamısı deyil və insanların yaşına görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir. Məsələn, öz məhəbbətinə cavab almayanda və ya xəyanətlə üzləşəndə 16 və 16 yaşa qədər olan insanlar arasında bu səbəbdən intihar halları daha çoxluq təşkil edir. Lakin 25 yaşdan sonra bu səbəbdən intihar edən çox az insan var. İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, özünü öldürənlərin arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın, uşaq, hətta kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbus və s. vardır.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Təşkilatın hesabatında qeyd edilir ki, bir çox ölkədə intihar edənlərin statistikası aparılmır, araşdırmaçıların fikrincə, bəzi hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı demək olar, bərabərdir.
Statistikaya görə, yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır. Bununla belə, 70-dən yuxarı yaşı olan insanların intihara meyllilikləri daha yüksəkdir.
Daha bir kritik durum ABŞ ordusundadır. Orada da intihar olayları 15 faiz artıb. Pentaqon əsgərlərinin intiharının qeydə alınmağa başladığı 2001-ci ildən bu vaxtadək rekord həddə çatıb. Məsələn, təkcə 2012-ci ildə 349 amerikan əsgəri intihar edib. 2011-ci ildə isə bu rəqəm 301 olub. 2012-ci ildə intihar edən ABŞ əsgərlərinin sayı Əfqanıstandakı döyüşlərdə ölənlərdən 54 nəfər çoxdur. Pentaqon 2012-ci ildə 325 əsgərin intihar edə biləcəyini təxmin etmişdi.

Uşaq ölümlə həyatı ayıra bilmir və...
Uşaqlarla bağlı situasiyaya keçək. Mütəxəssislər bu fikirdədir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir, bu iki anlayışın sərhədlərin müəyyən etmək qabiliyyətində deyil. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən buna sadəcə ətrafındakıların, ona diqqət yetirməyənlərin diqqətini cəlb etmək üçün də yol verirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır. Anası tərəfindən hansısa cəza alan uşaq anasını cəzalandırmaq üçün sonunun nə olacağını tam dərk etməyərək intihara əl ata bilər. Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hislərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyata belə davam etməkdən qorxanlar üçün ölüm ən asan yol kimi görünür.
İntiharın səbəbi həmişə pul deyil...
Dünyanın ayrı-ayrı ölkələrində də ümumi durum bundan fərqli deyil. Amerika İntiharı Xəbərdarlıq Fondu intihar cəhdlərinin daha çox aprel, iyun və iyul aylarında edildiyini açıqlayıb. ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-80-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, bu qaydadan istisnalar mövcuddur.

Misal üçün, Latın Amerikasının və Yaxın Şərqin bir çox “yoxsul” ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli yuxarıdır. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s.-də intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir.
Din və intihar arasında asılılıq da var. Əksər İslam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.
Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.
Yapon qocalar övladı sığorta ödənişi alsın deyə... intihar edir...
ABŞ-da il ərzində intihar edən gənclərin sayı Dünya Ticarət Mərkəzi hücumunda ölənlərin iki mislindən çoxdur. Amerika ordusunda isə gündə 22 əsgərin intihar etməsi məlumatı dəhşətvericidir. ABŞ-da 11 ay ərzində 23 ştatda baş verən 173.969 intiharların böyük hissəsi ordunun payına düşür. Kanadada 15-24 yaş arasındakı gənclər üçün intiharlar üçüncü ölüm səbəbidir. Avropanın Litva və Macarıstan kimi ölkələrində intiharların sayının hər il artması problemin daha da ciddiləşdiyini göstərir. Yunanıstanda isə iqtisadi böhran başladıqdan sonra son iki il ərzində intiharlar 35% artıb.
Yaponiyada zaman keçdikcə yaşlıların gənclər tərəfindən daha çox tərk edilmələri, qocalmış insanların özlərini işə yaramaz hiss etmələrinə, ölümləri ilə gələcək sığorta ödənişinin özlərindən daha çox fayda verəcəyinə inanmalarına səbəb olub.
Yapon rəsmiləri qutu şəklində tək otaqlı mənzillərdə ictimai həyatdan, sədaqət, dostluq kimi anlayışlardan uzaq yaşayan, əsasən texnologiya ilə başını qatan bədbəxt yapon gəncliyinin gün keçdikcə daha çox intihara sürükləndiyini müşahidə edirlər.

Əslində Avropadakı mənzərə də fərqli deyil. Tərk edilən yaşlılar, insan münasibətlərindən zövq almayan, ünsiyyətsiz, eyni zamanda bədbəxt gənc nəsil insanları bir-bir öz canlarına qəsd etməyə yönləndirir.
Ölkələr bu qorxunc mənzərənin qarşısını almaq üçün müxtəlif tədbirlər alırlar. Yaponiya “intihara qarşı bəyaz sənəd” deyilən 9 mərhələli planla 2017-ci ilə qədər intiharları dayandırmağı qarşısına məqsəd qoyub. Bu tədbirlərin arasında telefon yardım xətlərinin qurulması, içində çəkindirici məlumatlar olan lövhələrin intihar məkanlarına qurulması nəzərdə tutulub. Avropa və Amerikada isə problemli insanlar, adətən, özlərini razı salacaq psixiatrlara istiqamətləndirilirlər. Alınan tədbirlərin intihar hallarını azaldacağına ümid edərkən, qarşımıza çıxan həqiqət bu halların daha da artdığını göstərir.
Psixoloq Nailə Mehdiyeva hesab edir ki, gənclər intihar edirsə, bu, onların psixoloji cəhətdən zəif olmasıdır. Belə ki, psixoloji faktorlar daha çox olsa da, bu məqamların da öz səbəbləri var. Ekspertin sözlərinə görə, ailə daxilində hansısa xırda məsələyə və ya öz şəxsi məsələsinə görə insanlar intihar haqqında düşünürlər. Əsas faktlardan biri də budur ki, insanlar çox informasiya ilə yüklənib və biz cəmiyyət olaraq yeni mərhələyə qədəm qoyub. Ailədaxili konfliktlər, boşanmalar və digər məsələlər var ki, insan düşüncəsi bunları qəbul edə bilir. Daha çox gənclərin intiharı isə onların psixoloji cəhətdən zəif olmaları ilə bağlıdır.
İndiki halda gənclər mobil vasitələrə aludə olmaqla ətrafdan, qohum və dostlardan uzaqlaşır, öncəki münasibətlər sıfırlanır. Kütləvi özgələşmə isə son nəticədə pessimizm yaradır. Gələcəyini görə bilməyən insan intiharı çıxış yolu olaraq seçir.
Psixoloq Elmir Rüstəmov isə deyib ki, insanlara psixoloji yardımın göstərilməsi üçün dövlət ciddi addımlar atmalıdır: “Keçən ilin sonunda psixoloji yardım haqqında qanun qəbul olundu, ancaq icraya getməyib”.

İnternet asılılığı intihar səbəbi ola bilərmi?
Dünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub ki, uzun sürən xəstəlikdən bezən insanlar, tənha yaşayanlar, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən insanlar bəlli bir müddətdən sonra intihara cəhd edirlər. Amma onlarla yanaşı, heç bir xəstəliyi olmayan, zərərli vərdişlərdən asılılığı olmayan gənclər, yeniyetmələr arasında da intihar halları yaranır. İntihar hallarının əsas səbəbləri informasiya, sürət əsrində yaşamağımızdır. İnternet asılılığı bu insanlarda tez bir zamanda həyatdan bezmək, doyum nöqtəsinə çatmaq, cəmiyyətdən təcrid olunmaq, özünə qapanmaq və sairə, bu kimi narahatlıqlara gətirib çıxarır. Ekologiya özü də insanın psixikasına təsir edir və dolayısı ilə intihara müəyyən qədər yol aça bilir. Eyni zamanda qidalar belə insanda müəyyən narahatlıqlar yaranmasına səbəb olur ki, bunlar birbaşa olmasa da, dolayı yolla intihara yol açır.
Psixoloji analizlər göstərir ki, ailə bağlarının qırılması zaman keçdikcə fərdin özünə qapanmasına və sonda intihar etməsinə gətirib çıxarır. İntihar edən insanların böyük əksəriyyətinin ortaq əlaməti depressiyadan əziyyət çəkmələridir.
Dünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər depressiyanın səbəb olduğu yükün dünyada qlobal böhran səviyyəsində olacağını açıqlayıb.


